Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Dəmir Yumruq” uzaq Yeni Kaledoniyada

“Dəmir Yumruq” uzaq Yeni Kaledoniyada

02.04.2024 [10:00]

Getdikcə daha çox ölkədə “Rədd ol, Fransa” şüarları səsləndirilir

Uzaq Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik siyasətinə qarşı etirazların miqyası getdikcə genişlənir. Belə demək mümkündürsə, proseslər dönməz xarakter alır. Baş verənləri təhlil etdikdə o qənaət hasil olur ki, Afrikanın bir sıra digər ölkələrindən sonra artıq Yeni Kaledoniyada da Fransanın hər hansı bir formada mövcudluğuna imkan verilməyəcək. Aprelin 2-də ölkənin paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyasının keçirilməsi nəzərdə tutulub. Təşkilatçıların yaydıqları məlumatlara əsasən, aksiya “Dəmir Yumruq” şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun loqosu əks olunacaq.

Fransanın utancverici siyasətinə qarşı kəskin etirazlar

Müasir, sivilizasiya görmüş insanın təsəvvüründə XXI əsrin inkişaf səviyyəsi ilə müstəmləkəçilik siyasətini bir araya sığışdırmaq mümkün deyil. Dərk olunur ki, kolonializm, sümürməçilik keçmişin qalığıdır və birdəfəlik rədd edilməlidir.  Lakin dünyanın mənzərəsinə nəzər saldıqda görürük ki, xəritədə hələ də müstəmləkəçi dövlətlər və onların sözün bütün mənalarında istismar etdikləri ölkələr və xalqlar var. Özünü Avropanın lokomotiv dövlətlərindən sayan Fransanın siyasəti bunun tipik nümunələrindən biridir. Yeri gəldi-gəlmədi demokratik ənənələrindən, insan hüquq və azadlıqlarından danışan, bu barədə az qala bütün dünyaya dərs vermək iddiaları sərgiləyən Fransa hələ də kolonializm və sümürmə kimi üzqarası siyasətindən əl çəkmək istəmir. Bu ölkə ənənəvi müstəmləkəçilik siyasətini formaca dəyişib yeni kolonializmlə əvəzləsə də, mahiyyət eyni olaraq qalır, şərtlər getdikcə daha da ağırlaşdırılır. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

İnternet resurslarında yayılan açıq məlumatlardan görünür ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanına çevrilib.

Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa, eyni zamanda, 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.

Ancaq artıq yüz illər boyunca məcburi qaydada Fransadan asılı vəsiyyətdə saxlanılan, sərvətləri talanan, ən adi insan hüquqları belə kobud şəkildə pozulan, ənənələrinə və milli kimliklərinə hörmətsiz münasibət bəslənilən Afrika ölkələri daha belə yaşamaq istəmirlər və öz etirazlarını getdikcə artırırlar. Qitənin gah bu, gah da digər ölkəsində tez-tez “Rədd ol, Fransa” şüarları səsləndirilir.

Yeni Kaledoniya müstəmləkəçiliklə barışmır

Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Uzaq Numea şəhərində nə üçün “Dəmir Yumruq” şüarı və Azərbaycan Bayrağı?

Etirazçıların uzaq Numea şəhərində “Dəmir Yumruq” şüarı səsləndirmələri və Azərbaycan Bayrağı ucaltmaları isə heç də təsadüfi deyil. “Dəmir Yumruq” Azərbaycan xalqının yenilməz iradəsini və həmrəyliyini ifadə edir. Xalqımız məhz möhkəm iradə, güc və birlik nümayiş etdirməklə təcavüzə son qoyub. Bu, bütün dünya üçün bir nümunədir. Eyni zamanda, “Təcavüzkar Ermənistanın arxasında kim, hansı güc mərkəzləri dayanırdı” sualı da diqqətdən kənarda qala bilməz. Məhz Fransa işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistana havadarlıq edir, ona müxtəlif yollarla dəstək göstərir. Azərbaycan “Dəmir Yumruq” siyəsində yalnız Ermənistanın deyil, həm də onun Fransa kimi havadarlarının arxasını yerə vurdu. İndi Yeni Kaledoniyanın Fransanın zülmündən, istibdadından qurtulmaq istəyən sakinləri də “Dəmir Yumruq”u özlərinə bir rəmz seçiblər.

Digər tərəfdən, Azərbaycan Fransanın işğal etdiyi Dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir. 2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib.

Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim edib, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər. Onlar müstəmləkə altında olan xalqlara verdiyi dəstəyə görə Azərbaycana təşəkkür ediblər. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib, sonda yekun bəyannamə qəbul edilib.

Ötən il sentyabrın 22-də isə Azərbaycanın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransı təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb. Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. 2023-cü il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib. Bu və digər tədbirlərdə Azərbaycan dövlətinin və cəmiyyətinin Fransanın kolonializm siyasətinə kəskin etirazları ifadə olunub. Azərbaycan XXI əsrdə keçmişin utancverici qalığına - kolonializmin bütün təzahürlərinə “Yox” deyir. Buna görə dəYeni Kaledoniyada avtoxton əhali - Kanak xalqı son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycanın Dövlət Bayrağı, Prezident İlham Əliyevin portreti və “Dəmir Yumruq” təsviri olan plakatlar qaldırır. Xatırladaq ki, martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30