Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kremlin “döyüşkən türk ruhu”

Kremlin “döyüşkən türk ruhu”

22.04.2022 [10:09]

Rusiya türkmənşəli generallara daha çox güvənir

Pərviz SADAYOĞLU

Artıq iki aya yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi bir sıra mətləbləri gün işığına çıxardı. Dünyanı qlobal qarşıdurmaya sürükləyən bir sıra güclər “soyuq müharibə” kontentini hərbi gücə dəyişmək arzusundadır. Bunu şərtləndirən əsas məqamlar isə “demokratiya” və “liberalizm” kimi təsir imkanları güclü sayılan “dəyərlərin” iflası ilə bağlıdır. Başqa sözlə, yeni dünya ixrac olunan demokratiyanın və ya liberalizmin xoşbəxtlik gətirmək imkanlarının qısırlığını gördü və bu yoldan imtina etdi. Demək ki, təkqütblü hegemonluq üçün “görünməyən ələ” tək bir yol qalır: hərbi güc amili...

Bu ilin fevralında başlanan müharibəni bir çox siyasi və hərbi mütəxəssis Rusiya ilə NATO arasında hərbi güc nisbətinin müqayisəsi fonunda müzakirə edir. İndiyə qədər monolit hərbi güc kimi təqdim olunan və bir az da məxfiliyə əsaslanan Rusiya hərbi gücünün əsl siması üzə çıxır. Medalyonun digər tərəfindən maraqlı bir element gözə dəyir. Rusiyanın hərbi gücündə türk faktoru. Söhbət müasir Türkiyə Respublikasının Rusiya hərbi qüvvələrinin formalaşmasındakı rolundan getmir. Söhbət Rusiyanın coğrafi sərhədləri daxilində formalaşan türk genetikasının, döyüş ruhunun bir addım önə çıxmasından gedir.

Generalların həbsi, “müharibəni dayandır” “notası” - aciz “rus zabiti” personajı

Bir neçə gün öncə Rusiyanın hərbi generaliteti ilə bağlı maraqlı bir informasiya paylaşıldı. Rusiyanın keçmiş “YUKOS” neft şirkətinin rəhbərlərindən biri, hazırda İsraildə yaşayan iş adamı Leonid Nevzlin Moskvadakı mənbələrinə istinadla şok iddialar irəli sürdü. O, “Facebook” səhifəsində Rusiya ordusunda kütləvi həbslərin olduğunu və müdafiə naziri Sergey Şoyqunun infarkt keçirdiyini bildirdi: “Şoyqu oyundan kənardadır, sağ qalsa, əlil ola bilər. Qəfildən infarkt keçirib, reanimasiyadadır, cihazlara qoşulub. Şayiələrə görə, infarkt təbii səbəblərdən baş verməyib. Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Hamısı Baş Qərargah generalıdır. Hər şey aydındır - Ukrayna rəhbərliyinin və əhalisinin Rusiyanın xilaskar ordusunun təntənəli şəkildə qarşılanmasına hazırlıq üçün ayrılan vəsaitin total mənimsənilməsi. 2014-cü ildən bəri Putinin “blitskrieg”ə (ildırımsürətli müharibə - red.) ayırdığı 10 milyard dollara yaxın vəsait oğurlanıb. Arkadi Dvorkoviçə qarşı cinayət işi hazırlanır, onun həmkarlarına və dostlarına qarşı ifadə verməsi gözlənilir. FSB-dəki mənbələr bildirirlər ki, o, istintaqla sövdələşməsə, “Matrosskaya Tişina” və ya “Lefortovo” istintaq təcridxanasına köçürüləcək. Surkov ev dustaqlığındadır, o, müharibəyə hazırlıq üçün ayrılmış pulları oğurlamaqda şübhəli bilinir, bu, 20 generalın həbs olunması eyni “işə” daxildir”.

Aydınlıq gətirək ki, burada söhbət Putinin keçmiş köməkçisi Vladislav Surkovdan gedir. Bir neçə gün öncə onun öz vəzifəsindən uzaqlaşdırılması ilə bağlı informasiyaların yayıldığını nəzərə alsaq, Nevzlinin yaydığı xəbərin doğruluq ehtimalı daha da artır. Üstəlik, bir neçə generalın adından Putinə ünvanlanan “müharibəni dayandır” “nota”sı da deyilənləri təsdiqləyir. Sual yaranır, Rus generaliteti müharibədən çəkinirmi? Və ya rusların hər zaman fəxrlə yad etdiyi “rus zabiti” personajı sıradan çıxıbmı? Görünən budur ki, Rusiyanın hərbi elitasında səbəbləri bəlli olmayan bir “etiraz” formalaşıb. Bu həm də onu göstərir ki, səbəbin nə olmasından asılı olmayaraq, Rusiya generalları üzərinə düşən vəzifəni icra edə bilmir, bunu bacarmır.

“Türk zabiti” yenidən iş başındadır

Putin rus generallarını cəzalandırır. Amma türkəsilli generallar bunun əksinə mühüm təltiflərlə mükafatlandırılır. Məsələn, cəmisi bir ay öncə Ramzan Kadırova general rütbəsi verildi. Ötən ilin sonunda isə Yunus-Bek Yevkurov general-polkovnik rütbəsi ilə təltif edilmişdi... Fikrimizcə, artıq şərhə ehtiyac qalmır. Böyük sərkərdə Napoleonun məşhur bir kəlamı var: “Mənə türk əsgərindən, rus zabitindən ibarət ordu verin, dünyanı fəth edim”. Nəzərə alsaq ki, 70 illik sovet təbliğatı Napoleonun da fikrinə “düzəliş etmək” imkanına malik olub, istər tarixi faktlar, istərsə də günümüzün reallığı böyük sərkərdənin sözlərində yerdəyişmə edildiyini təsdiq edir. Ən azından Rusiyanın hərbi elitasında yer alan türk mənşəli generallar korsikalı Napoleonu fakt qarşısında “fransızlaşdırır”...

Bu gün rus ordusunun başında duran Şoyqunun qətiyyəti, hərbi manevr qabiliyyəti, hətta rəqibləri tərəfindən belə etiraf olunur. Türk əsilli, Tıva Respublikasının Çadan şəhərində dünyaya göz açan Şoyqu rus hərbi gücünün lokomotividir. Yuxarıda qeyd etdiyimiz, türk genetikasından qaynaqlanan və digər amillərin köməyi ilə daha da peşəkarlaşan sərkərdəlik bacarığı Şoyqunu Rusiya kimi imrepiyanın pənahına çevirib. Siyahı Şoyqu ilə bitmir. Qərargah rəisi Valeri Gerasimov da 1955-ci ildə tarixi türk diyarı olan Kazanda anadan olub. Rusiya Federasiyası Müdafiə Nazirinin birinci müavini Ruslan Tsalikov isə indiki Vladiqafqaz şəhərində dünyaya göz açıb, qədim türk xalqlarından sayılan osetindir. Rusiya Federasiyası Müdafiə Nazirinin müavini - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko isə Özbəkistanın Sırdərya vilayətinin İliçevsk rayonunun yetirməsidir. Rusiya Federasiyası Müdafiə Nazirinin müavini, general-polkovnik, İnquşetiyanın keçmiş rəhbəri Yunus-Bek Yevkurov da Şimali Osetiyanın Priqorodnı rayonunun Tarskoye kəndində anadan olub. Rusiya Federasiyası Müdafiə Nazirinin başqa bir müavini, general-polkovnik Aleksandr Fomin Şərqi Qazaxıstan vilayətinin Leninoqorsk şəhərində dünyaya gəlib.

Adı çəkilən generalitet Rusiya hərbi elitasının ən zirvəsində yer alanlardır. Pillə-pillə endikcə türkəsilli, türk diyarlarında dünyaya göz açan bəlkə də yüzlərlə, minlərlə zabitin adına rast gəlmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, türkmənşəli generallar Ukrayna müharibəsində Putinin əsas ümid yeridir. Hər halda, bunu faktlar təsdiqləyir.

Paylaş:
Baxılıb: 809 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30