Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakının yeni beşulduzlu hotelləri

Bakının yeni beşulduzlu hotelləri

13.08.2011 [10:57]

“Hilton-Bakı” elit mehmanxanası paytaxta xüsusi yaraşıq verəcək
Hər hansı bir ölkədə turizm sənayesinin inkişafında beynəlxalq standartlara uyğun mehmanxana komplekslərinin mövcudluğu vacib şərtdir. çünki ölkə öz daxili potensialı, görməli yerləri ilə turistlər üçün nə qədər cəlbedici olsa da, əgər müasir tipli mehmanxana komplekslərinə malik deyilsə, burada turizm sektoru uğurla inkişaf etməyəcək. Bu baxımdan, Azərbaycanın şansları daha yüksəkdir. Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il təkcə Bakı şəhərində beş müasir tipli, dünya standartlarına uyğun beşulduzlu mehmanxana istifadəyə veriləcək. Bunlar “Kempenski-Badamdar”, “Hilton-Bakı”, “Four Seasons”, “Mariot-Abşeron” və “Firemont” mehmanxanalarıdır. Doğrudur, ötən ay dövlət başçısı İlham Əliyevin iştirakı ilə bunlardan birinin- “Kempenski-Badamdar” mehmanxanasının rəsmi açılış mərasimi olub. Sentyabrda isə paytaxtın “Azadlıq” meydanına xüsusi yaraşıq verəcək “Hilton-Bakı” elit mehmanxanası istifadəyə veriləcək.
“Hilton-Bakı” mehmanxanasının baş direktoru Manuel Avilanın sözlərinə görə, hazırda mehmanxana kompleksində son tamamlanma işləri aparılır. Artıq kompleksi idarə edəcək rəhbər kadr heyəti formalaşdırılıb, bunların əksəriyyəti paytaxtın digər mehmanxanalarında uzun illər təcrübə qazanmış yerli kadrlardır. Digər işçi personalın kompleksləşdirilməsi isə davam edir. Sentyabrın əvvəlinə mehmanxana açılışa tam hazır vəziyyətə gətiriləcək.
“Hilton-Bakı” bir sıra özəllikləri ilə paytaxtdakı digər mehmanxanalardan fərqlənəcək. 25 mərtəbədən ibarət olan mehmanxananın 17 mərtəbəsində paytaxtımıza gələn qonaqların dincəlməsi üçün otaqlar, qalan mərtəbələrdə isə administrasiya üçün otaqlar və digər xidmət sahələri yerləşəcək. Mehmanxanada ümumilikdə 309 otaq mövcuddur ki, bunlardan 231-i standart, 78-i Execitive, 8-i Suite, 27-i Execitive Suite, 1-i isə xüsusi qonaqlar üçün - Prezident otağıdır. Hər bir otaqda fərdi kondisioner sistemi, qiymətli əşyaların saxlanılması üçün seyflər, LSD ekranlı televizorlar, çay və qəhvə hazırlamaq üçün avadanlıqlar, mini bar, birbaşa çıxış telefon xətti, Lan və WiFi internet şəbəkəsi, həmçinin, digər xidmət sahələri var.
Mehmanxanada həmçinin, ayrıca siqaret çəkilməyən otaqlar, böyük miqyaslı konfranslar keçirmək üçün xüsusi zallar da mövcuddur. Bundan əlavə, “Hilton-Bakı” müştərilərinə bütün iclas otaqlarında və ictimai ərazidə WiFi internet xidməti təqdim edəcək. SPA/fitnes otaqları və idman zalları, fiziki qüsurlu qonaqlar üçün xidmətlər, 24 saat işləyən təhlükəsiz əmanət kassaları, camaşırxana və quru təmizləmə, fasiləsiz fəaliyyət göstərən biznes mərkəzi, uşaqlar üçün çarpayı və körpə beşiyi, yük saxlamaq üçün otaqlar da müştərilərin xidmətinə veriləcək. Bundan əlavə, mehmanxanada tələb olunduğu zaman qonaqların hava limanından qarşılanması xidməti, eləcə də, 24 saat çalışan taksi xidməti də mövcuddur.
“Hilton-Bakı”nın özəlliklərindən biri, sözsüz ki, 25-ci mərtəbədə yerləşən və müəyyən vaxt kəsimində bir tam dövr edən “360 dərəcə” restorandır. Qonaqlar burada həzin musiqi sədaları altında axşam qəlyanaltılarını etməklə yanaşı, Bakının füsunkar gözəlliyini - axşam mənzərələrini seyr edə biləcəklər, təklif olunan sərinləşdirici içkilər, xüsusi kokteyllər isə onlarda şəhərimiz haqda unudulmaz təəssüratlar yaradacaq.
Füsunkar interyeri ilə göz oxşayan “Sky Grill” restoranında isə qonaqlar Braziliya və Argentinadan gətirilmiş ət yeməkləri , müxtəlif qrillər, eləcə də, yerli və xarici ölkələrdən gətirilmiş şərab nümunələrindən dada biləcəklər.
“Sugar Lounge” də isə günün istənilən vaxtında milli adət-ənənələrimizə uyğun çay dəstgahı və paxlavalarımız, eləcə də, xalis kürünün də dadına baxmaq mümkün olacaq.
Bütün gün ərzində fəaliyyət göstərən və Bakının ən möhtəşəm iaşə obyekti olan “Cilantro”da qonaqlar Şərq mətbəx nümunələrindən ləzzət alacaqlar.
17-ci mərtəbədə yerləşən “Exesitive Loinge”də səhər yeməyi yeyəcək qonaqlar buradan Bakının, eləcə də, Xəzər dənizinin füsunkar ponaramasından həzz alacaqlar. Burada, həmçinin, qonaqlara gün boyu qəlyanaltı, içki çeşitləri və ödənişsiz internet xidməti də göstəriləcək.
23-cü mərtəbədə yerləşən və 1500 kv.m ərazini əhatə edən SPA mərkəzi isə örtülü hovuz, massaj otaqları, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı, Precor avadanlığı ilə fitnes və qrup hazırlıq studiyası kimi innovativ xidmətlərə malikdir. “Hilton-Bakı” baş direktoru Manuel Avilanın sözlərinə görə, mehmanxananın qonaqları, eləcə də, SPA mərkəzinin üzvləri dizayn baxımından ekstravaqant bir məkanda şəhərin landşaftından zövq almaqla yanaşı, beynəlxalq standartlara uyğun xidmətlərdən istifadə etməklə əla dincələcək, burada öz yorğunluqlarını çıxaracaq və öz güclərini bərpa edə biləcəklər.
Bir sözlə, 25 ildən artıq müddətdə “Hilton Worldwide” şirkətində çalışmış, şirkətin İspaniya və Kipr kimi ölkələrdəki mehmanxanalarını idarə etmiş Manuel Avila “Hilton” un Azərbaycanda da tezliklə uğur qazanacağına əmindir. “Düzü, mənə bu yeni əhəmiyyətli “Hilton” mehmanxanasını idarə etmək imkanı verildiyinə görə bir qədər həyəcanlıyam. Şirkətin Azərbaycanda və Qafqaz regionunda ilk obyekti kimi “Hilton-Bakı” mehmanxanası qrupun mövcud nüfuzuna əsaslanaraq Azərbaycanın genişlənən mehmanxana sektoruna yeni beynəlxalq xidmət standartı gətirəcəkdir. Eyni zamanda, bu obyekt mehmanxana sahəsində karyera qurmağı arzu edən şəxslər üçün regionda bir sıra maraqlı və cəlbedici iş imkanlarını yaradır”, - deyən həmsöhbətim “Hilton-Bakı”nın Azərbaycanda elan olunmuş “Turizm ili”nə töhfələr verəcəyinə əmindir.
Sonda isə, xatırlatmaq yerinə düşərdi ki, dünya mehmanxana sənayesində aparıcı brend olan “Hilton Worldwide”ın 78 ölkədə 540-dan çox mehmanxana şəbəkəsi vardır və bu brend hələ də dünyada “mehmanxana” sözünün sinonimi olaraq qalmaqdadır. “Hilton” təntənəli açılış mərasimlərindən və Hollivud mükafatlarının təqdimolunması mərasimlərindən tutmuş, işgüzar tədbirlərə və xüsusi anım mərasimlərinədək dünya ictimaiyyətinin tarix yaratdığı, müqavilələr bağladığı, xüsusi mərasimlərin şərəfinə badələr qaldırdığı bir məkandır. “Hilton Worldwide” 92 ildir ki, biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət yerlərini və dəyər təklif edir.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1277 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30