Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib

14.11.2024 [18:08]

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 14-də nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər. Xalqlar və dövlətlərə qarşı çoxsaylı təhdidlərin mövcud olduğu və qlobal kataklizmlərin hökm sürdüyü hazırkı vəziyyətdə Qlobal Cənub ölkələrinin dünyada sülh, təhlükəsizlik və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, həmrəylik və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın həyata keçirilməsi üçün səylərinin birləşdirilməsi və ardıcıl fəaliyyət göstərilməsinin əhəmiyyətindən bəhs edilib. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun Çin və tərəfdaş ölkələri bir araya gətirərək qlobal problemlərin həlli yollarının axtarılması, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması,  yeni ideyaların irəli sürülməsi və aktual çağırışlardan irəli gələn təşəbbüslərin reallaşdırılması üçün son dərəcə önəmli platforma olduğu diqqətə çatdırılıb.

Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda çıxış etməkdən böyük məmnunluq duyduğunu diqqətə çatdırıb: “Bu gün burada, Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir”.

YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir: “Qlobal Cənub Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi boyunca yerləşən, xalqlarının müxtəlifliyi, mədəniyyətlərinin özünəməxsusluğu, siyasi və iqtisadi sistemlərinin rəngarəngliyi ilə xarakterizə olunan bir çox dövlətləri əhatə edən bir coğrafiyadır. Bu platformada təmsil olunan əksər ölkələrin xalqlarını keçmişdə məruz qaldıqları və bəzilərinə qarşı yeni simada davam edən müstəmləkəçilik və istismar siyasəti birləşdirir. Bununla belə, Qlobal Cənub son dövrlərdə yeni güc mərkəzinə, iqtisadi inkişafın, texnoloji innovasiyaların və sosial tərəqqinin lokomotivinə çevrilmişdir”.

Tahir Budaqov vurğulayıb ki, mövcud beynəlxalq münasibətlər sisteminin böhranı şəraitində qlobal problemlərin artdığı müasir dünyada qarşılıqlı hörmət, ədalət və ortaq məqsədlərə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi olduqca vacibdir: “Bu kontekstdə Çin Xalq Respublikasının rolu xüsusilə diqqətəlayiqdir. Çinin irəli sürdüyü və bir çox ölkələr kimi Azərbaycanın da dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi Qlobal Cənubla Şimalın qarşılıqlı faydalı tərəfdaşlığını xeyli genişləndirmək potensialına malikdir. Bu layihə qlobal ticarətin ənənəvi marşrutlarını yenidən canlandırmaqla bərabər, qlobal iqtisadiyyatdan tarixən təcrid olunmuş regionlara da infrastrukturun, əlaqələrin inkişafı, rifah səviyyəsinin artırılması üçün yeni imkanlar yaradır. Bu baxımdan, qədim tarixi köklərə söykənən Azərbaycan-Çin münasibətləri bərabərlik, qarşılıqlı faydalılıq və etibarlı tərəfdaşlığın parlaq nümunəsidir. Təsadüfi deyil ki, Çin Azərbaycanın BRICS təşkilatına daxil olmaq təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Qlobal Cənubun yüksəlişinin və yeni dünya nizamının formalaşmasının təzahürlərindən olan BRICS bərabərlik, açıqlıq və əməkdaşlıq prinsiplərinə söykənən ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verməkdədir”.

YAP Sədrinin müavini əlavə edib ki, bugünkü dialoqu təşkil etməklə Çin inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək, dünyada qarşılıqlı anlaşmanı təşviq etmək və hər kəsə faydalı olan strateji tərəfdaşlıq üçün zəmin yaratmağa sadiqliyini bir daha nümayiş etdirir: “Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir. Biz əməkdaşlıq edərək və həmrəylik nümayiş etdirərək bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemləri həll etməklə yanaşı, daha balanslı və ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verə bilərik. Asiya ilə Avropanın kəsişməsində, Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu oynamaq missiyasını həm milli mənafelər, həm də ümumbəşəri maraqlar baxımından tarixi imkan və zərurət kimi dəyərləndirir. Ölkəmizin unikal coğrafi mövqeyi bizə birləşdirici qüvvə kimi çıxış etməyə, müxtəlif regionlar arasında dialoq və əməkdaşlığı təşviq etməyə imkan verir. Azərbaycan regionda əməkdaşlığı gücləndirən, tərəfdaşlığı inkişaf etdirən beynəlxalq əhəmiyyətli enerji və logistika layihələrinin təşəbbüskarı və əsas icraçısıdır. Ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələr suverenlik və bərabərliyə hörmət əsasında şəffaf və etibarlı tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir”.

Tahir Budaqovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün bərpası ilə çoxillik münaqişəyə son qoyan Azərbaycan təkcə öz suverenliyinin deyil, bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın və qətiyyətlə ortaya qoyur. “Multikulturalizm və dini tolerantlığın ardıcıl tərəfdarı olan Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bunu əyani şəkildə nümayiş etdirmişdir və bu gün də müxtəlif siyasi və humanitar forumların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməkdə davam edir. Bildiyiniz kimi, hazırda Azərbaycanda dünyanın hər yerindən çoxsaylı dövlət və hökumət başçılarının, yüksəksəviyyəli rəsmi şəxslərin, ekspertlərin, elmi dairələrin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Bu, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaqla onların həlli yollarını tapmaq, ideya və təcrübə mübadiləsini həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə Azərbaycanın növbəti töhfəsidir. COP29 tədbiri həm də qlobal kataklizmlərlə mübarizədə səylərin birləşdirilməsi məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında səmərəli dialoq üçün platformadır.

Bugünkü tədbirdə aparılan müzakirələrin beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inanıram. Hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə YAP Sədrinin müavini əlavə edib.

Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

NASCO XXVII...

14 Dekabr 11:54

Siyasət

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

14 Dekabr 09:49  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31