Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Enerji diplomatiyasından qlobal liderliyə

Enerji diplomatiyasından qlobal liderliyə

02.06.2026 [15:59]

XXI əsrin beynəlxalq münasibətlər sistemində enerji artıq sadəcə iqtisadi resurs deyil, dövlətlərin siyasi nüfuzunu, geosiyasi çəkisini və milli təhlükəsizlik imkanlarını müəyyən edən əsas amillərdən birinə çevrilib. Məhz buna görə də enerji siyasəti müasir dünyada dövlət strategiyasının ayrılmaz hissəsi hesab olunur. İyunun 1-də cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, həyata keçirdiyi uzaqgörən enerji siyasətinin və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin geniş mənzərəsini ortaya qoydu. Bu çıxış təkcə enerji sektorunun nailiyyətlərinin təqdimatı deyildi. Bu, Azərbaycanın müstəqillik tarixinin, iqtisadi transformasiyasının, diplomatik uğurlarının və geosiyasi yüksəlişinin siyasi manifesti kimi səsləndi. Bu gün dünya enerji xəritəsində mühüm aktorlardan biri olan Azərbaycanın uğurnun başlanğıcı məhz Xəzər Neft və Qaz Sərgisindən keçir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, vaxtilə kiçik bir sərgi kimi fəaliyyətə başlayan bu platforma zaman keçdikcə qlobal enerji gündəliyinin mühüm müzakirə meydanına çevrilərək “Bakı Enerji Həftəsi” formatında beynəlxalq nüfuz qazandı. Əslində, bu tədbirin tarixçəsi müstəqil Azərbaycanın iqtisadi tarixinin özüdür. Burada qəbul olunan qərarlar, aparılan müzakirələr və imzalanan müqavilələr sonrakı onilliklərdə ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirdi. 1996-cı ilin iyununda “Şahdəniz” yatağı üzrə imzalanan müqavilə Azərbaycanın qaz ölkəsi kimi formalaşmasının başlanğıcı oldu. Bu gün isə həmin layihə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan strateji resurslardan biri hesab edilir. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Bakı Enerji Həftəsinə ünvanladıqları məktublar bu tədbirin artıq regional deyil, qlobal miqyas daşıdığını nümayiş etdirir.

Müasir Azərbaycanın yüksəlişinin təməlində dayanan əsas hadisələrdən biri 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş neft sazişidir. Həmin dövrdə Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. İqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərin 20 faizinin itirilməsi, bir milyondan artıq qaçqın və məcburi köçkün, enerji çatışmazlığı və yüksək yoxsulluq ölkənin gələcəyini ciddi sual altında qoyurdu. Lakin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən strateji qərar Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu. Xəzərin enerji ehtiyatlarının beynəlxalq şirkətlər üçün açılması təkcə iqtisadi deyil, həm də siyasi seçim idi. Bu seçim Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, xarici investisiyaların ölkəyə cəlb olunmasına şərait yaratdı və dövlət müstəqilliyinin iqtisadi əsaslarını formalaşdırdı. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sərvətlərdən əldə olunan gəlirlər sadəcə istehlaka deyil, təhsilə, səhiyyəyə, sosial infrastrukturun qurulmasına, iqtisadiyyatın şaxələndirilməsinə və güclü dövlət institutlarının formalaşmasına yönəldildi. Məhz bu yanaşma Azərbaycanı enerji gəlirlərini səmərəli idarə edən nümunəvi ölkələr sırasına çıxardı. Beləliklə artıq enerji təhlükəsizliyi Azərbaycanın geosiyasi gücünün əsas sütununa çevrilib.  

Müasir dünyada enerji təhlükəsizliyi artıq hərbi və milli təhlükəsizlik qədər vacib hesab olunur. Yaxın Şərqdə baş verən gərginliklər, qlobal bazarlardakı dalğalanmalar və geosiyasi böhranlar enerji mənbələrinin şaxələndirilməsinin nə qədər vacib olduğunu bir daha sübut edir. Azərbaycan isə bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa marşrutu, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri təkcə iqtisadi layihələr deyil. Bunlar həm də siyasi sabitlik, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq platformalarıdır. 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün Avrasiyanın ən mühüm enerji arteriyalarından biri hesab olunur. Bu layihə sayəsində Azərbaycan Xəzər hövzəsini Avropa enerji bazarı ilə birləşdirən əsas körpü rolunu oynayır. Ən mühüm məqamlardan biri isə odur ki, bu layihələrin təşəbbüskarı məhz Azərbaycan olub. Bu fakt ölkəmizin artıq regional təşəbbüsləri qəbul edən deyil, onları formalaşdıran dövlətə çevrildiyini göstərir. Beləcə də təbii sərvətlərdən düzgün istifadə Azərbaycanın Zəfər tarixini yazdı.

Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri enerji siyasəti ilə hərbi-siyasi uğurlar arasındakı əlaqənin vurğulanması oldu. Azərbaycan enerji gəlirlərini sadəcə iqtisadi rifaha deyil, həm də dövlətin müdafiə potensialının gücləndirilməsinə yönəltdi. Bunun nəticəsində müasir ordu quruldu, hərbi texnologiyalar yeniləndi və peşəkar silahlı qüvvələr formalaşdırıldı. Nəticədə 2020-ci ildə Azərbaycan cəmi 44 gün ərzində Ermənistanın işğalına son qoyaraq tarixi Zəfər qazandı. Bu reallıq bir daha göstərdi ki, təbii sərvətlər yalnız düzgün idarə olunduqda dövlət gücünə çevrilə bilir. Azərbaycanın nümunəsi enerji gəlirlərinin milli maraqlara xidmət etdikdə hansı strateji nəticələr verə biləcəyini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri də Azərbaycanın qaz ehtiyatları ilə bağlı səsləndirdiyi mühüm qiymətləndirmə oldu. Mövcud ehtiyatların ən azı növbəti yüz il ərzində həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin enerji tələbatını qarşılaya biləcəyi barədə verilən mesaj ölkənin enerji potensialının miqyasını göstərir. “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və perspektivli digər sahələr Azərbaycanın qaz ixracının daha da genişlənəcəyini göstərir. Lakin Azərbaycan yalnız karbohidrogen resurslarına arxalanmır. Ölkə paralel olaraq yaşıl enerji keçidini də sürətləndirir. 2032-ci ilədək 8 giqavatlıq günəş və külək enerjisi potensialının yaradılması planı Azərbaycanın gələcək enerji modelinin hibrid xarakter daşıyacağını göstərir. Bu isə həm enerji ixracının davamlılığını təmin edir, həm də ölkənin qlobal iqlim gündəliyinə töhfəsini artırır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı artıq 16 ölkəyə çatdırılır Yəni, Azərbaycanın enerji diplomatiyasının ən böyük uğurlarından biri məhz Cənub Qaz Dəhlizidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdisə, bu gün həmin rəqəm artıq 16-ya çatıb. Onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun sürətlə artdığını nümayiş etdirir. Əslində, qazın 16 ölkəyə çatdırılması təkcə iqtisadi göstərici deyil. Bu, eyni zamanda geniş diplomatik əməkdaşlıq şəbəkəsinin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın nəticəsidir. Bu gün Azərbaycanın təşəbbüsü ilə formalaşan enerji marşrutları Avropa ilə Asiyanı, Xəzər hövzəsi ilə Aralıq dənizini, Mərkəzi Asiya ilə Qərbi birləşdirən mühüm geosiyasi platformaya çevrilib.

Cənab Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın enerji strategiyası artıq neft və qaz sərhədlərini çoxdan aşmışdır. Bu siyasət ölkəni regional liderdən qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Məhz buna görə də Bakı Enerji Həftəsində səslənən fikirlər təkcə Azərbaycanın keçmiş uğurlarının hesabatı deyil, həm də gələcək onilliklər üçün müəyyənləşdirilmiş strateji yol xəritəsinin təqdimatı kimi dəyərləndirilməlidir. Bu yol xəritəsinin əsas mahiyyəti isə aydındır: milli maraqlara söykənən müstəqil siyasət, enerji resurslarının səmərəli idarə olunması, güclü diplomatiya və regional əməkdaşlıq. Azərbaycanın son otuz ildə qazandığı uğurlar göstərir ki, məhz bu model ölkəni dünyanın enerji və geosiyasi xəritəsində söz sahibi olan dövlətlər sırasına yüksəldib.

Anar Abbasov,

YAP Nərimanov rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30