Tanrının bir anlıq yuxusu - Xocalı 33!
26.02.2025 [10:51]
Dondurulmuş zaman...
Xocalıdayıq. Düz 33 il əvvəlki kimi qar yağır. Bu dəfə qar dənələri şəhidlərin cansız bədənini yox, azad Vətən torpağını ağ örpəyə bürüyür.
Hava şaxtalıdır. İçimizdəki nisgil isə bu soyuqdan da kəskindir.
Ölümün də öz səssizliyi var. Sanki sükut içində sükut yaradır. Şəhərin gur səsi, adamların tələskən addımları o qış gecəsindəki sükutu poza bilmir. O gecə Xocalıda üşüyən körpələri düşünürəm. Anasının qucağında soyuqdan donan, al qana bürünən bələkdəki günahsız körpələri.
Hava elə soyuqdur ki, əllərimizi bərk-bərk paltolarımızın cibinə salmışıq. Əllərimi üşüməsin deyə qorumağa çalışdığım üçün də utanıram. Üzümə düşən hər qar dənəsində sanki şəhidlərin soyuqdan donmuş göz yaşlarını görürəm.
Xocalı... Bu ad özündə bir millətin çəkdiyi acıları, göylərə yüksələn ah-nalələri, qırılan ümidləri, güllə yağışı altında susan arzuları birləşdirir.
Qucağında buz heykələ dönmüş körpəsi ilə əllərini səmaya açıb kömək diləyən bir ana canlanır gözlərimin önündə. Qarlı meşədə yan üstə yıxılmış bir qoca donmuş barmaqları arasında sinəsinə sıxdığı Quran kitabı ilə Allaha yalvarır.
Bu fəryadlara Tanrı da cavab vermirdi, sanki dünyanın bunca dərdlərindən yorulmuş, bir anlığa mürgüləmiş və insan övladını bir-birinə əmanət etmişdi. İnsanlar Tanrının əmanətinə sahib çıxmamış, xəyanət etmişdi.
Ol səbəb, həmin gecə təkcə Xocalı ölmədi. İnsanlıq da öldü.
Unutsaq, o gecənin dəhşət dolu çığlıqları sonsuza qədər səssizliyə qarışar...
Addım atdıqca torpaq ayaqlarımız altda titrəyir, sanki bizə nə isə pıçıldayır. Səssizcə qulaq asıram.
Burada adi daş-divarlar da bir ömürlük xatirələr daşıyır. Bax, orada bir zamanlar uşaq gülüşləri eşidilən evlər vardı. Burada analar körpələrini bağrına basıb, qorumağa çalışırdı. İndi isə torpaq onları bağrına basıb, dincəldir. Gülüşlər, sevinclər, kədərlər hamısı torpaqda dəfn olunub. Bəlkə ona görə təbiət bu qədər kədərlidir.
Xocalının qarlı küçələrində addımlayarkən bu günə qədər izlədiyim kadrlar bir-bir gözlərimin önündə canlanır. Meşənin dərinliklərində əlində oyuncaq ayı tutan bir qız uşağı var, çəkmələrini boğazına qədər örtən qara baxır və soyuqdan titrəyir. Anasının qollarına sığınmaq istəyir. Elə hey irəli addım atmaq istəyir, amma bilmir ki, qarşısında ölüm dayanır. Gözümün önündəki lentlər sürətlə dəyişir: Balaca qızcığazın ürkək baxışları, yerə düşən oyuncaq ayısı... və sonra... sonra sadəcə sükut. 28 illik bir sükut. Bəlkə buna görədir ki, Xocalıda olmaq mənə ən çətin anlardan biri kimi görünürdü.
Ətrafa baxdıqca düşünürəm ki, sanki zaman burada illərlə dondurulub. Hər şey olduğu kimi qalıb, heç nə dəyişməyib. Uşaqların yalvarış səsləri, anaların fəryadı, ataların son nəfəsindəki çarəsizliyi bu torpaqlara hopub qalıb.
Adətimdir, ürəyim sıxılanda başımı qaldırıb göy üzünə baxıram. Qar dənələri xəfif-xəfif süzülür. Elə bil şəhidlərin 33 il əvvəl göylərə çəkilən nakam ruhları bizə salama gəliblər.
Azərbaycan Ordusunun rəşadəti və ölkə rəhbərliyinin siyasəti torpaqları təkcə azad etmədi, həm də onlara yeni nəfəs verdi. Deyirlər, ana sevgisi övladların hər biri üçün bərabər paylanır. Ancaq kimin ayağı daşa dəysə, onu bağrına basır. Daş üstə daşı qalmayan Xocalının bu gün ən incinmiş, ən yaralı övlad kimi xüsusi diqqətdə saxlanması da təəccüblü deyil.
Azərbaycan Ordusunun mübarizliyi, xalqın möhkəm birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Xocalı şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar yalnız döyüş meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın mövqeyini möhkəmləndirdi. Xocalı qurbanlarının intiqamı haqq və ədalət uğrunda verilən bu mübarizədə alındı.
Azərbaycan dövləti Xocalı faciəsinin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün bu gün də ardıcıl tədbirlər həyata keçirir. “Xocalıya ədalət!” kampaniyası, bu faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli bir rol oynayır.
Xocalının bərpası prosesinin özü də Azərbaycanın gücünü və iradəsini dünya səhnəsində göstərən əlamətdar bir mərhələdir. Bu, yalnız şəhərin fiziki infrastrukturunun yox, həm də Xocalıda həyatın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın və sosial fəaliyyətin yenidən canlanması deməkdir. Şəhərin bərpası insanların öz yurdlarına qayıdıb, orada yeni bir həyat qurmasına şərait yaradır. Xocalı sakinlərinin qayıdışı ilə onların doğma torpaqlarında öz həyat tərzləri bərpa edilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərinə səfərləri, sakinlərlə sərbəst şəkildə gəzmələri, səmimi söhbət etmələri, sakinlərin evində qonaq olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəldir.
Qəlbimizin bir tərəfində 33 il əvvəl bu günü xatırlayıb qəmləniriksə, bir tərəfdən də fərəhlənirik. Çünki körpə yaşda həyatlarına son qoyulan körpələrin yerini indi ata-babalarının Xocalıdakı evlərindən çıxıb hər səhər məktəbə gedən uşaqlar alıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

