Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Üzrü günahından betər

Üzrü günahından betər

29.11.2022 [10:35]

İranın keçmiş təhsil naziri: Günahkar bizik, gənclərə düzgün tərbiyə verməmişik

Murad KÖHNƏQALA

İranda iki ay əvvəl Məhsa Əmini adlı tələbə qızın “hicabı uyğun şəkildə geyinmədiyi” üçün polis tərəfindən öldürülməsindən bəri etirazlar hələ də səngimək bilmir. İran rejimi kütləvi etirazları yatırmağa nə qədər cəhd etsə də, əksinə, xalq üsyanı getdikcə alovlanır. Molla rejimi buna görə indiki mərhələdə xalqın qəzəbinin daha da şiddətlənməsindən ehtiyatlanır, etiraz edənlərin üstünə açıq getməkdən qorxur və ifrat tədbirlərdən çəkinir. Görünən odur ki, İrandakı kütləvi etiraz dalğası rejimin nəzarətindən çıxaraq üsyançıların öz ümidinə qalıb.

Bu günlərdə İranın “Tasnim Nyus” qəzeti 2018-ci ilə qədər Həsən Ruhaninin ikinci hökumətində təhsil naziri vəzifəsində çalışmış Məhəmməd Bəthai ilə müsahibə dərc edib. Sabiq nazir İranın hakimiyyət orqanları ilə vətəndaşlar arasındakı münasibətlərdə mövcud olan əsas problemlərdən, çətinliklərdən danışıb. O, ayətullah rejiminin özünütənqid cəhdlərinə müəyyən dərəcədə hazır olduğundan və mollakratiyanın ölkə gəncləri qarşısında etimadını itirməsi qorxusundan da danışıb. Məhsa Əmininin öldürülməsindən sonra İran gəncləri bütün dünya ictimaiyyətinin gözü qarşısında ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq etiraz aksiyalarını məktəb həyətlərinə və universitet şəhərciklərinə qədər daşıdılar. Son iki ayın aksiyaları onu göstərdi ki, zahirən hər şeyə qadir, fövqəlgücə malik kimi görünən İran rejimi baş verənlərə heç də nəzarət etmək iqtidarında deyilmiş. Etirazçıların əsas hissəsini təşkil edən qadınlar dəhşətli repressiya qorxusuna qalib gələrək mollakratiyanın sərt rejiminə qarşı çıxır, başlarındakı hicabı nümayişkaranə şəkildə yerə ataraq başıaçıq yürüyürlər.

Sözü gedən müsahibədə Məhəmməd Bəthai qəzəbli vətəndaşların sakitləşdirilməsi, üsyanın yatırılması yolları barədə səsləndirilən suala cavab verməkdə çətinlik çəkdiyini bildirib. O, indiki yeniyetmələrin “özünəməxsus mənəvi ehtiyaclarına və həyat tərzinə görə əvvəlki nəsillərdən fərqləndiyini” də etiraf edib. Bəthainin sözlərinə görə, ölkədə 1979-cu ildəki rejim dəyişikliyi zamanı gənc olanlar İslam inqilabında iştirak ediblər. 1980-ci illərdə doğulan və hazırda 40 yaşını keçmiş iranlılar isə ayətullah rejimi altında böyüyüblər. Adı çəkilən sonuncu nəslin nümayəndələri 2009-cu ildə ölkədə nələrisə dəyişməyə qalxsalar da, onların bu üsyanı çox sərt üsullarla yatırıldı. Çünki o zaman ABŞ Tehranla nüvə sazişi bağlamağa çalışırdı və Avropa ölkələrini də buna sövq edirdi. Amerikalılar, eyni zamanda Rusiyanın da vasitəçiliyindən istifadə edərək İran rəhbərliyi ilə əlavə təmas kanalı yaratmağa çalışırdılar. Həmin planın, yəni İranla nüvə sazişinin uğursuzluğa düçar olmasından qorxan Qərb 2009-cu ildə İrandakı xalq etirazlarına dəstək vermədi. Ona görə baş qaldıran etiraz dalğası da tezcə yatırıldı. İran rejimi on il sonra, 2019-cu ildə yenidən üsyana qalxmış etirazçılara qarşı sərt repressiyalar tətbiq etdi. Bu etirazlara görə də mindən artıq İran vətəndaşı rejim tərəfindən qətlə yetirilərək, ya da edam edilərək öldürüldü. Təbii ki, bu cür dəhşətli hadisələri öz yaşamından keçirən 40 yaşlı iranlının həyatı yalnız qorxu və ümidsizliklərlə doldu. Bəthainin fikrincə, bütün bunlara görə indiki etirazlarda 40 yaşı keçmiş ümidsizlərin yox, dünyadakı qlobal proseslərdən xəbərdar olan gənclərin çoxluq təşkil etməsi heç də təsadüfi deyil.

“Bu gənclər bizim öz övladlarımızdır, biz onlarla qanlı münaqişəyə girməməliyik” deyən keçmiş nazir bildirib: “Onlar gənclik emosiyası altında küçələrə axışıblar və çox mətləblərdən xəbərsizdirlər, müəyyən şeyləri bilmirlər. Bizim üçün bu hadisələrin dəqiq rejissorlarının kimliyini müəyyən etmək və onların ideyasını, planlarını öyrənmək çox önəmlidir”.

İranın molla rejimi həmişə etirazların mənbəyini özündən yayındırmaq üçün xalq üsyanlarını kənar güclərin müdaxiləsi kimi qələmə verib, onların arxasında ya “xarici güclərin”, ya “sionistlərin”, ya da “separatçı qrupların” dayandığını elan edib. Sentyabr ayında onlar İraqın şimalında fəaliyyət göstərən kürd silahlılarına ölkəyə müdaxiləsindən şübhələndikləri üçün raket və pilotsuz təyyarələrdən zərbələr endirmişdilər. Rejim ona etiraz edən bəluclara qarşı da güc tətbiq etməkdən çəkinmədi, həmin aksiyaların yatırılması zamanı çoxlu sayda ölən və yaralananların olduğu deyilir. 

Keçmiş nazir Bəthainin dediyinə görə, İran hakimiyyəti yeni nəsil etirazçılarla davranmağın yollarını arayır, onları necə sakitləşdirməyin üsullarını gizlin yığıncaqlarda müzakirə edir. Müsahibin fikrincə, bəzi psixoloqlar yeniyetmələrin nümayişlərdə və iğtişaşlarda qızğın iştirakını həmin gənclərin həyatının yetkinlik dövrünə çatmasında, şəxsiyyətin sosial-mədəni sferada təzə-təzə formalaşmasında təbii mərhələnin təzahürü kimi qiymətləndirirlər. Lakin keçmiş nazir bir vaxtlar rəhbərlik etdiyi təhsil sisteminin həmin uşaqları normal istiqamətlərdə tərbiyələndirib böyüdə bilməməkdə özünün də günah payı olduğunu boynuna alaraq etiraf edir: “Biz hazırda vaxtilə tədris etdiyimiz qüsurlu təlim-tərbiyənin uğursuzluqlarının bəhrəsini dadırıq. Təhsil sistemindəki həmin boşluqlar indi gördüyümüz başıpozuq hadisələrə gətirib çıxarıb”.

Açığı, keçmiş təhsil naziri müsahibəsində “uşaqların, gənclərin düzgün aparılmayan təlim-tərbiyəsində bizim də suçumuz var” kimi etiraflarını oxuyanda adama elə gəlir, ağayi Bəthai İranda sürdürülən yanlış ideologiyaya bir-iki taziyanə vuracaq. Heyhat, bu, baş vermir və sabiq nazir söhbətində, əksinə, gənc xanımlar üçün hicabın vacibliyindən danışır: “İranlı yeniyetmələr koronavirus epidemiyası dönəmində qapanmadan başqa cür istifadə ediblər. Karantin şəraitində məktəblər bağlanan zaman gənclərimiz, yeniyetmələrimiz internetdə daha çox vaxt keçirirdilər. Bu da onların hakim rejimin total nəzarətindən çıxmaq istəyini gücləndirdi”.

Bəthai müsahibəsində aldadıcı manevrlər edərək özünü demokrat kimi qələmə verməyə çalışsa da, İrandakı mövcud rejimin bir “qaykasını” belə dəyişmək istəmir. O, yeniyetmələrin etirazının “düzgün istiqamətə” yönləndirilməsinin vacib olduğunu deyir. Keçmiş nazir aldadıcı manevrlər edərək: “Əlbəttə, gənclərin səsi hər yerdə eşidilməlidir və İran siyasətinin formalaşmasına onlar da təsir göstərə bilməlidirlər”, - söyləyir. Bəthai bu sözləri ilə özünü üzdə azadlıqsevər İran gənclərinin tərəfini saxlayan şəxs kimi göstərsə də, sonrakı məqamlarda onların azadlığını boğmağa çalışan fikirlər səsləndirməkdən dilini saxlaya bilmir:

“Hökumət mövcud hadisələrin səbəblərini tapıb problemləri kökündən həll etməlidir. Təhsil sistemimizin zəif tərəflərini aşkar edərək mövcud çatışmazlıqları aradan qaldırmaq lazımdır. Bu problemlərə bu gün də etinasız yanaşsaq, oxşar hadisələrin gələcəkdə yenidən təkrarlanmasının şahidi olacağıq. Bizim həyat tərzimiz şəriət dəyərləri ilə tənzimlənir. Bu, bütün mənəviyyatımıza, mənəvi dəyərlərimizə, eləcə də hicaba aiddir. Bu cür həyat tərzinin nə qədər gözəl olduğunu anlamayan yeniyetmə və ya gənc hicaba ehtiyacının olmadığını, hicabı inkar etdiyini söyləyə bilər. Lakin biz bir dövlət, hakimiyyət olaraq onlara bu mühakimələrinin kökündən yanlış olduğunu izah etməliyik. Bunu, həm də bütün məktəblər və cəmiyyətimiz etməlidir. Biz heç bir halda yeni nəslimizin imandan dönməsinə imkan verməməliyik. Din insanın mənəvi, təbii ehtiyacıdır. Bütün insanlar dini təlimlərə müsbət münasibət bəsləyirlər. Yeniyetmələrin hicablarını cırması onların dindar olmadığı anlamına gəlmir. Bu, dinə zidd hərəkət kimi qiymətləndirilə bilməz. Biz, sadəcə, onları aydınlandırmalı və başa salmalıyıq”.

Müsahibənin sonunda Bəthai bildirib ki, gəncləri inandırmağın ən yaxşı yolu döymək və ya öldürmək deyil, dindar həyat tərzinin gətirdiyi uğur və firavanlığı onlara nümayiş etdirməkdir.

İranın keçmiş nazirinin bu fikirlərini oxuduqdan sonra adamda belə bir ritorik sual yaranır: doğrudanmı ayətullahın 40 illik hakimiyyəti İrana uğur, firavanlıq gətirib?

Bu arada İrandakı etirazlar davam etməkdədir. Rejim  küçələrə axışan etirazçı gənclərin nəzarətdən çıxmasından ciddi təşvişə düşüb.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31