Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mina terrorunun dəhşətləri...

Mina terrorunun dəhşətləri...

07.11.2023 [10:25]

Qurbanların sayı 337-yə çatdı

Günel ABBAS

Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Bu faciələrin hər biri Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı “X” hesabında paylaşım edib. Paylaşımda bildirilib ki, ötən gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Bununla da mina qurbanlarının sayı 337-yə çatıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistan yenə də öz çirkin əməllərindən əl çəkmir: “Uzun illər Azərbaycan ərazilərində mina basdırmaqla məşğul olan Ermənistan hakimiyyəti birbaşa bu hadisəyə cavabdehdir: “Müharibədən sonra Azərbaycan ərazisində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayda minalar tapılıb. Bu minalar nəticəsində hərbçilərlə yanaşı, sivil insanların və öz peşə vəzifəsini yerinə yetirməyə çalışan jurnalistlərin də həyatını itirməsi bütün dünyaya məlumdur. Ümumilikdə minalama siyasəti erməni terrorizminin əsas istiqamətlərindən biridir. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb”.

V.İskəndərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi mane yaradır: “Azərbaycan hökuməti mina təmizləmə işlərinə böyük diqqətlə yanaşır. Ermənistan hakimiyyətinin isə Azərbaycan xalqına qarşı mina terroru yenə davam edir. Biz bir tərəfdən minaları təmizləyirik, onlar digər tərəfdən əlləri çatan yerlərə mina basdırmaqla məşğuldurlar. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışır. İstər yerli, istərsə də beynəlxalq mütəxəssislər Ermənistanın mina terrorunu qəti şəkildə pisləyirlər. Lakin beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar da Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq millət vəkili Çingiz Qənizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə, guya, bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır: “Ermənistanın daha öncə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi mina sahələri üzrə məlumatların dəqiqliyi, ən yaxşı halda, 25 faizdir. Təqdim olunan formulyarlar hərtərəfli təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiq olmasını söyləyə bilərik. ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri isə göstərir ki, verilmiş xəritələr yenə də minalanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir”.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur:  “Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əminamanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31