Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vatikandan sülhə çağırış

Vatikandan sülhə çağırış

02.04.2024 [10:50]

Məğlub Ermənistanın postmüharibə dövründə tənzimləmə prosesinə töhfə vermək əvəzinə, revanşizm mövqeyi tutması və müxtəlif manipulyasiyalara əl atması regionda təhlükəsizliyə yeni təhdidlər yaradır və eskalasiya risklərini artırır. Bu da dünyada narahatlıqla izlənilir. Bu günlərdə Roma Papası Fransisk növbəti dəfə sülhə çağırış edib. “Ermənistan və Azərbaycan arasında danışıqlara çağırıram ki, beynəlxalq ictimaiyyətin dəstəyi ilə onlar dialoqu davam etdirsinlər, nəticədə sülh sazişi imzalansın”, - deyə Papa bildirib.

Sülh prosesinin təşəbbüskarı qalib Azərbaycandır

Qalib Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələr sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar təxminən otuz il ərzində Ermənistanın apardığı işğalçılıq siyasətinə görə təhdidlərlə, müharibə riskləri ilə üz-üzə qalmış Cənubi Qafqaz coğrafiyasında etimad mühitinin yaranması və əməkdaşlıq üçün möhkəm zəmin ola bilər. Regionun gələcəyi naminə bundan maksimum dərəcədə istifadə olunmalıdır.

Otuz illik işğal dövründə böyük məhrumiyyətlərlə üzləşən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan bütün bunlara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun potensialı müharibəyə deyil, inkişafa, əməkdaşlığa, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməlidir. Bundan ötrü Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra iki ölkə arasında etimad mühitinin formalaşması mümkündür. Qeyd edək ki, respublikamız müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib. Ölkəmiz postmüharibə dövründə qarşı tərəfə beş bənddən ibarət sülh paketi ünvanlayıb. Bu sənəd hazırlanarkən müharibənin qalib tərəfi olan Azərbaycan hansısa bir üstünlüklər qazanmaq, imtiyazlar əldə etmək niyyəti güdməyib, sırf beynəlxalq hüququ əsas götürüb.

Qalib Azərbaycan regionda davamlı sülhə nail olunması üçün vasitəçilərin səyi ilə aparılan danışıqlarda da fəallıq və konstruktivlik nümayiş etdirir. Respublikamızın zamanında dəstək verdiyi və fəal şəkildə qoşulduğu Brüssel formatı, təəssüf ki, məhz Ermənistanın və onun havadarı qismində çıxış edən Fransanın məsuliyyətsizliyi səbəbindən iflasa uğrayıb. Fransa birtərəfli qaydada Ermənistanı dəstəkləyir, silah tədarük edərək bu ölkəni revanşizmə ruhlandırır. Belə olan halda Azərbaycan Fransanın vasitəçiliyinə razılaşa bilərmi? Əlbəttə ki, yox! Vasitəçi səmimi olmalıdır və tərəf saxlamamamalıdır. 

Hazırda respublikamız danışıqlar prosesinin ikitərəfli formatda və yaxud region dövlətlərinin iştirakı ilə aparılmasına daha çox üstünlük verir. Bu, sülhyaratma prosesinə ən konstruktiv yanaşmadır. Danışıqlar prosesində yer almaq istəyən kənar aktorlar mütləq öz maraqlarından çıxış edirlər ki, bu da prosesin uzanmasına gətirib çıxardır. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti (əslində, fəaliyyətsizliyi - red.) buna əyani misaldır. Otuz ilə yaxın bir zaman kəsiyində aparılan danışıqlar  substantiv nəticələr vermədi. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, bununla da beynəlxalq hüququ öz gücünə təmin etmək məcburiyyətində qaldı.

Kommunikasiyaların açılması regionda sülh prosesinə ən sanballı töhfə olardı. Üçtərəfli Bəyanatın doqquzuncu bəndində bildirilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan postmüharibə dövründə dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Respublikamız, həmçinin Naxçıvanla kommunikasiya əlaqələrinin bərpasına qısa müddətdə nail olmaq üçün Zəngəzur dəhlizinin avtomobil və dəmir yolları seqmentləri üzrə layihələrin reallaşdırılmasına start verib. Biz burada da Ermənistanın məsuliyyətsiz davranışlarının şahidi oluruq.  İndiyədək bu ölkədə kommunikasiyaların açılması istiqamətində hansısa bir addım atılmayıb.

Ermənistan sülh prosesini əngəlləyir

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan sürüşkən mövqe sərgiləyərək hansı yollarlasa tənzimləmə prosesinə əngəllər yaratmağa çalışır. Bu ölkədə üçtərəfli Bəyanatın, digər formatlarda əldə olunan razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Belə cəhdlər isə sülh prosesinə mənfi təsir göstərir. 

Baş nazir Nikol Paşinyan indiyədək müxtəlif auditoriyalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, kommunikasiyaların açılmasının ölkəsi üçün də böyük əhəmiyyət daşıdığına diqqət çəkib. Bu kimi açıqlamalarla N.Paşinyan, əslində Ermənistan cəmiyyətini reallıqla barışmağa, başqa çıxış yolu olmadığına inandırmağa çalışır. Əslində, forpost ölkə üçün doğru olan da elə budur. Ancaq məğlub ölkənin lideri siyasətində qətiyyətsizdir. O, müxalifətin təpkiləri qarşısında tez geri çəkilir və əvvəl dedikləri sözləri bir növ geri götürür. Baş nazirin belə qeyri-ardıcıllığı sülhyaratma prosesində hansısa bir mərhələdə əldə olunan razılaşmlara xələl gətirərək nəticədə onların üstündən xətt çəkir.

Ermənistanın üçtərəfli Bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılması öhdəliyindən yayınmasından bəhs etdik. N.Paşinyan həmçinin “Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deməsində də səmimi görünmür. Məlumdur ki, son vaxtlarda sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində fəaliyyətlərə başlanıb. Prosesin uğurlu getməsi üçün Ermənistan ilkin mərhələdə Azərbaycanın dörd anklav olmayan kəndini geri qaytarmalıdır. Həmin kəndlərin Azərbaycana məxsus olduğunu N.Paşinyanın özü və komandasının digər üzvləri də dönə-dönə təkrarlayıblar. Ancaq daş yerindən tərpənmir. Belə ki, ilkin razılaşmanın müddəti bitsə də, qarşı tərəf əraziləri Azərbaycana təhvil verməyə tələsmir. Bunun əvəzində N.Paşinyan və digərləri yeni müharibə risklərindən danışır və regiona kənar güclərin gəlməsinə nail olmağa çalışırlar. Belə yanaşmalar isə, təbii ki, sülh prosesinə ciddi maneələr yaradır.

MÜBARİZ

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30