Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xomeyninin əmrini yerinə yetirmək üçün elədim

Xomeyninin əmrini yerinə yetirmək üçün elədim

29.10.2022 [10:40]

Cənnətə gedəcəyəm...

 Əvvəli ötən sayımızda…

1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi.  Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:

Fərəh Pəhləvi

Xatirələr

Yıxılan rejimin və bitməyən eşqin hekayəsi

Tərcümə

Nəriman Əbdülrəhmanlı

Buna baxmayaraq, o qorxunc həftələrdə bu din adamının adamlar üzərində təsirinin nə qədər təhlükəli olduğunu ölçə bildim. (1978-ci il noyabrın 18-də yanımda qızım Fərəhnaz və oğlum Əli Rza böyük Ayətullah Xoi ilə görüşmək üçün İraqa, şiələr tərəfindən müqəddəs sayılan iki şəhərə - Kərbəla və Nəcəfə səfərə çıxdım. Ayətullah Xoinin şiə kütləsi üzərində təsiri böyük idi. Mənimlə çox təvazökarlıqla yaşadığı kiçik otağında görüşdü və üzərində dualar yazılmış qırmızı əqiq daşlı üzüyü Şaha çatdırmaq üçün mənə verdi. Şah üçün, onun İslama və İrana xidmətində uğur qazanması üçün dua eləyəcəyini ərimə söyləməyimi istədi.) Mollaların mübarizəsinə qoşulan iki gənc əsgər - çavuş Abidi və Salamatbaxış bir gün yeməkxanada olan bir qrup zabitə atəş açdılar. Mənə aralarında çoxunun ağır yaralı olduğu bildirildi (on üç ölü və otuz altı yaralı var idi). Kömək eləmək üçün dərhal hadisə yerinə getdim və əlimdən gəldiyi qədər yaralılara cəsarət verməyə çalışdım. Mənzərə insanı alt-üst eləyirdi. Xüsusilə, yaralılardan soyuyan əlindən tutduğum və bir neçə saat sonra ölən zabitin baxışındakı nəcibliyi unuda bilmirəm... Atəş açanlar öldürüldülər. Sonralar mənə Salamatbaxışın sui-qəsddən əvvəl arvadına müraciətlə yazdığı məktubun surətini gətirdilər. “Bunu Ayətullah Xomeyninin əmrini yerinə yetirmək üçün elədim və düz cənnətə gedəcəyəm, - yazırdı və əlavə eləyirdi: - Amma sən fikir eləmə, hurilərə baxmayacağam, səni o biri dünyada gözləyəcəyəm.”

Yenə eyni dövrdə müxalifətin Şah üsul-idarəsinə tərəfdar olan (yüksək rütbəli zabit, iş adamı, siyasətçi) yüzə qədər adamın adının və hər birinin ölkədən xaricə çıxardıqlarını iddia elədikləri pul miqdarının yazıldığı siyahını dərc eləyib, sadə və sadəlövh vətəndaşları öz sıralarına çəkdikləri qəti idi. Siyahıda göstərilən rəqəmlərin hamısı heç bir əsası olmayan, xəyali rəqəmlər idi, amma ehtirasları alovlandırmağa bəs elədi. Adamları zəhərləmək üçün  uydurulan bu yeni böhtanın təsirinin qarşısını vaxt itirmədən almaq məqsədiylə yeni baş nazir siyahıda adı olan şəxslərin ölkədən çıxmalarına qadağa qoydu. Amma bu qadağa küyə getmək, tamam yalandan ibarət olan dedi-qodulara etibar eləmək deməyi və axırıncı, təbii ki, yıxıcı oldu. (Eyni yalan zənciri içərisində bir gün kaset ortaya çıxdı; bu kasetdə Şah hərbi məsləhətçiləriylə apardığı yığıncaq vaxtı xalqa atəş açmaq və bundan başqa İsrail üçün əlavə neft ayırmaq əmrini verirdi. Bu kaseti mən özüm dinlədim: Şahın səsini mükəmməl şəkildə təqlid eləyən bir nəfər həmin cümlələri deyirdi, gerisi ərimin həqiqətən verdiyi rəsmi göstərişlərdən ibarət idi. Kaseti ekspertizadan keçirilməsi üçün Amerikadakı laboratoriyaya göndərdik, montaj olduğu sübutları isə ortaya çıxanda iş-işdən keçmişdi.)

General Əzharinin vəzifə başına keçməsindən sonra yaranan sakitlik dövrü qısa sürdü. Matəm ayı olan Məhərrəm ayının əvvəlində, deka­brın 3-də ölkədə hadisələr yenidən alovlandı. Ayətullah Xomeyni sığındığı Neauphle - le - Chatean-dan kasetlərə yazdırdığı alovlu nitqləriylə bütün İrana sel kimi yayılmışdı. (Xomeyninin ixtiyarında bir çox telefon xətti var idi. Parisdə lentə alınan nitq­ləri ya Air Franse yoluyla, ya da Şərqi Almaniya üzərindən Tehrana çatırdı.) Artıq minlərlə evdə bu inadkar adamın yeni islami quruluş qurulana qədər hər şeyi yandırıb-yaxmaq barədə çağırışları həqiqətən, ilahi səs kimi, böyük diqqətlə dillənilirdi. Ayətullahın müəyyən elədiyi axşamlar, saat düz iyirmidə adamlar evlərinin damlarına çıxıb, hamısı bir ağızdan “Allahü-əkbər!” bağırmağa başladılar. Bu duanın çox kiçik yaşlarımdan bəri mənim qəlbimi rahatlayan təsiri var idi, ona görə də indi savaşa çağıran, narahatlıq doğuran mənayla yükləndiyini düşünürdüm və eşidəndə, qanım donurdu. Öz-özümə “bunu bacaran adamlar, duanı kin çılğınına döndərən bu adamlar dinə haqsızlıq eləyirlər,” - düşündüm.

İmam Hüseynin qətlə yetirilməsinin ildönümü olan 10 və 11 dekabrda Tasua və Aşura günləri münasibətiylə Ayətullah Xomeyni hamını bütün ölkədə nümayişlər keçirməyə çağırdı. Yenə də bu çağırışın qarşısının necə alınması məsələsi ortaya çıxdı. Fövqəladə vəziyyət rejimi qüvvədə olduğundan, general Üveysi üsyançıların küçələrdə nümayiş keçirilmələrinə qadağa qoymağı israr elədi. Lazım gəldiyi təqdirdə zor işlətməyə hazır olduğunu söylədi. Bunu öz etik anlayışına uyğun saymayan ərim generalın təklifini rədd elədi. Beləcə, ordu Tehranın mərkəzindən tanklarını çəkdi, yalnız inzibati binaların ətrafında az qüvvələr qoydu. Kütləvi nümayişçilər qrupu şəhəri tutub, iki gün ərzində hamısı bir ağızdan Şah üsul-idarəsinin devrilməsi barədə şüarlar söylədi. İlk dəfə üsyançıların İslam Respublikası qurulmasını tələb elədikləri eşidildi. “Elə onda ölkənin çökməsinə səbəb olan tətillər başladı,” - Şah yazırdı.

“Hər gün saatlarla sürən elektrik kəsilmələri olurdu, nəqliyyatçılar, su və neft paylama idarələrində çalışanlar tətil elədilər; sonra banklarda, nazirliklərdə, bütün vacib sahələrdə işləyənlər bir-birinin ardınca, ya da hamısı birlikdə işləri ləngidir, yaxud tamam dayandırır və ölkə miqyasında xalqın güzəranının pisləşməsinə yol açırdılar. Fəhlələr və digər tətilçilər tətilləri təşkil eləyən əlaltılar tərəfindən ya həqiqətən özlərini, ya da ailələrini hədəfə alan təhdidlərlə qarşılaşırdılar. Tamamilə aydın idi ki, elektriki kəsmək üçün elektrik stansiyalarına beş-altı adamın yerləşdirilməsi kifayətdir. Neftçıxarma idarələrində də eyni vəziyyətin yarandığı çox aydın məsələ idi. Azacıq sayda əlaltılarla üsyançıların bu tətilləri həyata keçirmələri onların necə mükəmməl planla hərəkət elədiklərinin sübutudur.”

Dekabr ayının axırında, yalnız altı həftədən bəri baş nazir olan general Əzhari infarkt keçirib vəzifədən getməyə məcbur oldu. Ölkə o vaxt tamamilə iflic olmuş və nəfəs almaz hala gəlmişdi: dekabrın 26-dan artıq neft ixracatımız dayanmışdı, İrandan xaricə bir barrel beləneft çıxmırdı.

Buna görə də Şah hökumətin rəhbərliyinə kütlələrin bütün təbəqələrinin hörmətini qazanmış və Məhəmməd Müsəddiq hökumətində daxili işlər naziri olmuş Qulam Hüseyn Sadiqini gətirməyi düşünürdü. Ağayi Sadiqi baş nazir olmağı qəbul elədi, amma hökuməti qurmaq üçün bir həftəlik vaxt istədi. Ölkənin düşdüyü faciəvi vəziyyətdə bu bir az uzun müddət idi.

Elə həmin vaxtlarda general Üveysi və Milli Asayiş Təşkilatının rəhbəri general Moqhadam mənimlə görüşmək istədilər. Bu görüşdə vəziyyətin çox vahiməli olduğunu, əgər iki-üç gün içində Şah yeni baş nazir təyin eləməsə, inqilabçıların saraya hücum çəkib, oranı ələ keçirə biləcəklərindən qorxmaq lazım gəldiyini fikirləşdiklərini söylədilər. Baş nazirlik üçün Şahpur Bəxtiyarın adını çəkdilər və onun bu vəzifəni qəbul eləyəcəyi gümanında olduqlarını dilə gətirdilər. Mənə söylədiklərini Şaha çatdırdım. Millətçi Cəbhənin lideri olan Şahpur Bəxtiyar müxalifətin konstitusiyaya sadiq hissəsinin təmsilçisi olduğu üçün ərim bu seçimə qarşı çıxmadı. Bəzi şəxslər daha əvvəldən ağayi Bəxtiyarla təmasda olmuşdular; onun ilk görüş üçün Saraya gəlmək istəmədiyi ortaya çıxdı. Buna görə də ərimə onunla yenə Bəxtiyar ailəsindən olan yengəm Luiza Qütbinin evində şəxsən özüm görüşməyi təklif elədim. Ərim mənə icazə verdi və beləcə, görüş baş tutdu. Mən ağayi Bəxtiyarı tanımırdım; elə görüşün əvvəlində dərhal sərbəstliklərin olmadığından və korrupsiyadan danışdı. Mən də ölkənin düşdüyü çox ağır vəziyyəti qiymətləndirməsini istədim. Hökumətin başına keçmək üçün şərtlərindən birinin Millətçi Cəbhənin rəhbərlərindən yaxın dostu Kərim Səncabinin azadlığa buraxılması olduğunu bildirdi. Söhbətimizi Şaha çatdırdım, o da ağayi Səncabinin azad edilməsinə təminat verdi. Ağayi Səncabinin ilk gördüyü iş Xomeyniyə təriflər yağdırmaq, dərhal sonra da Neauphle-le-Chatean-ya getmək üçün təyyarəyə minmək oldu.

Ağayi Bəxtiyarın birinci şərti yerinə yetirildikdən sonra saraya gəldi. Ərim onunla ilk görüşünü belə danışır: “Beləcə, onunla görüşdüm. Elə güman eləyirəm ki, onu Niavaran Sarayına vərdiş elədiyimiz görüş saatlarından kənar bir axşam general Moqhadam gətirdi. Uzun söhbət elədik. Ağayi Bəxtiyar Şahlıq rejiminin mübarizəsinə nə qədər sadiq olduğunu göstərməyə çalışdı və düşdüyümüz böhranlı dövrdə yalnız özünün hökumət qura biləcəyini sübuta yetirməyə girişdi. Konstitusiyanın əsaslarına hörmətini bildirdiyi üçün namizədliyini qəbul eləmək fikrinə düşdüm”.

Bu vaxt aralarında Amerika və İngiltərə səfirlərinin də olduğu bəzi adamlar aranın sakitləşməsinə köməyi dəyəcəyini irəli sürüb, Şahın bir müddətə İranı tərk eləməsi üçün təzyiq göstərirdilər. Ağayi Bəxtiyar da eyni fikirdə idi. Bu vəziyyət, xüsusilə, Şahın baş komandanı olduğu ordu komandanları tərəfindən dərhal öyrənildi. Aylardan bəri ayaq üstə qalan zabitlərimiz və əsgərlərimiz çoxlu sayda yüksək vəzifəli adamın ölkədən çıxmasına şahid olmuşdular. Onların nəzərində Şahın vəzifə başında qalması çətin ?di. Xüsusilə, Baş Qərargah rəisi general Abbas Qarabani mənə: “Əgər əlahəzrətlər ölkədən gedərlərsə, ordunun duruş gətirəcək gücü qalmayacaq”, - dedi.

Aralarında general Bədri və general Xosrovdadın da olduğu bəzi zabitlər yenidən asayişi bərpa eləyənə qədər hökmdarın Kiş adasına getməsi təklifini irəli sürdülər. Məsuliyyəti öz üstlərinə götürməyə, özlərini qurban verməyə hazır olduqlarını söylədilər. Görüşdüyüm parlament heyəti də eyni fikri müdafiə elədi. Hətta Şahın ölkədən gedəcəyi fikrindən qorxuya düşən bəzi deputatlardan öz seçki bölgələrindəki xalqı ayağa qaldırıb, silahlandırmağı, sonra da üsyançıların üzərinə hücuma göndərməyi təklif eləyənlər belə oldu... Son həftələr ərzində bu zabitlərin və deputatların böyük bir qismi arvadlarıyla və uşaqlarıyla birlikdə ölümlə təhdid edilmişdilər. Bəziləri İslam İnqilabının ilk aylarında qətlə yetirildi.

Mən Şahın ölkəni tərk eləməsinin özlərini hər gün daha çox göstərən, kindən gözləri tutulmuş bu adamların təhlükəli hücumlarının qabağını alacaq tədbir olacağını hesab eləmirdim. Ərimə gəldikdə, o, əgər yenidən qan tökülməsinin qabağını ala biləcəksə, buna razı olduğuna söz vermişdi. Otuz yeddi ildən bəri həyatının hər anını ölkəsinə və xalqına həsr eləyən, onu gerilikdən qurtarmaq üçün bu qədər çox iş görən, indi də haqsız yerə daşlanan insanın ağlından, görəsən, nələr keçirdi?

Bundan başqa, o qorxulu 1978-ci il boyu aparmağa məcbur olduğu savaş üzündən taqətdən düşmüşdü; birincisi, həqiqi məqsədini gizlədiyi üçün dil tapmaq mümkün olmayan düşmənə - Ayətullah Xomeyniyə qarşı apardığı savaş; ikincisi, gizlicə xəstəliyinə qarşı apardığı savaş.

Artan çətinliklərə baxmayaraq, professor Jorj Flandrin Tehrana elədiyi səfərlərinə ara verməmişdi.

Ardı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31