Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abadandakı “Reks” kinoteatrı fəlakəti

Abadandakı “Reks” kinoteatrı fəlakəti

26.10.2022 [10:42]

Əvvəli ötən sayımızda...

400 adam orada diri-diri yanıb öldülər

1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba)) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:

Fərəh Pəhləvi

Xatirələr

Yıxılan rejimin və bitməyən eşqin hekayəsi

Tərcümə Nəriman Əbdülrəhmanlı

Amuzəgar hökumətinin yeritdiyi sərt siyasət onların durumlarını pozmuşdu, bundan başqa, rüşvətin qarşısını almaq üçün görülən tədbirlərdən işlərinə mane olduğu üçün heç məmnun olmamışdılar; buna görə də Ayətullah Xomeyninin tərəfinə keçdilər, bəzilərinin ona çox böyük maliyyə dəstəyi göstərdikləri də sonradan ortaya çıxdı.

Məqsədləri fərqlənən bu strategiya biliciləri tərəfindən istifadə olunan gənclər güclərini və enerjilərini utanc duyğuları olmayan belə adamlara səmimiyyətlə sərf elədilər. “Onlara insan kütlələri lazımıydı”, - şah yazırdı, həmin qrupları əvvəlcə universitetlərdə tapdılar, daha sonra məktəblərə qədər getdilər. Canla-başla ələ aldıqları gənclərimiz doğrudan da, nə qədər təəssüf doğururdu! Əlbəttə ki, gənclərdən mühafizəkar davranmalarını gözləmirdim, gənclik bütün ölkələrdə özünün ən cəlbedici görünən ideallarına doğru yönəlir. Ədalət naminə, onlarla çox böyük işlər görmək mümkündür. Ancaq ən böyük yamanlıqlara da alət ola bilirlər”.

Hər dəfə daha da şiddətlənə-şiddətlənə daim təkrarlanan bu nümayişlərin şahidi olanda, şübhələnməklə narahat olmaq arasında vurnuxurdum. Mənim üçün anlaşılması ən çətin olan şahlıq rejiminin İran üçün elədiyi müsbət hər şeyin Qərb mətbuatı tərəfindən qələmlə qaralanmasıydı. 1970-ci ilin əvvəllərində şahı göylərə qaldıranlar belə, indi onun elədiklərini açıqca qınayırdılar. Azadlığa hörmət barəsində çox vasvası olan həmin jurnalistlər Ayətullah Xomeyninin şəxsində elə bil, ruhun maddəyə qalib gəlməsinin nadir nümunəsini görürdülər. Bir iranlı filosof da onun yeni Qandi olduğunu söyləyirdi! Bu adama hakim olan duyğuları və ehtiraslarının böyüklüyünü bildiyimiz üçün dəyərləndirmələr beynimizə yerləşmirdi.

Şah daha sonra “Müntəzəm davam eləyən bu gəncləri zəhərləmə cəhdləriylə mübarizə aparmaq üçün öz mətbuat orqanlarımızı işə salmamaqda səhv buraxdım”, - deyəcəkdi.

Ölkənin seçilmiş ziyalıları və siyasətçiləri mənimlə görüşmək istədilər. Qəlbimdə ərimə kömək göstərməyə ümid eləyə-eləyə bütün bu adamlarla görüşdüm. Universitetdə çalışanlar, sabiq siyasi liderlər, sosioloqlar, din adamları, jurnalistlər bir-birinin arxasınca iş otağına gəldilər.

Hadisələrin çatdığı nöqtə onları da çaşdırmışdı. Onlardan adamları sakitləşdirmək və təşəbbüsü ələ almaq üçün başlıca olaraq, nə eləmək lazım gəldiyini soruşanda, cavabları tamam eyni olurdu. “Şah yanına adı heç kəsin etirazına səbəb olmayacaq bir adamı çağırmalıdı. Xalqın tanıdığı, namuslu, zəkalı, hamının səs verəcəyi adam baş nazir olmalıdı”. Dediklərini qəbul eləyir, soruşurdum: “Siz kimi nəzərdə tutursunuz?” Hər dəfə eyni şey baş verir, danışdığım adamlar mənə artıq həyatda olmayan böyük insanların adlarını deyirdilər. “Başa düşürəm, amma bu gün yaşayanlar arasında kimi düşünürsünüz?” Onda uzun sükut çökürdü. Müxalifət illər boyu bəzi insanları çirkaba bulaşmaqda, bəzilərini də Amerikanın və ya İngiltərənin casusu olmaqda suçlamış, bütün siyasət adamlarının hörmətinin üzərinə ləkə salmışdı.

Bu görüşlər vaxtı sabiq bir nazir qorxu və əzab dolu səslə qəlbindəki təcavüzkarlığı üzə vurub, mənə Şirazla bağlı ittihamlar irəli sürdü: ona görə mən mədəni şəhər olan Şirazı bataqlığa çevirib, din adamlarının özlərindən çıxmalarına şərait yaratmışdım. “Ağayi nazir, iyirmi il ərzində mənim bütün gördüyüm iş bundanmı ibarətdi?”, - soruşdum, onda nə cavab verəcəyini bilmədi, üzr istədi, sonra da ertəsi gün mənə Quran göndərdi. Adamlar inamlarını itirmişdilər, beyinlərini oynatmağa başlamışdılar. Xəstəxanaları, məktəbləri və kitabxanaları ziyarət eləyəndə də, artıq ab-havanın pozulduğunu duyurdum. Mühafizəmə cavab verənlərdən qaçıb, coşğun kütlələrin qarşısına çıxdığım günlər artıq çox uzaqda qalmışdı. İndi vəziyyətin heç də yaxşı olmadığını açıqca sezirdim. Adamlardan bəziləri məni ürəkləndirici sözlərlə qarşılayanda, digərləri uzaq dururdular. Mən də, onların düşməncəsinə münasibət bəslədiklərini duyurdum. Buna görə də adamlarla dialoqum alınmırdı, bu da son dərəcə narahatlıq doğuran vəziyyətiydi. Onlarla aramızdakı etibarlı əlaqələri yenidən qurmaq üçün ümidsiz şəkildə çarələr axtara-axtara Saraya qayıdırdım.

Şah danışmırdı, düşüncəliydi, amma səhərdən-axşama qədər çalışmağından geri qalmırdı. Arıqlamışdı, zəifləmiş kimi görünürdü, bu da məni hər şeydən çox narahat eləyirdi. Səhhətindəki belə pozğunluğu xəstəliyin irəliləməsiyləmi əlaqələndirmək lazım gəlirdi, yoxsa ölkə üçün keçirdiyi narahatlıqlamı? Hər yeni şiddət nümayişi onu dərindən yaralayırdı. Bu qədər uzun vaxt ərzində yaxşı dil tapdığını düşündüyü xalqı necə olmuşdu ki, qəfildən qara fikirli din adamının nə istədiyi bəlli olmayan qənaətlərinə boyun əyə bilmişdi, başa düşmürdü.

Böyük Ayətullah Kazım Şəriət-Mədari də ərim kimi, hadisələrdən çaş-baş qalmışdı. Xomeyninin özbaşınalığına tərəf çıxmırdı və Şaha yazdığı məktublarda adlarını çəkdiyi ən ifrat din adamlarının həbs edilməsini istəyirdi. Bu adamların səslərinin kəsildiyi təqdirdə xalqın ayağa qalxmasının da başa çatacağını düşünürdü. Mən də həmin din adamlarının siyahısını görmüşdüm. Sadıq Xalxali adının da orda olduğunu xatırlayıram. Şah onların həbsinə razı olmadı, təkrar dialoq qurulmasına imkan verəcək siyasi çözümü hazırlayırdı.

Apreldə Millətçi Cəbhədən üç nəfər - Şahpur Bəxtiyar, Dariuş Foruhar və bir universitetdə müəllim olan professor Kərim Səncabi şaha xitabən çap etdirdikləri açıq məktubda yenə də konstitusiyaya uyğun hökmdarlıq tələbini irəli sürdülər. Təkpartiya idarəçiliyinin bitməsini, mətbuata azadlıq verilməsini, siyasi məhbusların sərbəst buraxılmasını və xalqın çoxluğunun səsini almış partiyanın millət vəkilləri içindən seçiləcək adamların hökumət qurmasını tələb eləyirdilər. Belə xalqa eşitdirilən açıq məktub vasitəsiylə hökmdara müraciət eləmək İranda əvvəllər görünən iş deyildi, bu yeni idarə formasıydı. Onda açıqca hiss elədim ki, həmin adamların belə davranmalarının səbəbi Amerikanın, Karterin yeni hakimiyyətinin dəstəyini almalarıdı. Ona görə ki, ölkə hər sahədə ağlagəlməz addımlar atmış, irəli getmişdi. Şahpur Bəxtiyar şah tərəfindən təyin olunan son baş nazir olacaqdı. Bu, açıq məktubdakı digər iki imzanın sahiblərinin həyatı Xomeyninin tərəfinə keçəndən sonra çox acı şəkildə sona yetəcəkdi. Dariuş Foruhar İslam İnqilabı dövründə bir müddət nazir işləyəndən sonra müxalifətə keçmiş və sonra da arvadıyla birlikdə tükürpədici vəziyyətdə öldürülmüşdü. Kərim Səncabi isə sürgündə öldü.

Mayda Qum şəhərində, daha sonra isə iyulda müqəddəs Məşhəd şəhərində “qurbanlar” üçün təşkil edilən yas mərasimində baş verən yeni toqquşmalardan sonra şah sərbəstləşdirmə cəhdlərini sürətləndirməyə qərar verdi və 1978-ci il avqustun 5-də Konstitusiya günü münasibəti ilə 1980-ci ilin yazında parlament seçkilərinə açıq şəkildə hər cür siyasi görüşləri olan adamların qatılacağını elan elədi. Şahın bu qərarı onların bütün arzularını boşa çıxaracaqdı; amma bu addım hökmdarın zəiflik nişanəsi kimi yozuldu və inqilabın rəhbərləri tərəfindən dərhal istismar edildi.

Avqustda İsfahanda yeni hadisələr baş verdi və şəhərdə fövqəladə vəziyyət elan edildi.

Abadandakı “Reks” kinoteatrı fəlakəti elə o dövrdə ortaya çıxdı. Bu fəlakətə səbəb olanların məqsədinin xalqın qəzəbini kükrətmək, kinini artırmaq və bu sürətlə ölkənin parçalanmasında dönməz nöqtəyə gəlməsini təmin eləmək olduğuna ən kiçik şübhə yoxuydu. 19 avqust günü Abadanın ən böyük kinoteatrında yanğın baş verəndə, film təzəcə başlamışdı. Dörd yüz adam orada diri-diri yanıb öldülər... Bu hadisənin siyasi cəhətdən necə fırıldaq mövzusu olacağına heç şübhəm yoxuydu. Dərhal baş nazir Amuzəgarı axtardım, ondan Abadana gedib, qurbanların ailələrilə bərabər olmaq istədiyimi bildirdim. O, məni fikrimdən daşındırdı. Onu dinləyəndə, Amuzəgarın da birdən-birə bizə bəslədiyi inamı itirdiyini sezdim, şahın və mənim ölkənin gücünü və ictimai quruluşunu təmsil elədiyimizə olan etibarını itirmişdi. Baş nazirin mənə artıq başqa gözlə baxdığını hiss elədim, daha iyirmi il ərzində bütün iranlılarla səmimiyyətlə danışan adam deyildim. Bu səfəri eləmək fikrindən məni daşındırmaqda əsasən haqlıydı, çünki hadisədən bir neçə ay sonra Ayətullah Xomeyni ağlagəlməz bir şey söylədi, ağlın hüdudlarını aşıb, hökuməti bu qəddarlığa səbəb olmaqda suçladı.

Ardı növbəti sayımızda...

 

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31