Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu Öndərin şah əsərlərindən biri - Yeni Azərbaycan Partiyası

Ulu Öndərin şah əsərlərindən biri - Yeni Azərbaycan Partiyası

01.11.2022 [11:28]

Tarix boyu hər bir xalq ən ali dəyər olan müstəqilliyə can atmışdır. Çünki “müstəqillik” adlandırdığımız bu ali dəyər hər bir xalqın azadlıq əzmini, milli ideyaların və demokratik inkişafın mədəni yüksəlişini özündə ehtiva edir. Tarix boyu böyük dövlətçilik ənənələrinə malik olan xalqımız müstəqillik uğrunda çətin sınaqlardan keçmiş, istiqlal mübarizəsinin şərəfli salnamələrini yaratmışdır. Xalqımızın müstəqillik əzmi, istiqlal mübarizəsi yazılı və şifahi ədəbi irsimizdə özünə dərin yer tutmuşdur. Bəşər mədəniyyətinə verdiyi misilsiz töhfələrlə, istiqlaliyyət ruhu ilə Azərbaycan xalqı dövlət müstəqilliyini hələ yüz illər əvvəldən öz mənəvi haqqına çevirmiş, bu haqqın əldə olunması üçün heç də asan olmayan çətin və kəşməkeşli bir yol keçmişdir.

Zəngin təbii sərvətlərə malik Azərbaycan dövlətinin kifayət qədər mürəkkəb regionda yerləşməsi səbəbindən xalqımızın qarşısında şanlı tariximizin müxtəlif məqamlarında müstəqil dövlətə sahib olmaq şansı yaransa da, yaxın qonşularımız tərəfindən göstərilən təhdidlər sayəsində bu şans dəyərləndirilə bilməmiş, xalqımız yenə də əsarətə məhkum edilmişdir. 1918-ci ildə öz istiqlalını bütün dünyaya bəyan edərək müsəlman Şərqində ilk demokratik dövlət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin belə cəmi 23 aydan sonra süquta uğradılması milli dövlətçilik tariximizin daim təəssüflə xatırladığımız məqamlarındandır.

Heç də təəccüblü deyil ki, keçmiş sovetlər birliyinin iflasa uğraması ilə nəticələnən milli azadlıq hərəkatı keçmiş Sovet respublikaları arasında məhz Azərbaycanda başlamışdır. Əlbəttə, tarix elmi cəmiyyətin milli ideyalar ətrafında həmrəylik nümayişinə əsaslanan bu cür hərəkatların birdən-birə deyil, uzun illər ərzində formalaşmış zəminlər üzərində ortaya çıxdığını öyrədir. Bu mənada, Azərbaycan milli azadlıq hərəkatının xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə formalaşdırdığı milli zəminlərdən güc aldığını söyləsək, heç də yanılmarıq.

Təbii ki, cəmiyyətdə milli ruhun oyanışına Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması, ana dilimizin rolunun artırılması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət ciddi təkan verdi. Sovet ideologiyasının ana xətti olaraq formalaşdırılmış, xalqların milli kimliklərini unutdurmaq yolu ilə milli-mənəvi dəyərlərindən məhrum edilmək təhlükəsi ilə üz-üzə qalmış insanlarımızı tədricən milli ideyalar ətrafında səfərbər edən Ulu Öndər Heydər Əliyev, bir neçə ildən sonra öz istiqlalını elan edəcək Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşılayan Ulu Öndər hər bir azərbaycanlının özünü minilliklər boyu yaşadığımız coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməsinə şərait yaratdı. Məhz Heydər Əliyevin təşəbbüsü əsasında ölkəmiz üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc keçmiş Sovetlər birliyinin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Sadalananlar Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndərin siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunların ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi qətiyyən şübhə doğurmur.

Xalq da, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin tarixi yaddaşıdır. Müasir Azərbaycanın memarı kimi tarixə yazılan bu qüdrətli şəxsiyyət bu gün bütün dünyada Azərbaycan xalqının Ulu Öndəri olaraq qəbul edilir. Bu böyük şəxsiyyət, qüdrətli dövlət xadimi iradəsi, cəsarəti, əyilməzliyi, müdrikliyi ilə dövlətimiz müstəqilliyə nail oldu. 20 yanvar, Xocalı dəhşətlərinə, minlərlə insanın məcburi köçkünə çevrilməsinə, torpaqlarımızın işğala məruz qalmasına baxmayaraq ayaqda qaldı. Bir xalq, millət, dövlət olaraq imtahanlardan keçdi. Hər bir Azərbaycanlının varlığı ilə qürur duyduğu Azərbaycanda Vətənin dirçəlişi, tərəqqisi adına nə varsa ömrünün 50 ilindən çoxunu milli dövlətçilik tariximizə bağışlayan Ulu Öndərin adı ilə bağlıdır.

Ulu Öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsi ilə bağlı milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli üç addım, üç müqəddəslik hər bir Azərbaycanlı üçün qiymətlidir: Azərbaycan bayrağının dövlət rəmzi olaraq Naxçıvan Ali Məclisində qaldırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması. Xalqımızın birliyinə, bütövlüyünə, hesablanan bu müdrik qərarlar çoxmillətli məmləkətimizi məhz bir bayraq altında, bir partiya - Yeni Azərbaycan Partiyasının ətrafında birləşdirdi. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 50 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, Ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi. Xüsusilə də, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar olundu. Bir cümlə ilə ifadə etmək istəsək, “bu günkü qələbəmizin, bu günkü uğurlarımızın bünövrəsi həmin dövrdə qoyuldu”, - deyə bilərik.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı.  Partiyamızın lideri, Prezident İlham Əliyev qurultaydakı nitqində vurğuladığı kimi: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Yəni Azərbaycan artıq yeni reallıqlar yaratdı. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Bu, həm də Yeni Azərbaycan Partiyasının növbəti qurultayını zəruri edən amillərdən oldu.

Yeni Azərbaycan Partiyasının növbəti - VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. VII qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermiş dövlət xadimidir.

6 siyasi partiyanın YAP-a qoşulması isə ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçirilən islahatlar çərçivəsində siyasi dialoq prosesinə start verilib. Siyasi qüvvələr arasında etimad artıb, inteqrasiya prosesi sürətlənib. Bu isə öz növbəsində milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə olub. 44 günlük Vətən müharibəsində əksər siyasi partiyaların Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna qətiyyətli dəstək verməsi bu siyasi birliyin və milli həmrəyliyin bariz nümunəsidir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı bir daha göstərdi ki, o çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin - Odlar Yurdu Azərbaycanın hakim partiyasıdır. Onun başında isə xalqının güvənc yeri, hər bir azərbaycanlının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır!

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü,

YAP Sumqayıt şəhər təşkilatının sədri

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31