Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəmiyyətin təməl daşı...

Cəmiyyətin təməl daşı...

15.05.2024 [11:12]

Beynəlxalq Ailə Günüdür

Hər bir cəmiyyətdə ailə mövzusu daim aktual problemlərdən biri hesab olunur. Bildiyimiz kimi, ailə ictimai-tarixi hadisədir. Cəmiyyətin formalaşması və onun başlıca özəyini təşkil edir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə şərtlənir. Etiraf edək ki, cəmiyyətdə hansısa dəyişikliklər baş verərsə, bu, ilk növbədə ailələrə təsir göstərir. Bir sözlə, kiçik sosial qrup olmasına baxmayaraq, ailə  və onun qorunması məsələsi zaman-zaman aktuallaşır.

Bu gün Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Belə ki, BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə qərar qəbul edilib. Bu günün qeyd olunmasında məqsəd isə planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltmək məqsədi daşıyır.

Ölkəmizdəki ailədaxili münasibətlərə, mövcud olan problemlərə, boşanmaya səbəb olan amillərə və statistikaya diqqət yetirək. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Ailədaxili problemlərdə iqtisadi amillər...

Etiraf edək ki, günümüzdə ailə quran cütlüklərin yaşadığı problemlər arasında iqtisadi faktorlar mühüm rola malikdir. Münasibətlərə xələl gətirən iqtisadi amillərə-işsizlik, həyat səviyyəsinin aşağı olması və yoxsulluğu qeyd edə bilərik.

Avropa dəyərlərinin cəmiyyətimizə təsiri...

Bəzən sosial şəbəkədə bir qrup şəxs Azərbaycanda ailə institutunun yararsız olması ilə bağlı təbliğat aparır. Onlar bildirirlər ki, həm ailə, həm də milli-mənəvi dəyərlər cəmiyyətin inkişafına ayaq bağı olur, bundan qurtulmaq lazımdır. Onların iddialarına görə, ailə institutu köhnəlmiş bir ənənədir. Bu xəttin tərəfdarları özlərini müxtəlif cinahların, hərəkatların nümayəndəsi kimi təqdim edirlər. Bir qrup bildirir ki, feministdirlər, digər bir qrupu özlərini liberal adlandırır. Həmin şəxslər Avropa ölkələrindəki ailələri misal gətirirlər. Lakin Avropanın bütün dəyərlərini olduğu kimi öz cəmiyyətimizə gətirə bilmərik. Bu, tərəflər arasındakı problemlərə, ailələrin dağılmasına yol açır.

Gender bərabərliyi...

Çox vaxt ailədaxili münasibətlərin korlanmasında gender bərabərliyinin qorunmaması vacib rol oynayır. Lakin əksər hallarda gender bərabərliyi ilə bağlı yanlış təbliğat aparılır. Bu da gender bərabərliyindən danışarkən yalnız qadın hüquqlarının pozulması barədə informasiyalardır. Ancaq unutmamalıyıq ki, gender bərabərliyi, eyni zamanda, kişi hüquqlarının pozulması deməkdir. Düzdür, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Ailə büdcəsinə öz töhfələrini verməklə bərabər, qadınların özünə inamı artır, ailədə iqtisadi cəhətdən asılı olmurlar. Lakin təəssüflər olsun ki, ölkəmizdə gender bərabərliyi adı altında yanlış təbliğat aparılır. Ailədə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər. Amma bəzi hallarda qadınların kişiləri istismar etməsinin də şahidi oluruq. Məsələn, gününü alış-verişlərdə, gözəllik salonlarında keçirməyi sevən qadınlar heç bir yerdə işləmədikləri halda kişidən maddi tələbatını ödəməyini israr edir. Bunu isə kişilərin bir növ istismarı adlandırmaq olar.

Sosial şəbəkələr ailələri necə məhv edir?

Aparılan araşdırmalara görə, son illər bütün ölkələrdə sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri artıb. Dünyada qeydə alınan boşanmalarda Vatsap yüzdə 40 nisbətində rol oynayır. İkinci yerdə Feysbuk, üçüncü yerdə isə sigər sosial şəbəkələr gəlir. Yeniyetmələrin, evli qadınların evdən qaçması artıq “dəb” halına çevrilib. Bu kimi hadisələrin kökündə dayanan səbəblər araşdırılanda isə məlum olur ki, ailədən qəfil uzaqlaşma sosial şəbəkədə baş tutan hansısa tanışlıqla bağlıdır. Bu baxımdan sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri, boşanmalara yol açması danılmazdır.

Çıxış yolu nədir?

Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ümumiyyətlə, son illər bir çox dünya ölkələrində boşanma saylarının artmasını müşahidə edirik: “Müasir ailə modelində stresə dayanıqlılıq, tərəflərarası emosional sabitlik və problemin həll etmə bacarığının getdikcə azalması, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili münaqişələrə və boşanmalara gətirib çıxarır. Bu məsələdə mənəvi, psixoloji məqamlar da əksini tapmaqdadır. Bu gün boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün olmazdı. Çünki hər iki tərəf ailə öhdəliyinin, dəyərlərinin, hüquqlarının, ailədə sağlam psixoloji mühitin qorunması müstəvisində eyni dərəcədə məsuliyyət daşıyır.  Burada əsas məsələ isə boşanmalara səbəb olan amillərin mümkün qədər aradan qaldırılması, bu, mümkün olmadıqda isə nikahların pozulmasından sonra yaranan hüquqi-psixoloji problemlərin qanuni və sivil şəkildə həll olunmasıdır.

Dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərləri özündə ehtiva edən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Ailələrin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması aidiyyəti qurumların qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə mütəmadi olaraq genişmiqyaslı tədbirlər və maarifləndirmə layihələri həyata keçirilməlidir”.

Göründüyü kimi, ailələrin dağılma səbəbi konkret bir məsələdən ibarət deyil. Buraya maddi durumdan tutmuş, mənəvi, psixoloji amillər də daxildir. Ekspertlərin fikrindən ümumi belə bir qənaətə gələ bilərik ki, ailə qurulmadan öncə ölçülüb-biçiləcək çox incə məqamlar var. Həmin məqamlar ilk baxışdan ciddi görünməsə də ailə quran şəxslərin bu istiqamətdə maarifləndirilməsi vacibdir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31