Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis bəyanat qəbul edib

Milli Məclis bəyanat qəbul edib

01.11.2025 [12:19]

Deputatlar 8 Noyabr - Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

Oktyabrın 31-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransının keçirildiyini və tədbirdə  20-dək ölkənin parlament nümayəndə heyətinin, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinlərinin, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçilərinin iştirak etdiyini xatırladıb. Tədbirdə  ümumən 100-dən çox şəxs iştirak edib. O, qeyd edib ki, bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi.

S.Qafarova qarşıdan gələn 8 Noyabr - Zəfər Günü barədə də fikirlərini bildirib. Onun sözlərinə görə,  8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub: “Vətən müharibəsində qazanılmış Zəfərin hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli ruhumuzun dirçəlişini ifadə edir. Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət hissindədir. Son illərin hadisələri də göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını bərpa etməyə qadirdir”.

50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlayıb

Spiker deyib ki, ölkəmizin işğaldan azad edilmiş bölgələri bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlayıb.  “Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı və Şərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirib”, - deyən S.Qafarova əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqları başlanıb. Həm də bu danışıqlar Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında aparılıb. Avqust ayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində əldə olunmuş razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun mərhələsini təşkil edib. Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb. Ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaq. “Təklif edirəm, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”,- deyə spiker vurğulayıb.

Sonra Milli Məclis 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib. Bəyanatın mətnini millət vəkili Vüqar Rəhimzadə oxuyub.

“Dövlət xidmətləri haqqında” qanun qəbul edilib

İclasda, həmçinin “Dövlət xidmətləri haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəd 5 fəsil və 20 maddədən ibarətdir. Qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Dövlət Xidmətlərinin Elektron Reyestri  dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Sənədə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Qanun layihəsində dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir. Layihədə öz əksini tapan vacib bir məqam ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Deputatlar “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklikləri də üçüncü oxunuşda qəbul ediblər. Dəyişikliklərə əsasən, avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir. Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.

Cinayət yolu ilə əldə edilmiş əmlaka görə cəzalar sərtləşdirilir

İclasda “İpoteka haqqında” qanunda dəyişikliklər də üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. Dəyişikliyə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.

Deputatlar Cinayət Məcəlləsində dəyişiklikləri də üçüncü oxunuşda qəbul ediblər. Dəyişikliklərə görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir. Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30