Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ömrünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır!

Ömrünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır!

05.10.2022 [10:00]

Bu gün müəllimlərin bayramıdır

Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!

Heydər Əliyev

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər verib. “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümummilli Lider bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul edib. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən Ulu Öndər deyib: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”.

Müəllimlərə dövlət qayğısı

Təsadüfi deyil ki, Ümummilli Lider müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar imzalayıb. Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı, cənab Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə Prezidentimiz “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Bu gün Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işlə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli addımlar atır.

Cənab Prezident son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev bildirib: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Müəllim dəyişəndə cəmiyyət də dəyişir...

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, həmin təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.

Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər. Bayramınız mübarək, əziz müəllimlər!

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

06 Dekabr 10:20

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31