Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Yaxın Şərq  qarışdı

Yaxın Şərq  qarışdı

01.08.2024 [10:37]

Bir gündə iki hücum...

Beyruta atılan raketlərin əks-sədası Tehrandan eşidildi

Yaxın Orta Şərqdə vəziyyət kritik hal alıb. Bir neçə saat fərqlə İsrailin Livanın paytaxtı Beyrutun cənubuna hava hücumu təşkil etməsi və HƏMAS rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi onsuz da qeyri-stabil olan vəziyyəti çıxılmaz hala gətirib. Eyni gündə baş verən iki hadisə bölgədə qarşıdakı yaxın dövr üçün sülhün demək olar ki, mümkünsüz olduğunu deməyə əsas verir...

“5 milyon dollarlıq” Şükr öldürüldü...

Qeyd edək ki, İsrailin Livanın paytaxtı Beyrutun cənubunda, şiələrin sıx məskunlaşdığı Dahieh qəsəbəsinə hava zərbəsi nəticəsində ölənlərin sayının 3-ə yüksəldiyi bildirilib. Xarici mətbuatın məlumatına görə, İsrail ordusu verdiyi yazılı açıqlamada hücumun döyüş təyyarələri ilə edildiyini və öldürülən komandirin “Hizbullah” lideri Həsən Nəsrullahın “sağ əli” olduğunu bildirib. Əsl adı Fuad Şükr olan, Hacı Möhsün kimi tanınan şəxsin “Hizbullah”ın strateji quruluşunun rəhbəri olduğu söylənilir. O, İsrailə qarşı ötən ilin oktyabr ayından başlanan hücumlara, eyni zamanda iyulun 27-də Məcdel Şəms bölgəsinə hücuma rəhbərlik edib. İlkin məlumatlarda Livan təhlükəsizlik mənbələri “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün İsrailin Beyruta endirdiyi hava hücumundan sağ çıxdığını bildirsə də, sonradan onun öldürüldüyü dəqiqləşib. Qeyd edək ki, Fuad Şükr 1983-cü ildə Beyrutdakı ABŞ hərbi bazasına bombalı hücumda rol aldığı üçün rəsmi Vaşinqtonun axtarışda olanlar siyahısındadır. Bu hücumda 200-dən çox dəniz piyadası öldürülmüşdü və ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi.

Livan beynəlxalq ictimaiyyətə müraciət etdi...

Beyruta hava hücumunun ardından İsrail özünün hava təhlükəsizliyini təmin etmək üçün bəzi tədbirlərə əl atıb. Belə ki, İsrail Hadera şəhərinin şimalındakı hava məkanını bağlamaq qərarına gəlib. Livan isə məsələni qlobal müstəvidə həll etmək qərarındadır. Livanın xarici işlər naziri Abdullah Buhabib Beyrutda yerləşən LBCI TV-yə verdiyi açıqlamada, “Biz bu hücumu pisləyirik və paytaxtın vurulmasını qəbul etmirik” deyib. Buhabib bildirib ki, hücuma görə İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına şikayət ediləcək. Livanlı nazir hücumda 68 nəfərin yaralandığını açıqlayıb.

Livanın Baş naziri Nəcib Mikati isə İsrailin paytaxt Beyrutun cənub bölgəsinə etdiyi hücumu qınayıb və Nazirlər Şurasının iclasını çağırıb. İsrailin Beyruta hücumunun ölkənin ən böyük xəstəxanalarından birinə çox yaxın bir yerdə həyata keçirildiyinə diqqət çəkən Mikati deyib: “Baş verənlər İsrailin beynəlxalq hüququ və insan haqqlarını pozaraq mülki şəxslərə apardığı müharibə zəncirinin halqalarından biridir”.

Hücumun məsuliyyəti ilə bağlı məsələni beynəlxalq ictimaiyyətin öhdəsinə buraxacaqlarını vurğulayan Mikati beynəlxalq ictimaiyyəti öhdəliklərini yerinə yetirməyə, hücumları dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Netanyahunun sözsüz mesajı...

Beyruta edilən hücumdan sonra İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi baş nazir Benyamin Netanyahunun fotosunu heç bir mesaj olmadan paylaşıb. Mətbuat ofisindən paylaşılan fotoda Netanyahu İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaxi Xaneqbi, onun hərbi müşaviri Roman Qofman və bəzi rəsmilərlə görüşdə görüntülənib. Heç bir izahat verilmədən paylaşılan fotoda Netanyahunun qırmızı kabellə sabit telefonla danışdığı təsvir edilib.

BMT müharibənin qarşısını almağa çalışır

Beyruta edilən hava hücumuna beynəlxalq reaksiya da özünü gözlətməyib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik BMT Sülh Missiyasının və BMT-nin xüsusi koordinatoru Janin Hennis- Plasxartın iki ölkə arasında müharibənin qarşısını almaq üçün həm İsrail, həm də Livan rəsmiləri ilə danışıqlar apardığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi İsraili Livanın paytaxtı Beyruta hücumuna görə beynəlxalq hüququ pozmaqda ittiham edib. Bildirilib ki, bu hücum beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

ABŞ Dövlət Departamentinin sözçüçünün müavini Vedant Patel isə mətbuat konfransında İsrail və Livan arasında baş verənləri dəyərləndirərək İsrail və Livanlı rəsmilərlə davamlı danışıqlar aparıldığını bildirib. ABŞ-ın İsraili Livandan və Colan təpələri ilə sərhəd sayılan “mavi xətt”də gərginliyin artmasının qarşısını almaq istədiyini deyən Patel vurğulayıb ki, “diplomatiya ən yaxşı yoldur”: “ İsrailin və Livanın mülki vətəndaşlarının evlərinə qayıtması, sülh və təhlükəsizlik içində yaşamasına imkan verəcək diplomatik üsulla çıxış yolunun tapılması üçün səylərimizi davam etdiririk.

İsrail ABŞ-dan icazə alıb?

Livana edilən hücumdan saatlar sonra HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Haniyə və mühafizəçisi İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun iqamətgahına endirdiyi zərbə nəticəsində raketlə atəş nəticəsində öldürülüb. Qeyd edək ki, bir neçə gün öncə İsrailin Məcd əş-Şəms ərazisinə edilən hücumdan İsrail rəhbərliyi “Hizbullah”ı və İranı şiddətli qisasla hədələmişdi.  Bu mənada, hücumun İsrail tərəfindən həyata keçirilməsi ehtimal olunur.

Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tah məsələ ilə bağlı açıqlamasında İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyətin İsrail və ABŞ-ın üzərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, aksiya Vaşinqtonla razılaşdırılıb. Onun sözlərinə görə, İsmayıl Haniyənin vurulması ABŞ-dan “yaşıl işıq” aldıqdan sonra həyata keçirilən “qorxaq bir aktdır”. Tah İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.

HƏMAS-ın məsələ ilə bağlı açıqlamasında bildirilib ki, hadisənin” baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.

Bəzi mənbələr isə İsmayıl Haniyəni öldürən raketin xarici dövlətin ərazisindən buraxıldığını iddia edib. Qeyd olunur ki, mərmi İranın özündən deyil, başqa dövlətdən atılıb. “Nournews” portalı HƏMAS Siyasi Bürosunun rəhbərinin təyyarədən atılan raketlə öldürüldüyünü yazıb.

İran müzakirələrə başladı...

Bu arada İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı xəbərdarlıq edib. Bununla bağlı sosial media paylaşımında Pezeşkian bildirib ki, Tehran terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək: “İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”. Qeyd edək ki, dünən İsmayıl Haniyənin dəfn mərasiminin də Tehranda baş tutması planlaşdırılıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası (TŞ) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirib. Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak ediblər.

Türkiyədən başsağlığı...

Türkiyə Xarici İşlər Nazirliyi Tehranda evinə hücum nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. “Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini pisləyirik. Haniyə kimi yüz minlərlə şəhid verən Fələstin xalqına öz vətənində, öz dövlətinin damı altında sülh içində yaşaya bilməsi üçün başsağlığı veririk. Netanyahu hökumətinin sülhə nail olmaq niyyətində olmadığı bir daha üzə çıxdı. Bu hücum həm də Qəzzadakı müharibəni regional səviyyəyə yaymaq məqsədi daşıyır. Əgər beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün addım atmasa, regionumuz daha böyük münaqişələrlə üzləşəcək. Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək”, - deyə mesajda deyilir.

Keçmiş baş nazir...

Xatırladaq ki, Tehranda öldürülən İsmayıl Haniyənin ailəsi də yaxın zamanlarda hücuma məruz qalmışdı. Bu ilin aprelin 10-da İsrail ordusu Qəzza şəhərinin qərbində yerləşən Əş-Şati Qaçqınlar Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən İsmayıl Haniyə ailəsinin çoxlu üzvünün olduğu avtomobili atəşə tutmuşdu. Hücum nəticəsində Haniyənin 3 oğlu və 4 nəvəsi həyatını itirmişdi.

İsmayıl Haniyə özü isə 1963-cü ildə Qəzza zolağındakı Elşati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı qaçqın düşüb. 1987-ci ildə Qəzza İslam Universitetini bitirib. O, 1989-cu ildə Birinci İntifadada iştirak etdiyi və HƏMAS üzvü olduğu səbəbilə həbs edilib. 1992-ci ildə azad edildikdən sonra o, 415 İslami Cihad və HƏMAS üzvlərindən ibarət qrupa qoşularaq, İsrail tərəfindən Cənubi Livana deportasiya edilib. Növbəti il o, Qəzzaya qayıdıb.

1999-2004-cü illərdə HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb. 2005-ci ilin dekabrında keçirilən və 25 yanvar 2006-cı ildə təkrarlanan Fələstin Qanunvericilik Şurasına seçkilərdə siyahıya başçılıq edib. HƏMAS-ın 132 yerdən 74-nü qazandığı seçkilər nəticəsində 16 fevral 2006-cı ildə Haniyə HƏMAS-ın baş nazirliyə namizədi elan edilib və fevralın 19-da baş nazir təyin olunub. O, 2006-cı ilin oktyabrında və 2007-ci ilin mayında sui-qəsddən sağ çıxıb.

Nə ABŞ, nə də Rusiya “bəyəndi”...

Vurğulandığı kimi, baş verənlər Yaxın Şərq üçün yenidən müharibə və qarşıdurma planlarının aktual olduğunu göstərir. Hətta ABŞ-ın və Rusiyanın timsalında İsrailin atdığı addımların neqativ kimi dəyərləndirilməsi isə rəsmi Təl-Əvivin müharibə meydanını genişləndirmə planının bəyənilmədiyini deməyə əsas yaradır. Hazırda kifayət qədər qəliz kataklizmlərin içində boğulan bir dünyanı yenidən Yaxın Şərqə “sürükləmək” ağıllı sayıla bilməz - o baxımdan da, İsrailin həm Livan, həm də HƏMAS-la qarşıdurmalarda meydanda köməksiz qalma ehtimalı ortaya çıxır. Bu isə müharibə meydanının genişlənməsi ilə yanaşı, həm də uzunmüddətli döyüşlərin başlama ehtimalını irəli sürür...

SADİQ

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30