Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İslam inqilabının “Matəm taktikası”

İslam inqilabının “Matəm taktikası”

25.10.2022 [10:30]

1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi.  Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi  (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba)) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:

Fərəh Pəhləvi

Xatirələr

Yıxılan rejimin və bitməyən eşqin hekayəsi

Tərcümə Nəriman Əbdülrəhmanlı

İlk nümayişlər 1978-ci il yanvarın 7-də müqəddəs Qum şəhərində üzə çıxdı. O gün ilahiyyat fakültəsi tələbələri “ETTELAAT” (xəbər vermə, məlumatlandırma mənasındadır) adlı gündəlik qəzetdə çap olunan bir məqalədə Ayətullah Xomeyninin ələ salındığı bəhanəsiylə küçələrə töküldülər. Qum Ayətullahın 1963- cü ilə qədər müəllimlik elədiyi şəhərdi. Həmin il onun təhrikiylə adamlar referendum nəticəsində həyata keçirilən islahatlara etiraz eləmək üçün ayağa qalxmışdılar. Xomeyninin sürgünə göndərilməsindən sonra köhnə tələbələrindən bəzilərinin onu əfsanəvi qəhrəmana dön­dərdiklərini çox sonralar öyrəndik. Xomeynini alçaldan bu məqalə tamamilə müridlərinin axtardığı bəhanəydi: artıq dinə küfr edildiyi iddiasıyla onun adından xalqı ayağa qalxmağa çağıra bilərdi. Bu hərəkat sürətlə məcrasından çıxdı və yanvarın 9- da nümayişçilər dövlət binalarına hücum elədilər. Onların gözündə çağdaşlığı təmsil eləyən nə varıydısa, hamısını taladılar: kino-teatrlar, kafe-restoranlar, qız məktəbləri talandı. Vəziyyətə polisin müdaxilə eləməsi gərəyiydi və səkkiz adam öləndən sonra hadisələr sakitləşdi: ölənlərdən dörd adam nümayişçilərdəniydi, mühafizə qüvvələri də iki nəfərini itirmişdi. Bu hadisələrlə bağlı Şah xatirələrində bunları yazacaqdı: “O andan etibarən “matəm taktikası” ilə xalq kütlələrini aldadıb, bu üzücü hadisəni öz məqsədləri üçün istifadə eləyənlər, qırx gündən bir yeni nümayişlər keçirməkdən ötrü adamları səfərbərliyə almağa imkan tapdılar: şiddətlənən bu nümayişlərin yeni həyəcanlara çevrilməsi və yeni qurbanlar verilməsi çox böyük narahatlıq yaratdı. Beləcə, həm onlara hər söylənənə sadəlövhcəsinə inananların, həm də getdikcə coşan xalqın qəzəbi böhran həddinə çatacaqdı. Doğrudan da, müsəlman ənənələrinə görə, ölən şəxsin yaxınları və dostları ölümdən qırx gün sonra onun məzarının üstündə toplaşırlar. Dünyanın başqa heç bir yerində insanın ölümünün siyasi məqsədlərlə belə utanmaz şəkildə istismar edildiyini ağlıma gətirmirəm”.

18 və 19 fevral günləri, yəni Qum şəhərindəki hadisələrdən qırx gün sonra hadisələrdə ölənləri anmaq bəhanəsiylə Azərbaycanın paytaxtı Təbrizdə çox böyük nümayişlər təşkil olundu. İlk dəfə müxalifət partiyaları, tələbələr və ticarətçilər dindar nümayişçilərə qoşulub, daha çox söz azadlığı və əqidə sərbəstliyi tələblərini dilə gətirdilər. Bizim nəzərimizdə onların bu cür birliyi alqışlanmağa layiq deyildi: necə olurdu ki, cəmiyyətin və rejimin sürətlə “qərbləşməsini” istəyən həmin adamlar tamamilə əksini, yəni qatı din qaydalarına qayıdılmasını, qadınların çarşab örtməsinin məcburi edilməsini istəyən bu mollaların və əlaltılarının yanında yürüşə qoşula bilirdilər? Etiraz nümayişləri yenə həyəcanlara çevrildi. Nümayişçilər onlara görə, “əxlaq pozğunluğunu” təbliğ eləyən hər şeyi - kinoteatrları, içki satılan yerləri, lüks salonları talayıb-yandırdılar. Rəstəgiz (“Qiyamət günü”, yaxud “dirilmə” mənasında) partiyasının binası və gənclik sarayı kimi, dövlətə aid binalar həmin talandan payını götürdü. Sel kimi axan bu kin və coşğunluq nümayişiylə bacara bilməyən polis ordudan kömək istədi və növbəti dəfə çarpışmalar hər iki tərəfdən insan tələfatına səbəb oldu. Ordu ölkənin müdafiəsi üçün mükəmməl şəkildə təlim görmüşdü, amma şəhər polisinin vəzifəsinə daxil olan işlərlə əlaqədar təlimi yoxuydu. Bu mövzuyla bağlı başqa xatırladığım bir şey var: Amerika rəhbərliyi bizə plastik mərmi və gözyaşardıcı bomba verməyi qəbul eləməmiş və işimizi çətinləşdirmişdilər. O vaxtlar İraqda mühacir kimi yaşayan Xomeyni ilk dəfə gizlindən çıxıb, həmin faciəni təqdir elədi və həyasız ifadəylə qəlbimi qorxuyla dolduran bu sözləri söylədi: “Bizim hərəkatımız hələ zəif fidandır, onun güclü ağaca dönməsi üçün qurbanların qanına ehtiyacı var”. Bu adam öz yurddaşlarının qanına susamaq üçün qəlbində necə duyğular bəsləyirdi. 1978-ci il martın 28-də, Təbrizdəki hadisələrdə qurban gedənlərin anım mərasimində bir çox şəhərdə, xüsusilə, Tehranda yeni nümayişlər oldu. Ərim nəyin bahasına olursa-olsun, üçüncü kərə qan tökülməsinin qabağını almaq üçün həm orduda, həm polisdə nizam-intizamı saxlamaqda məsuliyyəti olanlara çox tez-tez göstəriş verdi. Amma “qurbanlar” lazımıydı və tapıldı da. “Təhrikçilərin utanmazlığının həddi-hüdudu yoxdu”, - Şah sonralar deyəcəkdi. Əcəliylə və ya xəstəlik nəticəsində ölən, ya da qəzada həyatını itirən adamların cənazələri qəbiristanlığa gətiriləndə, üsyançıların əlaltılarının nəşləri çiyinlərinə alıb: “Bu da rejimin daha bir qurbanı! “SAVAK”ın daha bir cinayəti!”, - deyə bağıra-bağıra şəhərdə dolaşdıqlarını mənə danışdılar. İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı Möhsüm Rezainin 1978-ci il boyunca üsyançıların istifadə elədikləri strategiyaları aşkara çıxaran aşağıdakı sözləri Şaha çatdırılan məlumatların doğruluğuna şübhə yeri qoymur. “Mətbuatda görüntü yaratmaq üçün saxta cənazələr düzəldilməli, tabutların içinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi vaxtı dərhal istifadə edilə biləcək, əvvəllər hələ istifadə olunmamış təmiz silahlar qoyulmalıdır. İnqilabın qələbəylə başa çatması üçün siyasi və dini silah kimi, qəbiristanlıqlarda daim professional kişi - qadın ağıçılar yerləşdirilməlidi. Xalqı təhrik eləmək və kütlənin diqqətini çəkmək məqsədiylə psixoloji, siyasi və təbliğat silahı kimi, qırmızı ləkəli paltarlardan istifadə eləmək lazımdı”.

Hadisənin şahidləri mənə danışdılar: bir universitetdə bəzi tələbələr “qurban verildiyini göstərmək” üçün aralarından bir nəfəri xərəyin üstünə yıxıb, küçələrə çıxmış, səsləri gəldiyi qədər: “Onlar öldürdülər! Onlar öldürdülər!”, - deyə qışqıra-qışqıra gəziblər. Əsasən, bu nümayişləri keçirənlərin kifayət qədər yaxşı təşkil olunduqlarını və maliyyə cəhətdən çox yaxşı dəstəkləndiklərini hiss eləyirdik; nümayişlər mükəmməl hazırlanır, hüdudları aydın məlum olurdu; səsgücləndirici, maska və daha sonralar silah baxımından ən kiçik əksiklikləri belə yoxuydu. Həftələr keçdikcə, böyük kütlələrə çatmaq məqsədiylə “liberallar”ın və solçuların mollalarla heç bir ortaq nöqtələri olmadığı halda, onların nümayişlərində tez-tez iştirak elədikləri gün kimi ortaya çıxdı. Deyəsən, beləcə, iqtidara gəldikləri təqdirdə məqsədlərindən biri də dinin üstünlüyünə qadağa qoymaq olan kommunistlər xalqı ayağa qaldırmaq üçün utanmadan dindən istifadə eləyirdilər. Bu qaydadan xaric inqilab koalisiyasının hər bir üzvünün - dinçilər, liberallar, marksistlər - o dövrdə başqalarıyla ittifaq yaratmaq üçün müvəqqəti məqsədləri varıydı, ancaq hansı ölkənin rəhbərliyini əlinə keçirsə, köhnə şəriklərini aradan qaldırıncaya qədər çalışacağı da bəsbəlliydi. Elə belə də oldu! Ən azı hələlik koalisiya davam eləyirdi, bir müddət sonra kəndlərdə çox böyük təsirləri olan orta sinfə mənsub, dinçi burjua, varlı bazar tacirləri də mütəşəkkil şəkildə koalisiyaya qoşuldular. Bu tacir qrupu neftin qiymətindəki artımdan çox xeyir götürmüş və sərvət sahibi olmuşdu.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31