Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir qəsdin tərkib hissəsi...

Bir qəsdin tərkib hissəsi...

22.02.2023 [10:29]

Paşinyanın bəyanatına cavab

 Nardar BAYRAMLI

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın  Qarabağ bölgəsində erməni separatizminin başlanmasının 35-ci ildönümü ilə bağlı bəyanat verib. Bəyanatda separatizmə “haqq” qazandırılır və Qarabağ separatçılarına dəstək ifadə olunur. Qərbi Azərbaycan İcması isə Paşinyanın bu bəyanatını pisləyib. İcmanın Paşinyanın bəyanatı ilə bağlı münasibətində bildirilir ki, 1988-ci ildə Xankəndi şəhərində başlayan həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi. Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmişdi və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla monoetnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovub və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal edib. Həmçinin oradan da bütün azərbaycanlıları qovub. Qərbi Azərbaycan İcması hesab edir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra iki ölkə arasında sülh üçün imkan yaranıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibətilə bəyanat verməsi təəssüf doğurur. “Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır” ,- deyə vurğulanıb.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycan dövləti hər zaman separatizmə qarşıdır və bu mövqeyini daim ifadə edib. Ölkəmiz erməni separatizmi ilə uzun illər mübarizə aparır və beynəlxalq müstəvidə də separatizmə qarşı daha güclü mübarizənin aparılmasının vacibliyini vurğulayır. Beynəlxalq hüququn separatizmi bütün hallarda rədd etdiyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan da həmişə bu prinsiplə çıxış edir. Ermənistanın separatçıları dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub. Ermənistanın baş naziri Paşinyanın  “hərəkat” kimi qiymətləndirdiyi separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı reallıqlar bölgənin gələcəyi üçün yeni imkanlar yaradıb: “Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistanın baş nazirinin xalqlar arasında nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur. Bu gün Cənubi Qafqaz regionunun mənzərəsi fərqlidir. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan hakimiyyəti də sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Amma Qarabağda separatçılığın baş qaldırmasına haqq qazandırmaq erməni tərəfinin sülh məsələləri ilə bağlı bəyanatlarına tamamilə ziddir. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti sözdə bir, əməldə isə başqa mövqe nümayiş etdirir. Ermənistan və Qarabağ separatçıları anlamalıdırlar ki, onlar bundan sonra Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir addım ata bilməzlər”.

İcma üzvü deyib ki, erməni tərəfi beynəlxalq hüquqa zidd yanaşma sərgiləməkdənsə, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı üçün konstruktiv mövqe nümayiş etdirməlidir.  Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində danışıqlara başlamağa çağırır.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31