Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rusiya - Ukrayna müharibəsi nə vaxt bitəcək?

Rusiya - Ukrayna müharibəsi nə vaxt bitəcək?

13.07.2024 [10:50]

Sülh üçün münbit situasiya, əsaslı şərtlər formalaşıb 

İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi hazırki beynəlxalq münasibətlər sisteminin kilid nöqtəsidir desək, yanılmarıq. Son dövrlərdə nəinki iqtisadi münasibətlər bloku, həm də siyasi instutlaşma prosesi məhz bu münaqişədən “bəhrələnir”, bu münaqişə ilə yön alır. Başqa sözlə, dünya siyasətinin “göy” və “qırmızı” qütbləri arasındakı gərginliyin real və teatral nümayişi sayılan müharibə Avrasiyanın siyasi atlasına yeni çalarlar qazandırır. 

Təbii ki, müharibənin mənfi yükləri bütün tərəflər üçün özünü açıq şəkildə büruzə verir. Nə Rusiya, nə Ukrayna, nə də rəsmi və ya qeyri-rəsmi tərəfdaşlar, himayədarlar müharibənin nəticələrindən hansısa xeyir qazana bilməyib - tam əksinə, başda ABŞ olmaqla Avropanın Ukraynaya göstərdiyi milyardlarla yardımın göyə sovrulması həmin ölkələrin cəmiyyətlərində də mənfi assosiasiya yaradıb. Həmin mənfi assosiasiyasının nəticəsidir ki, bu gün Avropanın enerji təhlükəsizliyi təhdid altına düşür, müharibənin miqyasının genişlənməsi ilə bağlı ajiotaj zaman-zaman ölkələri öz ağuşuna alır. Eyni zamanda, bu mənfi assosiasiya köhnə qitənin siyasi idarəçilik mexanizminə də təsirsiz ötüşmür - hazırki iqtidarların radikal sağ mərkəzçi qruplarla əvəz olunması prosesində də ən aktiv rolu məhz Ukrayna müharibəsinin dayandırılmaması səbəbi əsas rol oynayır. 

Əsas tələb - bərabər iradə...

Təbii ki, bütün bu mənfi yüklənmələrin qarşılığında müsbətə yönəlik proseslərin də şahidi oluruq. Zaman-zaman sülh, müharibənin dayandırılması, danışıqlar masasında müzakirələr tipli fikir mübadilələrinin ortaya atılması bütövlükdə Avropanın gələcəyinin xilasına yönəlik tədbirlər kimi diqqətə alınır. Düzdür, indiki məqamda Avropanın mütləq əksəriyyəti bu cəhdləri bloklamaq üçün səy göstərsə də, qısa zaman sonra sülhün yeganə çıxış yolu olması hər kəs üçün qəbuledilən şərtə çevriləcək. Bu mənada, hətta Qərbin aparıcı siyasət adamları belə müharibənin dayandırılması üçün müsbət tendensiyaların varlığını yüksək dəyərləndirirlər. Xüsusilə, son dövrlərdə bu istiqamətdə səylərin artırılması xoş nəticələr üçün ümid yaradır - problemin hərbi poliqonda deyil, masada həlli üçün münbit şərait də var. 

İndiki məqamda olduqca vacib şərtlər formalaşıb ki, Rusiya-Ukrayna müharibəsinin bitməsinə təsirini göstərmək imkanındadır. Bu şərtləri qruplaşdırdıqda isə ortaya belə bir nəticə çıxır - müharibənin bitməsi üçün bütün tərəflərin bərabər şəkildə iradə nümayişinə böyük ehtiyac duyulur...

Orbanın “4 - 0”lıq qalibiyyəti 

Müharibənin bitməsi üçün ortada olan ən mühüm şans Macarıstanın Aİ-yə sədrlik etməsidir. Sirr deyil ki, Budapeşt hələ 2022-ci ildən müharibəyə münasibətdə kollektiv Qərbdən fərqli mövqe tutur - “Göy qanad”ın münaqişənin daha da alovlanması üçün yox, bitməsi, ən azından danışıqlar mərhələsinə keçməsi üçün səy göstərir. Rəsmi Budapeştin Ukraynaya yardım edilməsi, silah verilməsi və bu kimi müharibənin uzanmasına yol açacaq məsələlərə “yox” deməsinin əsasında həm də bu şərtlər dayanır. Hazırki situasiyada isə Macarıstan münaqişənin uzanmasına rəvac verən Avropa İttifaqına sədrlik edir. Maraqlı və diqqəti cəlb edən nüanslardan biri Macarıstanın Baş naziri Viktor Orbanın son günlərdəki siyasi gedişləridir. Öncə Kiyevə, sonra Şuşaya, Moskvaya və Pekinə səfər edən Orban mühüm siyasi iradə ortaya qoyaraq açıq şəkildə sülh uğrunda mübarizə apardığını yazır. Hətta Orbanın Vaşinqtonda keçirilən NATO sammitinə səfərini belə “Sülh görəvi davam edir 4:0” adlandırması maraqlı izahata malikdir. 

Orban tərəflər arasında konselidasiyanın formalaşmasına töhfə verir. Digərlərinin əksinə olaraq prosesin azalan xətt mərhələsinə keçməsini istəyir - uzlaşdırmaq üçün ortaq maraqlar axtarır. Kiyev - Moskva səfəri Orbanın barışdırıcı mövqeyinin ümumi maraqlar üzərində formalaşdığını göstərir. Macarıstan əsl missioner kimi tərəflər arasında ayrımçılıq etmir - hər iki tərəfə eyni məsafədən yanaşır. 

Ən əsası isə Rusiya-Ukrayna münaqişəsinin bitməsi uğrunda mübarizə aparan Türkiyə ilə eyni yolu addımlayır. Macarıstan bu məsələdə Türkiyənin nüfuzundan və inamından xüsusi siyasi qalxan kimi istifadə edir. Sülh uğrunda təkliflərə Ankara ilə birgə imzasanı atır - bu isə, yaxın dövr üçün münaqişənin silahlı mərhələsinin başa çatması ehtimalını gücləndirir. 

Sülhün Çin amili...

Sülhün reallaşmasının əsas ştrixlərindən biri Çin amilidir. Bu faktı yeni dövrün “sülh səfiri” sayılan Viktor Orban da təsdiqləyir - Çin prezidenti Si Cinpin Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı dünya güclərini Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpasına yardım etməyə çağırıb. Orban bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsində sülh üçün şərait yaradan əsas gücdür. Orbanı qəbul edərkən Çin lideri Rusiya və Ukraynanı atəşi dayandırmağa, digər böyük gücləri isə danışıqlar üçün əlverişli mühit yaratmağa çağırıb.

Pekin bir müddət öncə xüsusi sülh təklifi paketi ilə çıxış etmişdi - orada həm Ukraynanın, həm də Rusiyanın iştirakçısı olacağı beynəlxalq sülh konfransının keçirilməsi təklifi belə irəli sürülmüşdü. Belə bir fikir səsləndirilmişdi ki, “bütün tərəflər öz mövqelərində dayanırlar və onların sülh danışıqlarını başa düşmələrində nisbətən böyük boşluq var... lakin hamı razılaşır ki, bu müharibəni son nəticədə silahlar deyil, danışıqlar bitirəcək”...

Beləliklə, bu sülh konfransı birtərəfli olmayacaq - tam əksinə, hər iki tərəfin öz arqumentlərini dialoq vasitəsilə ortaya qoymaq imkanı yaranacaq.  İsveçrədə baş tutan və uğursuzluğa düçar olan “sülh konfransı” bu təklifin birtərəfli və zəif “yamsılanması” idi. 

Çinin səsləndirdiyi “sülh yolu” bütün tərəflər üçün bərabər imkanlar yaradır - Rusiyanın məsələdəki mövqeyi də bu təklifi dəstəkləyir. Məsələn, Kremlin bu təklifə münasibəti olduqca istidir - O, Çinin Ukrayna ilə bağlı təklif etdiyi planın üstünlüklərini təhlil edir və dəyərləndirir. Təsadüfi deyildi ki, Çinin bu təklifi Moskva tərəfindən rəğbətlə qarşılanmışdı və XİN başçısı səviyyəsində bunun mümkünlüyü ortaya qoyulmuşdu. 

Əslində, Çin bu davranışı ilə Avropa qitəsini də böyük bir qeyri-müəyyənlikdən xilas edir. Yeni dövr üçün özünün iqtisadi əsaslandırmasını təşkil və təmin etməkdə çətinliklər yaşayan Qərb üçün müharibənin bitməsi “nəfəslik” ola bilər. Çünki cəmisi iki il çəkən müharibənin iqtisadi zərbələrinə diqqət yetirdikdə itirən tərəfin yalnız Ukrayna və Rusiya olmadığı anlaşılır - tezliklə Çinin təklifi reallaşmasa, bütövlükdə qitə bu müharibədən ən zəifləmiş halda çıxacaq...

Ağ Evdə hakimyyyət dəyişsə...

Sülhün əldə olunması üçün münbit zəminlərdən biri də ABŞ-da baş tutacaq prezident seçkiləridir. Qərb siyasətçilərinin də bildirdiyi kimi, Ağ Evdə dəyişikliklərin olacağına böyük ehtimalla yanaşılır. Başqa sözlə, Baydenin hakimiyyət olimpini Respublikaçılar Partiyasına təhvil verəcəyi gözlənilir. Respublikaçıların isə Rusiya-Ukrayna müharibəsinə münasibəti demək olar ki, birmənalıdır - onlar bu münaqişənin “maliyyə mənbəyi” olmaq istəmirlər. Təsadüfi deyil ki, ötən ilin sonlarında ABŞ hakimiyyətinin Ukraynaya külli-miqdarda yardım etmək qərarı məhz Konqr?sdə respublikaçıların bu qərarı bloklaması nəticəsində dayandırılmışdı. Beləliklə, Ağ Evdə “siyasi əldəyişikliyi” Mərkəzi Avropada silahların susmasına da rəvac verə bilər.

NATO-nun son toplantısının siyasi nəticələri də bu məsələ üçün həlledici sayılan şərtlər arasındadır. Veriləcək qərarların prosesə nəticəsi mütləqdir - yəni, hətta Ukraynanın Alyansa üzvlüyünün gecikdirilməsi belə Qərbin münaqişədən sülhə doğru keçid reallaşdırma ehtimalını gücləndirir. Eyni zamanda, kollektiv Qərb özünün qlobal təhlükəsizlik sxematikasına yenidən nəzər salsa, bu onun da maraqlarına uyğun gələcək - ən azından “göy qütb” üçün “qırmızı qütbün” təhlükə yaratmadığına əmin ola bilər...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30