Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

18.12.2013 [09:13]

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası ölkəmizin hərtərəfli inkişafına və beynəlxalq aləmdə siyasi çəkisinin artmasına möhkəm zəmin yaratmışdır. Müstəqil Azərbaycan dövləti bu gün çox sürətli inkişaf dövrünü yaşayır və bu tərəqqi dünyanın heç bir ölkəsində görünməmiş fenomenal sıçrayışdır, analoqu olmayan bir hadisədir. Həyatımızın bütün sahələrində nəzərəçarpacaq dərəcədə inkişaf və tərəqqi müşahidə olunur.
Bu gün Azərbaycanda Ulu öndərimizin bizə ən müqəddəs bir miras kimi qoyub getdiyi siyasi sabitlik və ardıcıl tərəqqi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə gedən sürətli inkişaf tempi paytaxt Bakıda, həmçinin bütün regionlarımızda da müşahidə olunmaqdadır.
Günbəgün çiçəklənən şəhər, rayon və qəsəbələrimizdə aparılan yenidənqurma və abadlıq işləri doğma Bakımızın 191.830 nəfər əhalisi olan Nizami rayonunda da tam qabarıqlığı ilə nəzərə çarpır.
Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insanların sosial vəziyyətinin yaxşılaşdırılması ən başlıca amil idi. Bu, xətt Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bütün bunlar əsas götürülərək əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması Nizami rayonunda daim diqqət mərkəzində saxlanılır. Fərəhli haldır ki, başa çatmaqda olan 2013-cü il də rayonun sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqları 625 min manata çatmışdır. Ümumilikdə rayon üzrə isə orta aylıq əmək haqqı 436 manat 40 qəpik təşkil edir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısının hesabatından da göründüyü kimi, 2013-cü ilin ötən dövründə rayonun sosial inkişafında digər uğurlar da qazanılmışdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq burada istehsal, tikinti və xidmət sahələrində yeni müəssisələr yaradılmışdır.
Əmək pensiyaçılarının ümumi sayı qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə uyğun olaraq 23354 nəfər olmuşdur. Cari ilin 9 ayında 693 nəfərə pensiya təyinatı aparılmışdır. Rayon üzrə orta pensiyanın məbləği hazırda 184,95 manat təşkil edir.
Ölkənin digər şəhər və rayonlarında olduğu kimi təhsil və səhiyyənin inkişafına göstərilən dövlət qayğısı Nizami rayonunda da müşahidə olunmaqdadır.
Bu il rayon ərazisində 200-ə yaxın məktəb əsaslı təmir edilmiş, yaxud yenidən tikilmişdir. 2013-cü ilin 9 ayı ərzində rayonun təhsil və səhiyyə müəssisələrində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən bir sıra əsaslı təmir, yenidənqurma və əlavə korpusların tikintisi işləri həyata keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 26-da rayonun Çobanzadə küçəsi, 2405-ci məhəllədə inşa edilmiş Valideyn himayəsindən məhrum olan və Uşaq evlərində böyüyən gənclər üçün yaşayış evinin, 172 və 190 nömrəli körpələr evi - uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışı mərasimləri olmuşdur.
Haqlı olaraq son illər Nizami rayonunun qəsəbə və məhəllələri öz abadlığına görə paytaxtımızın digər rayonlarına nümunə göstərilir. Bu, heç də təsadüfi deyil. Çünki ötən il həyət və məhəllələrin əksəriyyəti abadlaşdırılmışdır. Bir sözlə, bu gün Nizami rayonunda abadlaşmamış həyət və məhəllə qalmamalıdır.
Prezident İlham Əliyevin göstərişi və xeyir-duası ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neftçilərə xidmət göstərən bütün obyektləri mərkəzləşdirən Sosial İnkişaf İdarəsi yaradılmışdır. Neftçilərin sosial problemlərinin həllində ciddi dönüşün yaradılmasına xidmət edən həmin idarənin mənzil-istismar sahələrindən üçü Nizami rayonunda yerləşir. Buna görə də bu rayon həmişə Dövlət Neft Şirkətinin diqqət mərkəzindədir.
Azərbaycanın bütün bölgələrində və yaşayış məntəqələrində olduğu kimi, Nizami rayonunda da torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin problemləri daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində rayonda mühüm işlər görülür.
Bu ilin 9 ayı ərzində rayonda yerinə yetirilən podrat işlərin həcmi 389,4 milyon manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 51,1 faiz artmışdır.
Cari ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 134,8 milyon manatı və ya 95 faizi dövlət, 7,1 milyon manatı və ya 5 faizi qeyri-dövlət müəssisələrinə aiddir. Adambaşına düşən investisiyaların həcmi 141,9 manat olmuşdur.
Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon manatı və ya 64,5 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir ki, bu da öz növbəsində keçən ilin müvafiq dövrünə nisbətən 46,2 çoxdur. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin 9 ayında da pərakəndə ticarət dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmişdir. Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 13 faiz artaraq 1154,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 174,9 milyon manat olmuşdur.
2013-cü ilin yanvar-sentyabr aylarında iaşə müəssisələrində 18,6 milyon manatlıq xidmət göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrünün 83 faizini təşkil etmişdir.
İlin əvvəlindən rayonda özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənmiş və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində onlar müstəsna rol oynamışdır. Pərakəndə ticarət dövriyyəsinin demək olar ki, 100 faizi, pullu xidmətlərin 81,6 faizi bu müəssisələr hesabına əldə edilmişdir.
İşsizlik probleminin həlli istiqamətində görülən işlər Nizami rayonunda da daim diqqət mərkəzində saxlanılır. Məhz bu istiqamətdə atılmış məqsədyönlü işlər nəticəsində 2013-cü ilin yanvar-sentyabr aylarında rayonda 1450 yeni iş yeri açılmışdır. Ümumilikdə, 2003-cü ildən bu günədək rayonda 22914 yeni iş yeri açılmışdır ki, ondan da 22817-si daimidir.
Cari ilin 9 ayı ərzində həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir.
Nizami rayonu sakinlərin, xüsusən gənc nəslin təhsil, istirahət və sağlamlığının, habelə idmanın kütləviləşməsinə xidmət edən obyektlərin müxtəlifliyi ilə seçilən qabaqcıl yerli icra qurumlarından biridir. Rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika əhəmiyyətli lisey, “Dədə Qorqud” özəl Türk liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 2 kollec və özəl ali təhsil ocağı olan Xəzər Universiteti, 1 peşə məktəbi fəaliyyət göstərir.
Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika əhalinin sağlamlığının keşiyindədir. Rayonda 5 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi gənclərin həm bu sahədə nailiyyətlərin əldə olunmasına, həm də idmanın kütləviləşməsinə, onların sağlam və mənalı həyat tərzinin təminatına xidmət edir. Hazırda rayon ərazisində AFFA tərəfindən tutumu 20.000 nəfərlik və beynəlxalq standartlara cavab verəcək stadion inşa edilir.
Məlumdur ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də Bakı və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Bu məqsədlə keçmiş zibilxana və bataqlıqların yerində park və yaşıllıqların salınması, köhnə sənaye müəssisələrinin sökülüb yerində müasir yaşayış massivləri və digər binaların tikilməsi uğurla davam etdirilir. Rayonda fəaliyyət göstərən sənaye müəssisələrində atmosferə buraxılan qaz və digər zərərli maddələrin xüsusi çəkisi xeyli azalmışdır.
Nizami Rayon İcra Hakimiyyəti dövlətimizin başçısının sosialyönümlü siyasətinin yerlərdə həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Rayonda son 2-3 ildə təşkil olunan yarmarkalar, kənd təsərrüfatının məhsullarının istehlakçıya bilavasitə istehsalçı tərəfindən satılması üçün yaradılmış münbit şərait bir jurnalist kimi həmişə şahidi olduğumuz işlərdəndir. Bütün bunlar Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməklə yanaşı, həm də ölkə vətəndaşlarının sosial təminatının yaxşılaşmasına təkan verən amillərdəndir.
Bir məqamı da qeyd etməliyəm ki, bu gün rayon rəhbərliyi ilə sakinlər arasında əlaqə də xeyli yaxşılaşmışdır. Belə ki, sakinlərdən daxil olan şikayət məktubları, təklif və tövsiyələr icra hakimiyyətinin müvafiq şöbələri tərəfindən ciddi şəkildə araşdırılaraq, diqqət mərkəzində saxlanılır.
Son illərdə rayon icra hakimiyyətinin həssas yanaşdığı məsələlərdən biri də şəhid ailələrinə, qoca və ahıl təbəqəyə qayğı, tədbir və müzakirələrə elm, incəsənət, mədəniyyət xadimlərinin, Milli Məclis üzvlərinin dəvət olunmasıdır. Rayon rəhbərliyinin təqdirəlayiq işlərindən biri isə jurnalistlərin sorğu və suallarına bir qayda olaraq vaxtında və düzgün verilən cavablardır. Bunu həm rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirlərində media mənsublarının iştirakı, həm də rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu ilə jurnalistlər üçün elan etdiyi müsabiqə də sübut edir. Lakin qazanılan uğurlarla yanaşı, rayonda zamanla ayaqlaşmayan, sakinlərin istəyinə zidd problemlər də yox deyildir. Bunu fevralın 22-də İcra Hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan hesabat yığıncağında İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd etmişdir.
Biz dinamik inkişaf naminə bunu təbii qəbul edirik. Çünki problemlər, nöqsanlar adətən iş olan yerdə olur. Rayona etdiyimiz qısa ekskursiya rastlaşdığımız və rastlaşmadığımız problemlərin də uğurla həll ediləcəyinə tam əminlik yaradır. Bu barədə reyd zamanı gördüyümüz problemlərin bəzilərinin xoş niyyətlə qeyd etməyimizi isə icra hakimiyyətinin işinə KİV-lərin nəzəri dəstəyi kimi təqdim edirik. Məsələn, Keşlə bazarında və 4 nömrəli bazardakı sıxlıq, köşklərin qeyri-müasirliyi, bəzi yerlərdə antisanitariya, şəxsi avtomobillərin piyada səkilərində parklaşdırılması, şadlıq sarayları sahiblərinin müştərilərə menyunu tam həcmdə sırıması və sair və ilaxır kimi.
Bu gün zəngin karbohidrogen ehtiyatlarından gələn sərmayəni uğurla qeyri-neft sektorunun inkişafına tətbiq edən Azərbaycan dövləti artıq inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın əsas qayəsi xalqın rifahını yüksəltmək, onu layiq olduğu mərtəbəyə yüksəltməkdir. Bunu yaxın gələcəyə hesablanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında Prezident Sərəncamı də təsdiq edir. Şübhə etmirik ki, Nizami Rayon İcra Hakimiyyəti sözügedən Dövlət Proqramının həyata keçirilməsində də öz sözünü deyəcəkdir.
Samirə Allahverdiyeva
AzərTAc-ın müxbiri
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi müsabiqəyə təqdim edilir

Paylaş:
Baxılıb: 1310 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31