Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır

15.11.2022 [10:18]

Sivilizasiyaların tarixinin təhlili göstərir ki, zaman keçdikcə iqtisadi sistemin və buna uyğun olaraq kütləvi təfəkkürün oriyentirinin dəyişməsi dövlət idarəçiliyi formalarının təkmilləşdirilməsini şərtləndirir.

Sosial toplumun və fərdlərin siyasi hakimiyyətin həyata keçirilməsində, şəxsi və qrup mənafelərinin qorunmasında iştirak formaları daha da təkmilləşmiş, cəmiyyətin siyasi elita konsepsiyası, onun prinsipial müddəaları formalaşmışdır. Postindustrial cəmiyyətin təşəkkülü, intellektual təfəkkürün keyfiyyətcə yeni mərhələyə yüksəlişi bəşəriyyətə hər bir insanın qanun qarşısında bərabər, qanunun aliliyi prinsipinin isə ictimai inkişafın və dövlətin tərəqqisinin mühüm dominantı olduğu dövlət quruluşu modeli yaratmağa imkan vermişdir.

Bu günün prizmasından baxsaq, soyuq müharibə dövründə mənafelərin toqquşması epopeyası, bəlkə də, dramatik bir epizod kimi görünür. Əslində isə soyuq müharibə iki fövqəldövlətin dünya ağalığı uğrunda qorxunc və təhlükəli savaş hazırlığının məntiqi sonluğu, real mənzərəsi idi. Geostrateji maraqların toqquşduğu məkanda SSRİ Qərb üçün, demokratiya və azadlıq üçün şər imperiyası, qorxunc təhlükə mənbəyi kimi təqdim olunurdu.

Sovet imperiyasının süqutu transatlantik məkan qarşısında yeni vəzifələr qoyduğu kimi, postsovet məkanında da geosiyasi reallıqları dəyişdirdi, yeni yaranmış gənc, müstəqil dövlətləri gələcək inkişaf yolunu seçməyə, qlobal prioritetləri müəyyənləşdirməyə sövq etdi.

Regionda baş verən münaqişələr, gərginliyin artması, torpaqlarımızın işğalı, separatizm meyillərinin güclənməsi, aparıcı dövlətlərin mənafelərinin çulğalaşması Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mürəkkəb və təhlükəli vəziyyət yaratmışdı. Bu baxımdan sovet avtarkiya dövlətinin çökməsindən sonra yaranan tarixi şəraiti təhlil edən politoloq P. de Senarklenin fikri maraq doğurur: “Şərq və Qərb arasında barışığın perspektivi utopiyanı gerçəkliyə çevirmədi. Beynəlxalq səhnə hələ də belə bir metoddan ibarətdir ki, burada siyasi həyatın mahiyyətini təşkil edən bütün böhranlar, münaqişələr, hökmranlıq və zorakılıq münasibətləri ən kəskin şəkildə təzahür edir”.

İstiqlaliyyət yeni tarixi mərhələ açdı, müttəfiq respublikalar siyasi, iqtisadi və sosial struktura malik müstəqil dövlət qurmaq, daxili və xarici siyasət xəttini müəyyənləşdirmək imkanı qazandılar. Təəssüf ki, 1991 - 1992-ci illərdə Azərbaycanın xarici siyasət xətti qeyri-sabit oldu, müxtəlif səhvlərə yol verildi, geosiyasi tərəfdaş axtarışı uğursuz oldu, dövlətin xarici siyasət fəaliyyətinin əsas istiqamətləri düzgün müəyyənləşdirilmədi. Separatizm meyillərinin qarşısının alınmaması, torpaqlarımızın bir qisminin işğalı, siyasi, sosial, iqtisadi və hərbi böhranın dərinləşməsi, xaos və anarxiya mühiti dövlətçilik maraqlarına ağır zərbə vurdu, ölkənin demokratik, hüquqi, dünyəvi dövlətə transformasiyası, bazar iqtisadi münasibətlərinə keçidi real təhlükə ilə üzləşdi.

Azərbaycan xalqı, görkəmli ziyalılarımız ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, böhranın cəngindən xilası, iqtisadiyyatın inkişafı, istehsalın qaydaya salınması, ictimai rifahın təmini, inflyasiyanın cilovlanması, beynəlxalq münasibətlər sistemində milli maraqlarımızın qorunması üçün tarixin gedişatını, hadisələrin axarını dəyişməyə qadir olan lider, milli həmrəyliyi təmin edəcək siyasi təşkilat axtarışında idi.

Düşmən dairələrin və bədxahlarımızın Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək cəhdlərinin qarşısını yalnız zəngin dövlətçilik təcrübəsinə malik olan və özünün bütün fəaliyyəti dövründə xalqın mənafeyini, dövlətçilik maraqlarını hər zaman uca tutan görkəmli siyasi xadim Heydər Əliyev ala bilərdi. Xalqımız üçün yeganə xilaskar, alternativsiz lider Heydər Əliyev idi. Xalq çevik təşkilatçı, zamanın nəbzini tutan müdrik rəhbər Heydər Əliyevə inanır və güvənirdi. Xalq ona - ləyaqətlə, sədaqətlə, vicdanla xidmətin parlaq nümunəsini yaratmış bu böyük dövlət xadiminə sonsuz ümidlə baxırdı. Xalq əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlamağa çalışır, xaos mühitindən sabitlik dövrünə, tənəzzül girdabından tərəqqi mərhələsinə keçmək üçün yollar axtarırdı. Böyük Öndər xalqın tükənməz məhəbbətini, etibarını və inamını ona fədakarlıqla xidmət etməklə qazanmışdı. Heydər Əliyev sovet dövlətinin rəhbərliyindən istefa verdikdən sonra da öz millətinin haqq səsini ucaltmaqdan çəkinməmişdi. 1990-cı ildə Qanlı Yanvar günlərində Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən Ulu Öndər sovet imperiyasının rəhbərliyini Kremlin bir addımlığında kəskin ittiham etmişdi. Xalq bu böyük şəxsiyyətin xidmətlərini bilir, yüksək dəyərləndirir və ona ehtiram bəsləyirdi. Sonrakı hadisələr göstərdi ki, xalq tarixi inkişafın gedişinə önəmli təsir gücünə malik olan fenomen siyasi liderə - Heydər Əliyevə inamında yanılmamışdır. Heydər Əliyevin özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edəcəyinə xalqın inamı diqqətəlayiq müdriklik nümunəsi idi.

Müstəqilliyin ilk illərində 1993-cü ilin ikinci yarısına qədər Azərbaycana rəhbərlik edən şəxslər dövlətçiliyin formalaşması və möhkəmləndirilməsi istiqamətində önəmli bir addım ata bilmədilər. Sistemli, konseptual strategiya həyata keçirilməməsi nəticəsində Azərbaycan çox ciddi problemlərlə üzləşdi, iqtisadi, siyasi, sosial sahələr iflic vəziyyətinə düşdü, ölkədaxili xaos və destabilliklə müşayiət olunan dağıdıcı tendensiyalar təhlükəli məcraya yönəldi. Vətəndaş qarşıdurmasına rəvac verən konfrontasiya şiddətləndi, bəzi dairələrin etnik-bölücülük fəaliyyəti real təhlükə mənbəyinə çevrildi.

Dövrün reallıqlarını təhlil edən vətənpərvər ziyalılarımız dominant idarəetmə rejimi olan totalitarizmin qalıqlarından imtina etmək, ideoloji-siyasi transformasiyanı milli münasibətlər və dəyərlər sisteminə yönləndirmək, ictimai-siyasi münasibətləri yeni şəraitə və çağırışlara uyğun formada tənzimləmək üçün sosial strukturlar və siyasi təsisatlar yaratmaq barədə düşünürdülər. Bu məqsədlə ziyalılar 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində dərc edilən “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli müraciətlə böyük siyasi xadim Heydər Əliyevə üz tutdular. Ölkədə ­yaranmış vəziyyət müraciətdə obyektivliklə şərh olunurdu: “ Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasıdır ki, prezidentdən tutmuş respublikanın vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir”.

Təbii ki, yaranmış vəziyyətdən çıxmaq üçün ciddi addımlar atılması tələb olunurdu. Universal ideoloji formula - milli ideologiya formalaşdırılmalı, ondan siyasi-ideoloji və etnosiyasi birliyi təmin edəcək resurs qismində istifadə olunmalı, milli dövlət quruculuğu prosesi mühüm vəzifə kimi ön plana keçməli idi.

Müraciətə imza atmış 91 nəfər ziyalı fundamental səciyyə daşıyan milli dövlət və yeni cəmiyyət quruculuğu prosesində ölkəyə və yaratmaq istədikləri siyasi partiyaya böyük siyasi lider Heydər Əliyevin rəhbərlik etməsini Vətənin xilasının mühüm şərti kimi dəyərləndirirdilər.

Ziyalıların müraciətində deyilirdi: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalıların müraciətinə 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

“Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda ulu öndər bəyan etdi ki, bu mürəkkəb və çətin şəraitdə əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Heydər Əliyev yazırdı: “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.

Gənc Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələri təhlil edərək, onları altı istiqamətdə ümumiləşdirən böyük öndər cavab məktubunda  yazırdı: “Zənnimizcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis olundu və ulu öndər Heydər Əliyev bu partiyanın sədri seçildi. Ümummilli liderin qeyri-adi, fenomenal zəkası, dövlətçilik təfəkkürü, heyrətamiz təşkilatçılıq qabiliyyəti, xalqın ona olan böyük inamı və etimadı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasına tarixi məsuliyyəti öz üzərinə götürməyə imkan verdi. Ağır və çətin şəraitdə böyük təqiblərə sinə gərərək yaranan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində uğurla təşkilatlandı, ölkənin bütün bölgələrində yerli təşkilatlarını yaratdı. Beləliklə, Yeni Azərbaycan Partiyası ölkənin və regionun siyasi palitrasında təmsil olunan bir çox subyektlərə partiyalaşma strategiyasına rasional yanaşma nümunəsi vermiş oldu.

Heydər Əliyevin idarəetmə fəlsəfəsinin milli özünüdərkin güclənməsinə imkan verən ideya istiqaməti partiyanın yeni mərhələdə fəaliyyətinin etibarlı təməlinə, gələcək uğurların mühüm amilinə çevrildi.

Azərbaycan xalqını vahid sarsılmaz siyasi qüvvə kimi birləşdirməyi bir vəzifə kimi qarşıya qoyan, millətin passionar enerjisini cəmləməyə və dövlətçilik naminə bir məcraya yönəltməyə qadir olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş və uğurlar mərhələsinin başlanğıcı qoyuldu. Partiya dövlətçilik, demokratiya, suverenlik, milli yüksəliş, liberal iqtisadiyyat kimi bəşəri dəyərləri ehtiva edən milli ideologiyanın formalaşmasına önəmli töhfələr verdi. Özünün əməli fəaliyyətinin mahiyyətini, konseptual məqsədlərini dövlətin və cəmiyyətin maraqları ilə hər zaman uzlaşdıran Yeni Azərbaycan Partiyasının təsir gücü sürətlə artmağa başladı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində partiyanın sədri, ümummilli lider Heydər Əliyevin 98,8 faiz səslə qalib gəlməsi ?lu ?ndərin müasir Azərbaycan tarixində müstəsna xidmətləri ilə yanaşı, həm də onun rəhbərlik etdiyi partiyanın üzvlərinin böyük intellektual potensialının, cəmiyyətdəki nüfuzunun parlaq göstəricisi idi.

Bu gün qətiyyətlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının bütün fəaliyyəti, onun mənəvi-əxlaqi determinantları demokratiyaya, şəxsiyyətin hüquq və azadlıqlarının təmininə, fikir plüralizminə, birləşdirici dəyərlərə, siyasi realizmə, varlığın fundamental kriteriyalarına dayaqlanır, milli siyasi məkanın xarakterinə, mahiyyətinə həlledici təsir göstərir. Belə bir mövqe Yeni Azərbaycan Partiyasına zamanın çağırışlarını dərk edən, siyasi gündəmə dəyişikliklər etməyə qadir olan intellektual elektoratı, istedadlı gəncləri öz sıralarına cəlb etməyə imkan verir. Bununla da siyasi elitanın azadlıq, universalizm və sivil mübarizə düşüncəsində keyfiyyətcə yeni mərhələ başlayır.

Yeni Azərbaycan Partiyası həqiqətən böyük intellektual potensiala, mütəşəkkil təşkilati gücə malik siyasi qüvvədir. Bu partiya güclü lider, güclü ideya - Azərbaycançılıq ideyası ətrafında birləşərək keçirilən seçkilərə praqmatik rasional proqramla getmiş, gələcək strategiyasını açıqlamışdır. Seçici elektoratına təqdim olunmuş platformada ölkə həyatının bütün sahələri ilə bağlı elmi cəhətdən əsaslandırılmış konseptual proqram və təkliflər irəli sürmüşdür.

Qeyd etmək lazımdır ki, ictimai-siyasi təşkilatlanmanın alternativ ideoloji aspekti kimi konservatizm, liberalizm, neokonservatizm cərəyanlarının ideya əsaslarını araşdıran Yeni Azərbaycan Partiyası ictimai-siyasi inkişaf modeli müəyyənləşdirilərkən ölkənin xüsusiyyətlərinin, mövcud reallığın nəzərə alınmasını zəruri hesab etmişdir. Ulu Öndər partiyanın fəaliyyətini yüksək dəyərləndirir və onun gələcəyinə böyük inam bəsləyirdi. Partiyanın yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyən Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasının böyük gələcəyi vardır. Çünki ötən altı il müddətində Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, siyasi fəaliyyət göstərməyə Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır, Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz üzərinə götürüb daşıya bilən bir partiyadır. Ona görə Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaqdır”.

2001-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının II qurultayında ölkəmizin və partiyanın keçdiyi yolu təhlil edən Ümummilli Lider böyük iftixar hissi ilə qeyd etdi ki, biz hakimiyyətə gələndən sonra insanlar üçün azadlıq, sərbəstlik, o cümlədən söz və mətbuat azadlığı təmin olunmuşdur: “Azərbaycanda həqiqi demokratiya yaranıbdır, onu yaradan da Azərbaycan iqtidarıdır, onun Prezidentidir, Yeni Azərbaycan Partiyasıdır.

Demokratiyanın prinsipləri nədən ibarətdir? Siyasi plüralizm, söz azadlığı, vicdan azadlığı, sərbəst iqtisadiyyat, hər bir insanın azad olması, demokratik seçkilərin keçirilməsi, demokratiya prinsipləri əsasında dövlət tasisatlarının yaranması və müxtəlif islahatların keçirilməsi. Demokratiya mücərrəd anlayış deyildir, bunlardan ibarətdir. Biz bunları etmişik və edirik. Əgər biz bunları etməsəydik, Azərbaycan ötən dövrdə ağır vəziyyətdən çıxıb indi bu səviyyəyə qalxa bilərdimi? Ona görə həqiqi demokratiya iqtidarın yaratdığı demokratiyadır. Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”.

1999-cu ildə YAP-ın I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini seçilən İlham Əliyev 2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ötən dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və sosial inkişafının sürətləndirilməsinə yönəlmiş sistem xarakterli iqtisadi islahatların və qloballaşan dünyanın fundamental çağırışlarına uyğun olaraq hazırlanmış strateji proqramların və yol xəritələrinin reallaşdırılması nəticəsində ölkədə inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yarandı, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu.

Effektiv kadr islahatları çərçivəsində dövlət idarəçiliyində səmərəli fəaliyyət göstərmiş səriştəli, işgüzar, yüksək mənəvi keyfiyyətlərə malik nüfuzlu şəxslərə, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərinə etimad göstərilərək onların irəli çəkilməsi daxili və xarici siyasətin unikal vəhdətinin formalaşmasına demokratik siyasi sistemin daha da möhkəmlənməsinə önəmli təsir göstərdi. Bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığı, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi istiqamətində təqdirəlayiq addım oldu, sivilizasiyalararası əməkdaşlığın və dialoqun genişlənməsinə mühüm töhfələr verdi.

Azərbaycan xalqının ictimai-siyasi fikir tarixində, milli mənlik şüurunda müstəqil dövlətçiliyin qorunması və inkişaf etdirilməsi yolunda varislik, vətənpərvərlik, fədakarlıq və əzmkarlıq göstərilməsi sabit mənəvi dəyər olaraq xüsusi yer tutur. Buna görə də Yeni Azərbaycan Partiyası özünün bütün fəaliyyəti dövründə dövlətin inkişafında xalqın iradəsini əldə rəhbər tutaraq ölkənin maddi və intellektual potensialına əsaslanmaqla hüquqi dövləti, vətəndaş cəmiyyətini möhkəmləndirməyi, siyasi-tarixi ənənələri yaşatmağı, müstəqil dövlətçilik maraqlarının öncüllüyünü əsas prinsiplər hesab edir.

Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, demokratiyanın permanentliyi, konstruktiv dialoq və əməkdaşlıq partiyanın siyasi fəaliyyət konfiqurasiyasının başlıca elementləridir.

Yeni Azərbaycan Partiyasının V qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyev partiyanın mütəşəkkil fəaliyyətinə yüksək dəyər verərək demişdir: “Azərbaycanda çox böyük işlər görülmüşdür. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun... Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir”.

Aparılan sosioloji sorgular özünün mükəmməl proqramı, dövlətçiliyə sədaqəti və irəli sürdüyü təşəbbüslərlə xalqın böyük etimadını qazanmış Yeni Azərbaycan Partiyasının şəksiz liderliyini sübut edir.

Minilliklərin ayırıcında yaşadığımız dövrün təhlili göstərir ki, Yeni Azərbaycan Partiyası doğma Azərbaycanla birgə addımlamış, onunla birgə böyük uğur, nailiyyət, tərəqqi və inkişaf taleyi yaşamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı işğalçı Ermənistanın məğlubiyyəti və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Vətən müharibəsi Azərbaycan xalqının, onun Liderinin, müzəffər Ordumuzun gücünü bütün dünyaya sübut etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Müharibənin başa çatmasını rəsmiləşdirən bu sənəd mahiyyət etibarilə Ermənistan üçün kapitulyasiya sənədidir.

Vətən müharibəsindəki böyük Zəfərimiz Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı ərəfəsində əlamətdar bir hadisə oldu. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri partiyamızın VII qurultayındakı nitqində böyük Zəfərimizə yüksək dəyər vermişdir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbə vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əməli fəaliyyətə söykənən müzəffər sərkərdə, yenilməz siyasi lider obrazı sübut edir ki, Vətən müharibəsindəki möhtəşəm qələbənin, torpaqlarımızın işğaldan azad olunmasının, ölkədəki intibahın, siyasi sabitliyin, əmin-amanlığın müəllifi, sülhün qarantı odur. Xalq ona inanır, güvənir və hərtərəfli dəstək verir. Xalqın, liderin və dövlətin sarsılmaz birliyi gələcəkdə daha böyük uğurlar qazanacağımızdan xəbər verir.

Həsən Həsənov,

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31