Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür
28.04.2025 [10:17]
Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri ehtiramla xatırlanır.
AZƏRTAC akademik Zərifə Əliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi ülvi keyfiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirmişdi. Oftalmologiya elminin sirlərinə dərindən yiyələnmək üçün Moskvaya gedərək Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdi.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, səmərəli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma xəstəliyi aradan qaldırıldı.
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemləri ilə bağlı tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradır və elm aləmində peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş həmin laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında yer alan xatirələr arasında Heydər Əliyevin mühafizə rəisi olmuş Aleksandr İvanovun söylədikləri Zərifə xanımın həkim və insan kimi çox yüksək keyfiyyətlərini göz önündə canlandırır: “Bakı şin zavodunda kabineti vardı, fəhlələri qəbul edirdi. Onlar da, təbii ki, birbaşa istehsalat sexlərindən kombinezonlarında gəlirdilər. Hərdən istəyirdim zavod direktorunun yanına gedib deyim: heç olmasa Zərifə xanımın kabinetinin qarşısında balaca bir boks quraşdırın. Müayinə olunmağa gələnlər sanitar nəzarətdən keçsinlər. Zəhərli maddələrin hopduğu kombinezonlarında həkimin otağına girməsinlər. Axı Zərifə xanım səhərdən axşama kimi onlarla əlləşirdi...”
Oftalmoloq-alimin uzun illər apardığı tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.

Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.
Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Dünya oftalmologiya elminin tanınmış simalarının Zərifə xanım Əliyeva haqqında bəzi fikirlərini xatırlatmaq yerinə düşər.
Akademik Arkadi Nesterov deyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər: “Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 1966-1986-cı illərdə direktoru olmuş Kseniya Trutneva yazırdı ki, Zərifə Əliyevanın apardığı tədqiqatlar vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir: “Zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün bu nadir tədqiqatlar nəticəsində metodiki tövsiyələr işlənib-hazırlanıb, istehsalata tətbiq edilib”.
Əməkdar elm xadimi, professor Nina Şulpina Zərifə xanımın bir alim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirdiyini söyləyirdi: “O elə insanlardan idi ki, görüşdüyü hər adamın ürəyində bütün həyatı boyu yaddan çıxmayan izlər qoymağı bacarırdı. Belə insanlar əbədi yaşayırlar, yüksək vətəndaşlıq, humanizm və büllur mənəvi təmizlik simvolu kimi həmişə yanında olurlar. Zərifə xanımla bağlı ürəyimdə əbədi iz salan xatirələri sözlə ifadə etmək qeyri-mümkündür. Amma mütləq demək lazımdır ki, Zərifə Əziz qızı böyük elmi-tədqiqat mərkəzinin rəhbəri, alim, pedaqoq, həkim və ictimai xadim missiyalarını yüksək səviyyədə yerinə yetirməklə bir sırada gözəl ev sahibəsi, ana və həyat yoldaşı kimi də əvəzsiz idi. Həyat yoldaşına, övladlarına, son illərdə isə nəvələrinə qayğı bütün həyatına, varlığına hakim kəsilmişdi”.
Zərifə xanım həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.

Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar bəxş edib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda Birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – Birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.
Zərifə xanım insanların gözlərinə nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.

Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

