Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Doğma yurda dönüş davam edir...

Doğma yurda dönüş davam edir...

17.07.2026 [09:34]

Şükürbəyli yenidən sakinlərini qarşıladı

İşğaldan azad edilmiş torpaqlarımıza aparan yollar bu gün tamamilə fərqli mənzərəni əks etdirir. Həmin yollar insanların sevinc göz yaşları, doğma yurda qovuşma sevinci və Böyük Qayıdışın yaratdığı qürur hissi ilə müşayiət olunan tarixi bir prosesin əsas ünvanına çevrilib. Mütəmadi şəkildə yola salınan köç karvanları illərlə ata-baba ocağına dönəcəyi günü böyük ümid və səbir içində gözləyən ailələrin həyatında yeni mərhələnin başlanğıcını qoyub. Bu köçlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın sürətlə bərpa olunduğunu, yaşayışın yenidən formalaşdığını və bu torpaqların əvvəlki nəfəsini geri qazandığını bütün dünyaya nümayiş etdirir.

52 nəfər yola salınıb

Dünən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Müasir kənd modeli qurulur

Şükürbəylidə müşahidə olunan mənzərə təkcə yeni evlərin istifadəyə verilməsi ilə məhdudlaşmır. Əksinə, burada müasir kənd yaşayış modelinin formalaşdırılması istiqamətində kompleks infrastruktur layihələri həyata keçirilir, yaşayış evləri ilə yanaşı, geniş və rahat avtomobil yolları çəkilir, elektrik, təbii qaz, içməli su və rabitə xətləri tamamilə yenidən qurulur. Eyni zamanda müasir küçə işıqlandırma sistemi yaradılır, ətraf mühit abadlaşdırılır, sosial və inzibati obyektlər istifadəyə hazırlanır. Bundan başqa, məktəb, uşaq bağçası, tibb məntəqəsi, xidmət və ticarət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Kənd sakinləri uzun illərdən sonra doğma torpaqlarına yalnız qayıtmaq deyil, həm də bütün zəruri sosial imkanlarla təmin olunmuş təhlükəsiz və rahat yaşayış mühitində həyatlarını davam etdirmək üçün böyük imkan əldə ediblər.

Təhlükəsiz yaşayış üçün bütün tədbirlər görülür

Şükürbəyliyə qayıdan ailələrin qarşılanması zamanı təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilir. Belə ki, sakinlərə mina təhlükəsi barədə ətraflı məlumat verilir, onlara azad edilmiş ərazilərdə davranış qaydaları izah olunur. Bu yanaşma bir daha göstərir ki, Böyük Qayıdış yalnız insanların doğma yurdlarına köçürülməsi deyil, həm də onların təhlükəsiz, dayanıqlı və rahat həyat şəraitinin təmin edilməsini özündə ehtiva edən genişmiqyaslı dövlət proqramıdır.

Cəbrayılın azadlığı bölgənin yeni inkişaf mərhələsini başlatdı

Şükürbəylinin yenidən dirçəlməsi Cəbrayıl rayonunun qəhrəmanlıq tarixindən ayrı təsəvvür edilə bilməz. Çünki rayon 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, on minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Lakin 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu oktyabrın 4-də işğaldan azad edildi və bu tarixi zəfər Qarabağın azadlığı uğrunda aparılan əməliyyatların dönüş nöqtələrindən biri kimi tarixə düşdü. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun cənub istiqamətində sürətli irəliləyişinə, dövlət sərhədinə nəzarətin bərpasına və sonrakı uğurlu əməliyyatların həyata keçirilməsinə mühüm strateji üstünlük qazandırdı.

Şükürbəyli küçələrində yenidən uşaq səslərinin eşidilməsi, insanların uzun illər həsrətində olduqları torpaqda yeni arzular qurması onu göstərir ki, Böyük Qayıdış proqramı təkcə yaşayış məntəqələrinin bərpası deyil. Bu, eyni zamanda Azərbaycanın tarixi ədaləti bərpa etməsinin və Qarabağı müasir inkişaf məkanına çevirmək istiqamətində həyata keçirdiyi ardıcıl dövlət siyasətinin ən parlaq nümunələrindən biridir. Burada salınan hər yeni küçə, tikilən hər ev və doğma kəndinə qayıdan hər bir ailə Qarabağın gələcəyinin quruculuq, inkişaf və davamlı məskunlaşma üzərində formalaşdığını nümayiş etdirir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31