Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abadandakı “Reks” fəlakəti

Abadandakı “Reks” fəlakəti

27.10.2022 [10:59]

Yanğın baş verəndə, film təzəcə başlamışdı

Əvvəli ötən sayımızda...

1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi.  Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi  (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba)) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimim və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:

Fərəh Pəhləvi

Xatirələr

Yıxılan rejimin və bitməyən eşqin hekayəsi

Tərcümə Nəriman Əbdülrəhmanlı

Mayda Qum şəhərində, daha sonra isə iyulda müqəddəs Məşhəd şəhərində “qurbanlar” üçün təşkil edilən yas mərasimində baş verən yeni toqquşmalardan sonra Şah sərbəstləşdirmə cəhdlərini sürətləndirməyə qərar verdi və 1978-ci il avqustun 5-də Konstitusiya günü münasibətiylə 1980-ci ilin yazında parlament seçkilərinə açıq şəkildə hər cür siyasi görüşləri olan adamların qatılacağını elan elədi. Şahın bu qərarı onların bütün arzularını boşa çıxaracaqdı; amma bu addım hökmdarın zəiflik nişanəsi kimi yozuldu və inqilabın rəhbərləri tərəfindən dərhal istismar edildi.

Avqustda İsfahanda yeni hadisələr baş verdi və şəhərdə fövqəladə vəziyyət elan edildi.

Abadandakı “Reks” kinoteatrı fəlakəti elə o dövrdə ortaya çıxdı. Bu fəlakətə səbəb olanların məqsədinin xalqın qəzəbini kükrətmək, kinini artırmaq və bu sürətlə ölkənin parçalanmasında dönməz nöqtəyə gəlməsini təmin eləmək olduğuna ən kiçik şübhə yoxuydu. 19 avqust günü Abadanın ən böyük kinoteatrında yanğın baş verəndə, film təzəcə başlamışdı. Dörd yüz adam orada diri-diri yanıb öldülər... Bu hadisənin siyasi cəhətdən necə fırıldaq mövzusu olacağına heç şübhəm yoxuydu. Dərhal baş nazir Amuzəgarı axtardım, ona Abadana gedib, qurbanların ailələrilə bərabər olmaq istədiyimi bildirdim. O, məni fikrimdən daşındırdı. Onu dinləyəndə, Amuzəgarın da birdən-birə bizə bəslədiyi inamı itirdiyini sezdim, Şahın və mənim ölkənin gücünü və ictimai quruluşunu təmsil elədiyimizə olan etibarını itirmişdi. Baş nazirin mənə artıq başqa gözlə baxdığını hiss elədim, daha iyirmi il ərzində bütün iranlılarla səmimiyyətlə danışan adam deyildim. Bu səfəri eləmək fikrindən məni daşındırmaqda, əsasən, haqlıydı, çünki hadisədən bir neçə ay sonra Ayətullah Xomeyni ağlagəlməz bir şey söylədi, ağlın hüdudlarını aşıb, hökuməti bu qəddarlığa səbəb olmaqda suçladı.

* * *

Hadisələrin başlanğıcından bu yana islamçılar təxminən əlliyə qədər kinoteatrı atəşə tutmuşdular. Əgər “Reks” kinoteatrı qısa qapanma nəticəsində yanmışdısa, bu yanğının da eyni araqarışdıranların işi olduğunu düşünmək üçün səbəb varıydı. Aparılan araşdırma həmin mülahizəni təsdiqlədi. Həmin yanğının təxribat-sabotaj məsələlərində ustalaşmış qrupun komanda üzvü, on doqquz yaşlı Cəmşid adlı bir gənc İraqa sığındı, daha sonra İslam İnqilabı rəhbərləri tərəfindən xilas edildi. Bu arada həmin qorxunc hadisənin rejimin üzərinə atılması adamları şahlıq rejiminə qarşı qaldırdı.

Ərim “Xatirələr” adlı kitabında bunları yazır: ”Avqust ayının axırında Milli Əmniyyət rəhbəri general Moqhadam təbii ki, burada adını çəkə bilməyəcəyim görkəmli din adamıyla görüşəndən sonra gəlib məni tapdı və söhbət elədiyi adamın sözlərini söylədi. Din adamı ona xüsusi olaraq, bunları söyləmişdi. “Hörmətli generalım, sizdən xahiş eləyirəm, xalqı həyəcanlandıracaq bir iş görün!” General Moqhadam görüşdüyü din adamının istifadə elədiyi sifəti bir neçə dəfə təkrarladı: xalqı həyəcanlandıracaq iş! Belə mesaja laqeyd qala bilməzdim, ancaq o vaxt düşdüyümüz mühitdə böyük həyəcan yaradacaq nə eləyə bilərdik? Mənə elə gəlirdi ki, yalnız hökumət dəyişikliyi bu cür intizarı təmin eləyə bilərdi. Gördüyü işlərdə tamamilə sərbəst olacaq hökumət”.

Yeni baş nazirin müəyyənləşdirilməsi mövzusu Şahın fikrini daim məşğul eləyirdi, axırda niyyətini mənə açdı. Hökumətin dayaqlarını möhkəmləndirmək üçün müasir, görkəmli, əxlaqlı, kimsənin qüsur tapa bilməyəcəyi mətanətli bir şəxs tapmaq lazım gəlirdi, mən də sabiq mətbuat katibim Huşəng Nəhavəndini təklif elədim. Təhsilini Fransada alan ağayi Nəhavəndi Tehran Universitetinin rektoru da olmuşdu, qətiyyətli adamıydı, ziyalılar arasında çoxlu dostu varıydı. Bundan başqa, mənə əvvəllər dediyinə görə, həmişə baş nazir olmağı arzu eləmişdi.

Şah Cəfər Şərif-İmamini ona qarşı qoydu. Ağayi Şərif-İmami bir müddət əvvəl hökumətə rəhbərlik elədiyi və on beş il ərzində parlamentin başında durduğu üçün siyasi həyatda böyük təcrübəyə malikiydi. Bundan başqa, ruhani sinfi içində təmasda olduğu çoxlu adam varıydı. Bununla bərabər, baş nazir olandan sonra verdiyi ilk bəyanatda ölkəyə artıq “keçmişdəki Şərif-İmami” olmadığını söylədi, bu çox ustalıqla verilmiş bəyanat sayıla bilməzdi.

Hökumət dəyişikliyi gözlənilən elektroşok təsirini göstərmədi və 7 sentyabr, cümə axşamı Ramazan bayramının başa çatması Tehran küçələrində yeni nümayişin keçirilməsi üçün bəhanə oldu. Ayağa qalxanlar ilk dəfə olaraq Şahın getməsini və Ayətullah Xomeyninin ölkəyə qayıtmasını tələb elədilər. Ertəsi gün ölkənin bütün böyük şəhərlərində yeni nümayişlər təşkil olunması üçün elan verdiklərindən, təzəcə qurulan hökumət o gecə aralarında Tehranın da olduğu on bir şəhərdə general Üveysinin komandanlığıyla fövqəladə vəziyyət tətbiq eləməyi qərara aldı.

Bunu öyrənər-öyrənməz narahat oldum və Şahdan adamların fövqəladə vəziyyət elan olunmasından necə xəbərdar ediləcəklərini öyrənməyə çalışdım. Fövqəladə vəziyyət qanunu nümayiş keçirməyə və küçəyə çıxmağa qadağa qoyduğu üçün qəbul olunan qərarın xalqa çatdırılması çox zəruri bir problemi ortaya çıxarırdı. Əgər hökumət xalqı başa salmağa imkan tapmazsa, fövqəladə vəziyyət elanından xəbəri olmayan adamlar ertəsi gün qanunlara zidd formada küçələrə çıxacaqdılar və general Üveysinin qoşunlarıyla üz-üzə gələcəkdilər. General Üveysinin də həddən artıq mülayim adam şöhrəti yoxuydu. Mənim sualıma cavab olaraq fövqəladə vəziyyət qərarının radioyla hər yarım saatdan bir, xüsusi qısa xəbər kimi yayımlanacağı bildirildi.

Əslində, adamların məlumatdan yalnız cümə günü səhər, erkən saatlardan xəbərləri oldu, ona görə də yüzlərlə nümayişçi çoxdan yollara tökülmüşdü və çoxu da bir gün əvvəldən bəri küçələrdə olduqlarından, xəbərdar edilmələrinə imkan tapılmamışdı. Yollarda olanlar, ya da küçələrdə gecələyənlər əgər fövqəladə vəziyyət qərarını öyrənə bilsəydi, görəsən, evlərində qalacaq və ya evlərinə dönəcəkdilərmi? Aralarından çox azı bəlkə belə eləyəcəkdi, amma heç olmasa, onlar inamlarını saxlayacaqdılar. Çünki həmin 8 sentyabr cümə günü, inqilabçıların sonradan verdikləri adla “qara cümə” ölkəmiz üçün fəlakət günü oldu. Nümayişçiləri Tehranın cənub-şərqindəki Jalə Meydanında gözləyən ordu birlikləri general Üveysidən qəti göstəriş almışdılar. Tərəflərin ikisi də silahlı olduğundan, çarpışmanın baş verməsi qaçınılmazıydı; cildini dəyişdirib, kütlələrin arasına soxulan fələstinli könüllülər damlarda gizlənib, əsgərlərimizə atəş açdılar, onlar da atəşə atəşlə cavab verdilər. İqtidarı yıxmaq üçün ayağa qalxanlar yüz iyirmi bir adam itirdi, təhlükəsizlik qüvvələrindən də yetmiş adam öldürüldü.

Eyni axşam sanki İranın öz tarixinin ən dəhşətli dövrünə qədəm qoyduğunu təsdiq eləyən kimi, ölkənin şərqində, Xorasan əyalətində, Təbasda iki min yeddi yüz adamın ölümünə səbəb olan şiddətli zəlzələ baş verdi. Tarixi əsər kimi dəyərləndirilən bu kiçik şəhəri yaxşı tanıyırdım, ordakı bərpa işlərini müşahidə eləmişdim.

Özümü bir-birinin arxasınca gələn bu zərbələrdən qismən sərsəmləmiş kimi hiss elədim. Uca Tanrım, bütün bunlar nə vaxt sona çatacaqdı? Ərimin çəkdiyi dərin əzab üzündən oxunurdu. Şərait çox gərgin olduğundan Tehranı tərk eləməməsi lazım gəlirdi, ona görə də, Təbasda fəlakətə uğrayanların yanına təkbaşıma getməyi qərara aldım. Bu qərarımdan baş nazirə söz açanda, o, məndən bir az gözləməyimi xahiş elədi. Əvvəllər onu dinləyəndə, heç vaxt iqtidarın bu qədər gücsüzləşəcəyi, bu qədər inamını itirəcəyini fikirləşməmişdim: Ağayi Şərif-İmami məni necə qarşılayacağını bilmir, camaatın etirazından çəkinirdi. Başlıcası, iqtidar məlumat qaynaqlarını itirmişdi, siyasətçilərdən, əsgərlərdən və din adamlarından gələn fərqli məlumatlar arasında çaşmış kimi görünürdü.

Təbasa getmək üçün təyyarəyə minəndə, az qalırdım, üzüntüdən boğulam. Hədsiz yaxşı təşkil olunan dinçilər oraya çoxdan çatmışdılar. Bölgəyə Şir və Qızıl Günəşin tələsik çatdırdığı yardımlardan başqa, onlar da yardım gətirmişdilər. Böyük kədər içində olan bədbəxtlərin hiddətlərinə, hətta qəzəblərinə sinə gərməyə məcbur oldum. Başdan-ayağa yalan olan şayiə buraxılmış, Şahın amerikalılara Təbas yaxınlığında yeraltı nüvə bazaları yaratmaq üçün icazə verdiyi iddia edilmişdi, guya zəlzələnin səbəbi bununla izah olunur. Bəzi adamlar da fələkətin Allahın qəzəbi nəticəsində meydana gəldiyini söyləyirdilər. Zəlzələ bölgəsində bir gün qaldım, adamlara əlimdən gəldiyi qədər yardım göstərib onları sakitləşdirməyə çalışdım. Orda olmağımdan istifadə eləyən şəhərin qabaqcıl adamları mənə əxlaqi cəhətdən tamam çökdüklərini etiraf elədilər.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31