Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Tehranın “U” dönüşü...

Tehranın “U” dönüşü...

18.04.2023 [10:53]

Müsəlman ölkələrinə qarşı aqressiv davranışlara son qoyulur?

İran çıxılmaz vəziyyətdədir - beynəlxalq aləmdə tək qalıb

İranın son illərdə müsəlman ölkələrinə qarşı apardığı qeyri-adekvat siyasətin fiaskoya uğradığı göz önündədir. Bəzi müsəlman ölkələrinə qarşı haqsız aqressiv münasibət rəsmi Tehranı İslam dünyasından təcrid halına gətirib. Belə demək mümkündürsə, özünü sivil bir dövlət, beynəlxalq hüququ dəstəkləyən subyekt kimi aparmayan İran daha çox təxribatçı addımları, terrora çağırışları ilə seçilirdi. Bu isə, yolverilməz olduğu qədər təhlükəlidir. Məsələn, artıq uzun müddətdir ki, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən rəsmi Tehranın işğalçı, islam dəyərlərini təhqir etmiş Ermənistanı dəstəkləməsi məntiqsizdir. Bu addımı “maraqlar” müstəvisində izah etmək belə mümkün deyil - çünki İran regionun lider dövləti, qalib və eyni dinə məxsus olduğu Azərbaycanla əməkdaşlıq etməkdənsə, Ermənistanı seçir. Demək ki, burada dövlət marağı və ya başqa mühüm bir amil yer ala bilməz...

Bu kimi münasibət isə tək Azərbaycana qarşı deyil - rəsmi Tehran digər müsəlman ölkələrinə qarşı da eyni aqressiya ilə çıxış edir. Məsələn, ötən ilin sonunda İranın Səudiyyə Ərəbistanına hücum edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. “The Wall Street Journal” İranın Səudiyyə Ərəbistanına mümkün hücumu barədə xəbər dərc etmişdi. Qəzet hədəfin Səudiyyə ilə yanaşı digər, müsəlman dövlətləri olduğunu da bildirmişdi. Bu ehtimalı Səudiyyə Ərəbistanı kəşfiyyatı da təsdiqləmişdi.

Səudiyyəlilərə qarşı qadağa aradan qaldırılır...

Amma, deyəsən, rəsmi Tehran artıq reallıqları dərk etməyə başlayıb. Özünü beynəlxalq aləmdən təcrid etmiş, haqlı iqtisadi sanksiyalara məruz qalmış, beynəlxalq təhlükəsizliyə təhdid yaradan addımlar atmış İran artıq bəzi hərəkətlərini tənzimləmək istəyir. Məsələn, müsəlman dünyasının aparıcı dövlətlərinə qarşı tətbiq etdiyi qadağalar aradan qaldırılır. ISNA-nın yaydığı məlumata görə Səudiyyə Ərəbistanı vətəndaşlarının 7 illik qadağadan sonra İrana qayıtması və iki ölkənin səfirliklərinin yenidən açılması müəyyənləşib. İranın Hava Səyahətləri və Turizm İdarəsinin Həmkarlar İttifaqının rəhbəri Səudiyyə Ərəbistanının İrana birbaşa uçuşlar yaratmaq və tezliklə səfərləri bərpa etmək və asanlaşdırmaq niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının texniki nümayəndə heyəti İranda Baş Konsulluğunun açılması üçün Məşhədə səfər edib.

Əslində bu addım İranın öz xoşu ilə atılmır - İran hazırda “dəstək” axtarışındadır. Terrora himayədarlığı, münasibətlərdə qeyri-sağlam davranışları İranı regionda tək qoyub - rəsmi Tehran anlayır ki, baş verə biləcək hər hansı bir mümkün insident bütövlükdə beynəlxalq aləmi ona qarşı qoyacaq. Bundan qaçmaq üçün isə...

İran qaz böhranının bir addımlığındadır

İran həm də iqtisadi böhranın bir addımlığındadır. Ötən ilin sonunda iqtisadi ekspertlərin səsləndirdikləri statistik rəqəmlər də bunu təsdiqləyir. Belə ki, İranın hazırda qaz sektorunun 70 milyard dollara yaxın sərmayə yatırımına ehtiyacı olsa da, hökumətdə bu qədər pul yoxdur. 2021-ci ildə, eləcə də, ondan öncəki 4 ildə hər il neft və qaz yataqlarına yalnız 3 milyard dollar sərmayə yatırılıb. Bu isə böyük geriləmələrə səbəb olub - İranın 70 faiz qazını təmin edən “Cənubi Pars” qaz yatağı 2022-ci ildən kəskin təzyiq azalması ilə üzləşib. Qarşıdakı dövr üçün isə istehsalın hər ilə 10 milyard kubmetr azalacağı proqnozlaşdırılır. Ölkədə qaz böhranı həll olunmasa, İran qaz idxalatçısı olacaq. Başqa çarəsi yoxdur. Bu isə ildə milyardlarla dollar vəsaitin qaz idxalına getməsi deməkdir.

Xarici bazarlarla bağlı vəziyyət də ürəkaçan deyil. Avropa bazarından çıxarılmış Rusiya hazırda İranın “Şərq bazarları”nda ən böyük rəqibinə çevrilib. Yalnız neft deyil, son aylarda İranın polad və dəmir ixracatı da kəskin azalıb və Rusiya Şərq bazarlarını İranın əlindən alıb.

Yeni alternativlər meydana çıxır - Rza Pəhləvi faktoru aktuallaşır...

İranın “yumşalmasının” bir mühüm səbəbi isə siyasi və hərbi proseslərlə bağlıdır. Daxili auditoriyada hakimiyyətin nüfuzunun güclü olmaması, etirazların kütləvi hal alması, hakimiyyətdaxili çəkişmələrin yaşanması İranı rejimini düşüncəyə qərq edib - təbii ki, prosesin sonunun hakimiyyət dəyişikliyi ilə müşayiət olunması proqnozlaşdırılır. Belə olan halda, İran hakimiyyəti üçün ən təhlükəli hal daxili etirazların güclənməsidir. Bu isə qarşısıalınmız bir prosesə çevrilib. İnsan hüquq və azadlıqları kontekstində heç bir güzəştə getməyə hakimiyyətin etirazçılarla sərt davranışı beynəlxalq aləmin, ən əsası isə Qərbin diqqətindən yayınmır. Qərb dünyası İranın bu davranışları qarşısında susqun dayana bilməz. Hətta daxili auditoriya üçün yeni alternativlər belə ortaya çıxır. Məsələn, son dövrlərdə ABŞ-da yaşayan İran vəliəhdi Şahzadə Rza Pəhləvinin fəallaşması gözdən yayınmır - yenidən İranla bağlı fikirlər səsləndirən Rza Pəhləvi bu dəfə hətta fərqli qiyafədə - demokrat bir “lider” kimi İran siyasətinə dönüş etməyə niyyətli olduğunu açıq şəkildə bildirir. Yeri gəlmişkən, İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamliel hazırda ABŞ-da yaşayan İran vəliəhdi Şahzadə Rza Pəhləvi ilə görüşəcək. Bu barədə İsrail hökuməti məlumat yayıb. “İsrailin kəşfiyyat naziri Gila Qamliel İranın vəliəhdi, şahın oğlu və indiyə qədər İsrailə açıq səfər edəcək İranın ən yüksək rütbəli şəxsi Rza Pəhləvini qəbul edəcək”, - məlumatda bildirilir. Qeyd olunur ki, görüşün məqsədi İsrail və İran xalqı arasında körpü yaratmaqdır:

“Görüş zamanı İranda insan haqları ilə bağlı vəziyyəti müzakirə etmək planlaşdırılır. Səfər çərçivəsində Rza Pəhləvi Holokost qurbanlarının Beynəlxalq Anım Günü şərəfinə keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək, eyni zamanda, bəhai dini icmasının üzvləri və yəhudi-iran icması ilə görüşəcək”.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30