Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Postmodernist Mədəniyyətdə Ənənəvi Dəyərlər Sistemi”

“Postmodernist Mədəniyyətdə Ənənəvi Dəyərlər Sistemi”

06.10.2012 [16:51]

Dünən Abşeron Hoteldə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuda “dəyirmi masa” keçirilib
Dünən II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Abşeron Hoteldə “Postmodernist Mədəniyyətdə Ənənəvi Dəyərlər Sistemi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa” 3 bölmədə öz işini davam etdirib. “Postmodernizm dövründə şəxsiyyətin reinterpretasiyası” adlanan birinci bölmədə postmodernizmin mahiyyəti, ona qarşı fərqli yanaşmalar, ənənəvi dəyərlər kontekstində postmodernizmin təzahürləri, bu cəmiyyətlərdə sosial institutların yeri və rolu, postmodernizmsonrası cəmiyyətlərin taleyi kimi məsələlər ətrafında elmi-nəzəri fikirlər səsləndirilib.
Öncə çıxış edən Buxarest Yazıçılar Assosiasiyasının prezidenti, professor Horia Qarbea qeyd edib ki, Azərbaycan onun ikinci vətənidir və ölkəmizdə keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə məmnuniyyət hissi keçirir: “Bu gün “Postmodernist Mədəniyyətdə Ənənəvi Dəyərlər Sistemi” mövzusunda müxtəlif elmi-nəzəri təlim və fikirlərlə tanış olacağıq. Əlbəttə ki, postmodernizm özlüyündə mürəkkəb bir mövzudur, ona görə bu barədə dərin elmi-nəzəri biliklər almaq təqdirəlayiq haldır. Ümidvaram ki, bu gün faydalı müzakirələr baş tutacaq və “dəyirmi masa”nın işi bötüvlükdə səmərəli olacaq”.
Daha sonra Beynəlxalq Olimpiya Akademiyasının prezidenti, professor İsidoros Kuvelos “Olimpizm əbədi ənənəvi dəyərlər sistemi kimi” mövzusunda çıxış edərək Olimpiadanın təhsil, sağlamlıq və mədəniyyət hadisəsi olduğunu bildirib. Onun sözlərinə görə, Olimpiada fəlsəfəsi pedaqoji səciyyə daşıyır: “Olimpiada diskriminasiyanı istisna etməklə müxtəlif ölkələri və mədəniyyətləri birləşdirir, bəşəriyyətin ahəngdar inkişafını şərtləndirir”.
İsidoros Kuvelos qeyd edib ki, təhsil, sağlamlıq və mədəniyyət elementlərini özündə birləşdirən Olimpiada hərəkatı bəşəriyyətdə yeni mütərəqqi dəyərlər sistemi formalaşdırıb: “Mən deyərdim ki, iqtisadi, mənəvi-əxlaqi, hüquqi nöqteyi-nəzərdən təkmil dəyərlər təşəkkül tapıb ki, bu da beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir”.
“Postmodernizm çərçivəsində təşəkkül tapmış dəyərlər insan psixologiyası üçün neqativ səciyyə daşıyır və insan psixologiyasının transformasiyasını şərtləndirir”. Bunu isə “Nanopsixologiya və postmodern psixologiya insanlığın qlobal problemlərinin yeni komponenti kimi” mövzusunda çıxış edən Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ramil Qarifullin deyib. O bildirib ki, postmodernizm cəmiyyəti insanlarda yeni növ asılılıqlar yaradır, bu isə azad iradəni və inkişafı məhdudlaşdırır.
“Postmodernizm insanlarda mənəvi “karlıq” yaradıb. İnsanlar artıq problemləri duymur və ağılla yox, hisslərlə idarə olunur. Bu isə reallıqdan uzaqlaşmağa səbəb olur ki, bununla insanlar müəyyən neqativ psixi dəyişikliklərə məruz qalırlar. İnsan iki dünya - real və virtual dünya arasında qalır və internet qloballaşmasının obyektinə çevrilir. Bütün bu problemləri həll etmək üçün insanlar arasında yeni dialoq formalaşdırılmalıdır”, - deyə Ramil Qarifullin vurğulayıb.
Avstriya Ali Məhkəməsinin keçmiş sədri, “Transparency İnternational” təşkilatının idarə heyətinin üzvü, professor Yohan Reşut “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusu ilə bağlı elmi-nəzəri fikirlərini bölüşüb. Professor ənənəvi dəyərlər sistemindən modernizmə, modernizmdən isə postmodernizmə keçidlə ilə əlaqədar baş vermiş dəyişikliklərdən bəhs edib. “Bəşəriyyətin inkişafı üçün bir sıra konsepsiyalar mövcuddur. Əlbəttə ki, əksər konsepsiyalarda bəşəriyyətin inkişafının elmi-strateji əsasları əks olunmuşdur və belə bir tezis ifadə olunur ki, bəşəriyyətin elmi inkişafı çay axınına bənzəyir. Əsas odur ki, bu axın daşqına səbəb olmasın”, - deyə Yohan Reşut bildirib.
“Postmodernizmdən sonra metamodernizm: trans-oppozisiya, yoxsa hiperkontaminasiya” mövzusunda çıxış edən “Vsesvit” Dünya ədəbiyyatı jurnalının baş redaktoru, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun Dünya Ədəbiyyatı şöbəsinin elmi işçisi Dmitro Drozdovski bildirib ki, postmodernizm 1970-ci illərdə dəfn olunub və artıq metamodernizmdən (post-postmodernizmdən) bəhs etmək lazımdır. “Metamodernizmdə insan davranışları və texnoloji inkişaf əsas götürülməlidir. Digər tərəfdən, post-postmodernizm yeni mifologiyalarla bağlıdır, sanki, utopiyalar yenidən bərpa olunur”, - deyən Dmitro Drozdovski əlavə edib ki, metamodernizm bir sıra səciyyəvi xüsusiyyətləri ilə orta əsr təsəvvürlərinə söykənir. Post-postmodernizm özündə ənənəvi, modern və postmodern dəyərləri birləşdirir. Bu cəmiyyətlərdə arzular, istəklər və məqsədlər milli sərhədləri aşaraq qloballaşır.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru, “Avrasiya Dialoqu” platformasının sədri Vladimir Sergiyçuk “Cəmiyyətlər, mədəniyyətlər və icmaların dialoqu” mövzusunda məruzə edərək mədəniyyətlərarası dialoqun əhəmiyyətindən bəhs edib, ənənəvi və müasir mədəniyyətlərin sintezini xüsusi olaraq vurğulayıb.
Azərbaycan Dillər Universitetinin dosenti Samir Həmidov isə “Müasir proseslər reallığın simulyasiyası kimi: obrazlar və biz” mövzusu ətrafında elmi-nəzəri qənaətlərini çatdırıb.
Birinci bölmənin son məruzəsi isə Azərbaycan Dillər Universitetinin dosenti Qorxmaz Mustafayev tərəfindən “Postmodernizm və onun cəmiyyətin həyatında rolu” mövzusunda edilib.
“İntermediallıq mədəniyyətlərarası diffuziyanın mexanizmi kimi” adlanan ikinci bölmədə “İncəsənət bu gün: emosiya və rasionallıq”, “Ədəbicaz narrativi Amerika postmodern romanının mühüm komponenti kimi”, “Mədəniyyətlərarası diffuziya mədəniyyət dialoqunun spesifik mexanizmi kimi”, “Arxetip bədii mətndə intersemiotikliyin əsası kimi” mövzularında məruzələr dinlənib.
“Müasir dünya gerçəkliyində humanitar və mədəni transformasiyalar” adlanan üçüncü bölmədə isə “Postmodernist mədəniyyətin ənənəvi dəyərlər sistemi və Afrika”, “Müstəqillik dövründə Azərbaycanın milli mədəniyyəti və mədəniyyət sisteminin transformasiyası”, “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzularına dair elmi-nəzəri qənaətlər diqqətə çatdırılıb.
Çıxışların sonunda mövzulara dair müzakirələr aparılıb və Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib.
NURLAN QƏLƏNDƏR
Paylaş:
Baxılıb: 1648 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30