Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qeyri-neft ixracını stimullaşdıran siyasət

Qeyri-neft ixracını stimullaşdıran siyasət

19.06.2026 [11:58]

Sahibkarların ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət ödəyəcək

Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmana əsasən, mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və  qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi nəzərdə tutulur. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər. Belə ki, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.

İxrac xərclərinə görə kompensasiya 2027-2031-ci illərdə ödəniləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş ölkə mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. İxrac olunan malların Azərbaycan mənşəli olması mənşə sertifikatı əsasında müəyyən ediləcək. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə müəyyənləşəcək. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilməyəcək. Nazirlər Kabineti 2027-2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin edəcək.

Dövlət başçısının fərmanı ixracın dəstəklənməsi üçün yeni maliyyə mexanizminin hüquqi əsasını yaradır. Bu addım qeyri-neft ixracının artırılması, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsi və ixracatçıların xərclərinin azaldılması baxımından əhəmiyyətli qərar kimi qiymətləndirilə bilər. İxrac kompensasiyası ilə bağlı konkret məhsulları, ölkələri və kompensasiya məbləğləri müvafiq qurumların 3 ay müddətində hazırlayacağı siyahıya əsasən müəyyən ediləcək. Belə ki, növbəti mərhələdə hansı qeyri-neft məhsullarının dəstək alacağı, hansı ölkələrə ixrac zamanı kompensasiya veriləcəyi, bir bəyannamə üzrə maksimum dəstək məbləğinin nə qədər olacağı, müraciət və ödəniş mexanizminin necə işləyəcəyi müəyyənlə?əcək.

Ötən il qeyri-neft ixracı 3,6 milyard dollara çatıb

Azərbaycanın müasir inkişaf modelində prioritet istiqamətlərindən biri qeyri-neft ixracının təşviqi və ixracın çeşid və coğrafiyasının genişləndirilməsidir. Bu siyasət son illərdə öz müsbət təsirlərini göstərməkdədir. 2025-ci ildə ölkəmizin qeyri-neft-qaz ixracı 3,6 milyard dollar təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artım deməkdir. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. İxrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2 faiz, pambıq iplik 19,3 faiz, kimya sənayesi məhsulları 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb. Ötən il aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollar, aqrar-sənaye məhsulları üzrə isə 314,7 milyon dollara bərabər olub.

Ötən il qeyri-neft sektoruna aid malların ixracında qızıl ( 326,2 milyon dollar) birinci, pomidor  (192,5 milyon dollar) ikinci, karbamid (170,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, qeyri-neft və qaz ixracı 2026-cı ilin ötən dövründə də müşahidə edilib. Cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard dollar təşkil edib. Bu dövr ərzində ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2 dəfə pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57 faiz, alüminium və ondan hazırlanan məmulatlar 44,6 faiz, pambıq lifi 25 faiz, meyvə-tərəvəz 18,6 faiz, çay 16,8 faiz, spirtli və spirtsiz içkilər isə 6 faiz artıb. Bu dövrdə aqrar məhsullar üzrə ixrac 25,2 faiz artaraq 414,5 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 39 faiz artaraq 160,5 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8 faiz artaraq 575,1 milyon dollara bərabər olub.

“Azexport” - qeyri-neft ixracının elektron platforması...

Azərbaycanın ixrac imkanlarının artmasında “Azexport” portalı da mühüm yer tutur. 10 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.

“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib.

İxracatçıların xaricdəki məkanı - Ticarət Evləri

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin və Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirərək və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistik mərkəzlərin yaradılması və Ticarət Evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynamaqdadır. 

“Milli ixrac strategiyası” - qeyri-neft ixracının hədəf xəritəsi

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd- “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.

Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracının 5-7 milyarda qədər çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə çatmaq üçün xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə, ələlxüsus da bərpa olunan enerji sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiyanın əsas prioritetləri sırasında yer alır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30