Ümummilli Lider xalqımızın milli qürur və iftixar mənbəyidir
19.12.2023 [10:25]
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri çoxəsrlik tariximizin ən şanlı səhifələrini təşkil edir. “Heydər Əliyev İli”ndə fəxrlə belə bir reallığı bir daha qeyd edirik ki, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Azərbaycanın Günəş kimi dünyaya doğmasını istəyən ulu öndər Heydər Əliyev, eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün təmin olunmasını, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışını arzuladı. Hər zaman bu çağırışı etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik.” Ümummilli Liderin bu arzusunu reallığa çevirən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində böyük qürur hissi ilə “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” söylədi.
Təbii ki, bu uğurlara yol açan möhkəm təməl oldu. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Bugünümüzün uğurlarını düzgün dəyərləndirmək üçün o illərdə ölkəmizin hansı faciələrlə, təhlükələrlə üz-üzə qaldığını yada salmağa bir zərurət duyulur. Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyin sevincini yaşamağa başladı. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Azərbaycan xalqının sabaha ümidi yox idi. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedir, torpaqlarımız biri-birinin ardınca işğal edilirdi. Belə bir çətin vəziyyətdə xalq üzünü xilaskarına-ümummilli lider Heydər Əliyevə tutdu.
Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir. Tarixdə şəxsiyyətlərin rolundan hər zaman bəhs edilir. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, onun milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə bilməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bütün mənalı ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr edən şəxsiyyətin gördüyü işlər zamana sığmır. Onun hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyənləşdirdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının birliyi və həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Bu reallıq daim önə çəkilir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində Ulu Öndərin respublikamızda birinci dəfə hakimiyyəti dövründən başlanmışdır. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. O, Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından ən qabaqcıl ölkəsinə çevirdi. Onun rəhbərliyi ilə o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də həmin potensial müasir müstəqil Azərbaycana xidmət edir.
Həmin illərdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqil gələcəyini düşünərək böyük uzaqgörənliklə atdığı addımlardan biri gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyulması oldu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirildi. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev üçün böyük əhəmiyyətli məsələ idi. Məhz Onun gərgin səyləri nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Orduda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Xalqımızın milli varlığının təsdiqi olan Azərbaycan dilinin qorunması və inkişafına diqqət Heydər Əliyevin hakimiyyətinin birinci dövründə xüsusi olaraq gündəmdə saxlanılmışdır. Azərbaycan dilinə həqiqi dövlət dili status qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili status təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında qəhrəmanlığa bərabər olan belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi və sair kimi addımlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Liderin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Onun ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığını təsəvvür etmək belə çətin olardı. Əvvəldə də qeyd etdiyimiz kimi, xalq ən çətin məqamda üzünü Xilaskarına - Ümummilli Liderə tutdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunması həmin günün dövlətimiz, xalqımız üçün önəmini qabarıq şəkildə büruzə verir. Heç də təsadüfi deyildir ki, insanlarımız öz həyatlarının bugünkü yüksək səviyyəsini, Azərbaycanın dünyaya səs salan davamlı uğurlarını, ölkənin gələcək inkişaf perspektivlərini Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsaslandırırlar. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin Xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev bir neçə gündən sonra, yəni iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də isə xalq yekdilliklə öz tarixi seçimini etdi və ulu öndər Heydər Əliyevi gənc müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Əminliklə deyə bilərik ki, xalqımızın həmin tarixi seçimi ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ümummilli Lider Heydər Əliyev ilk gündən sabitliyin yaradılmasını bütün inkişafın əsası kimi qeyd edərək bu istiqamətdə mühüm addımlar atdı. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır, etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dahi şəxsiyyət hər zaman xalqın sosial rifah halının yaxşılaşdırılmasını prioritet məsələ kimi öndə saxladı. Onun Fərmanı əsasında Dövlət Neft Fondunun yaradılması da bu məqsədə xidmət edirdi. Ümummilli Lider belə bir çağırışı səsləndirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Neft Fondunda toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi, şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin icrası ilə müşaiyət olunur ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir.
Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən mühüm amillərdən biri də iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasıdır. Ümummilli Lider belə bir çağırışı da diqqətə çatdırdı ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Lider demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına - insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına, demokratik, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yönəltdi. Ölkəmizdə demokratik təsisatların formalaşıb inkişaf etməsi üçün normal şərait yaradıldı. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbulu oldu.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq aləmdə tanıdılması idi. O, Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində mühüm addımlar ataraq erməni yalanlarının ifşa olunmasına, Azərbaycan həqiqətlərinin olduğu kimi qəbuluna səy göstərdi. Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasəti həqiqətlərimizin olduğu kimi qəbuluna bir maneə idi, amma xalqımız hər zaman haqqın, ədalətin qalib gələcəyinə əmin idi. Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqlənməsi üçün ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet məsələ kimi öndə dayandı. Azərbaycan həqiqətlərinin təbliğində diaspor quruculuğunun rolu xüsusi önə çəkildi. Ümummilli lider Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birlik tələb olunur. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider hələ fəaliyyətinin Naxçıvan mərhələsində kimliyimizin təqdimatına xidmət edən addımları ilə diqqətdə olmuşdu. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Dünya Azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən mühüm addımlardan biri də Ulu Öndərin Sərəncamı ilə 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilməsi oldu. Ulu Öndərin hakimiyyətinin ikinci dövründə gördüyü işlərin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Onun mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün cəmiyyətin avanqard siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla dünənin, bu günün və sabahın partiyasını yaratdı. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. 21 noyabr 1992-ci il ölkəmizin taleyində dönüş nöqtəsi kimi dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının VII Qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox... O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Həmin qurultayda keçilən yolun təhlili, YAP-ın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarın Azərbaycanın gələcəyinə xidmət etməsi fonunda bu əminlik də xüsusi qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci ildə “Yeni Azərbaycan uğrunda!” devizi ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası bu gün müasir dövrün tələblərini özündə əks etdirən yeni proqramını “Biz bilikdə güclüyük!” devizi altında icra edir. Azərbaycanın hər bir uğurunda öz payı olan YAP daim yeni hədəflərə doğru inamla addımlayır. Bugünümüzün əsas hədəfi “Böyük Qayıdış” proqramının uğurlu icrası və soydaşlarımızın dogma yurd-yuvalarına tam şəkildə qayıdışıdır.
Ulu öndər Heydər Əliyevin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi yer tutur. Bu müraciət Azərbaycanın şanlı Zəfərə gedən yolunun başlanğıcı oldu. Ümummilli Lider həmin müraciətdə bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Son 20 ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləyən cənab İlham Əliyev 2020-ci ildə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifəsini yazdı. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini qürurla bildirdi. Tarixi Zəfərimizdən sonrakı dövr mühüm uğurlarla diqqətdədir. Belə ki, 2023-cü ilin 19 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə- 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Xankəndidən xalqa müraciətində son 20 ildə bütün vədlərini, qarşıya qoyduğu vəzifələri uğurla icra etdiyini böyük qürur hissi ilə qeyd etdi. 8 noyabr-Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi paradda Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bu mesajı ünvanladı: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”
Artıq üç ildir azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfərləri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdış proqramının uğurla başa çatmasına doğru atılan addımdır. Müzəffər Ali Baş Komandan bu torpaqlardan belə bir çağırışı daim Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırır: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.”
Tarixi ədalətə söykənən növbəti hədəfəmiz Qərbi Azərbaycana qayıdışımızdır. Dövlət başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipi hər bir hədəfə zamanında nail olmağımızda öz əksini tapır. Xalqımız tam əmindir ki, Qərbi Azərbaycana qayıdışımız reallığa çevriləcək.
Heydər Əliyev yolu hər zaman Azərbaycana möhtəşəm uğurlar qazandırır.
Malik Həsənov,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

