Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan obyektiv qərar gözləyir

Azərbaycan obyektiv qərar gözləyir

02.02.2023 [10:38]

Beynəlxalq Ədalət Məhkəməsində erməni tərəfinin cinayətləri haqqında geniş məlumat verilib

Nardar BAYRAMLI

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib. Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, dinləmələr Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə bu il yanvarın 4-də ikinci müraciəti ilə əlaqədar təşkil olunub. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyətinin mülki şəxslər, o cümlədən 2 jurnalist olmaqla, 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub.

Ermənistanın mina terroru haqqında faktlar təqdim olunub

Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş məlumatlara zidd olaraq və hətta 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub. Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb. Məcburi köçkünlərimizin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonlarının azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələlərin və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması Beynəlxalq Ədalət Məhkəməsindən sorğu edilib.

Məhkəmənin qərarı açıq iclasda çıxarılacaq

Azərbaycan, həmçinin Laçın yolundan istifadə etmək də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Azərbaycan ərazisində azərbaycanlı mülki vətəndaşların qayıdacaqları bu ərazilərdə mina və mina tələləri basdırmaq və ya onlara sponsorluq etmək və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib. Bundan əvvəl, 7 dekabr 2021-ci il tarixində məhkəmə Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırmışdı.

Qeyd edək ki, dinləmələrdən sonrakı prosedur Beynəlxalq Ədalət Məhkəməsinin müzakirələrə başlamasıdır. Müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Beynəlxalq Ədalət Məhkəməsində baxılan məsələ, baş tutmuş dinləmələr dövlətimiz tərəfindən ermənilərin hərbi cinayətlərinin sənədləşdirilməsi və müvafiq beynəlxalq məhkəmələrə təqdim olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir. Ermənistan bəşəri dəyərlərə, humanizm prinsiplərinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub. Ermənistanın cinayətlərinin hüquqi qiymətləndirilməsində, işğal nəticəsində dəymiş ziyanın hesablanmasında beynəlxalq hüquq mütəxəssisləri də iştirak edir. Azərbaycan ötən ilin dekabr ayında isə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət etmişdi. Həmin şikayət Laçın şəhəri, Zabux və Sus kəndlərinin mülki əhalisinə vurulan ziyanla bağlı idi. Dövlətimiz məhkəmələrə şikayət edərkən beynəlxalq hüquqa istinad edir. Ona görə də, qaldırılan iddia tam əsaslıdır.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi ötən dövrdə üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib. 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur.

Həmsöhbətimiz deyib ki, Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Ermənistanın mina terroru xüsusilə diqqət mərkəzində olub: “Minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edib. Hesab edirəm ki, beynəxlaq ədalətsizliklərə və qərəzli yanaşmalara baxmayaraq, biz bütün qlobal instansiyalarda öz haqqımızı tələb etməliyik. Bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsində aparılan proses tamamilə qanunauyğundur. Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin obyektiv qərar qəbul edəcəyini gösləyir”.

Bugünlərdə həmin məhkəmədə Ermənistanın da Azərbaycana qarşı iddiasına dair dinləmələrin keçirildiyini deyən R.Məmmədov söyləyib ki, burada “Laçın dəhlizi” məsələsinə baxılıb: “Laçın yolu Azərbaycanın suveren ərazisindədir. Bu yol humanitar məqsədlər üçün açıqdır. Ona görə də, Ermənistanın iddiaları əsassızdır”.

Paylaş:
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31