Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xüsusi nümayəndələrin Moskva görüşü...

Xüsusi nümayəndələrin Moskva görüşü...

14.01.2022 [10:34]

İlk görüşdə nələr müzakirə oluna bilər?

Nardar BAYRAMLI

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə hər iki tərəfi təmsil edən  xüsusi nümayəndələr -  Serdar Kılıç və Ruben Rubinyanın ilk görüşü yanvarın 14-də Moskvada keçiriləcək. Xüsusi nümayəndələrin ilk görüşündə hansı nəticələr əldə oluna bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov  bildirib ki, görüşlə bağlı müxtəlif ehtimallar səslənir. Onun sözlərinə görə, əsas məqam sərhədlərin açılması ilə bağlıdır: “İki ölkə arasında sərhədlərin açılması daha çox Ermənistana lazımdır. Çünki işğalçı siyasəti nəticəsində özünü regionda təcrid vəziyyətə salan, qonşuları ilə münasibətlərini pozan bu ölkə dərin böhran içərisindədir. Türkiyə Cümhuriyyəti  Ermənistanla sərhəddi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. Məhz Azərbaycan torpaqlarının işğalı səbəbinə görə Ermənistan 30 ilə yaxın regionda tam təcrid vəziyyətində yaşayıb. Ermənistanın təkcə Azərbaycana yox, Türkiyəyə qarşı da müxtəlif iddiaları var. Hazırda Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çox çalışır. Amma onu da bilirlər ki, sərhədlərin açılması üçün əsassız iddialardan geri çəkilməlidirlər. Təsadüfi deyil ki, bir sıra erməni ekspertləri münasibətlərin normallaşdırılması üçün Türkiyənin Ermənistana müəyyən şərtlər iddia sürəcəyini deyirlər. Bu şərtlər isə əsasən ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, uydurma “erməni soyqırımı” iddialarına son qoyulmalı və Zəngəzur dəhlizinin açılmasına əngəl törədilməməlidir. 44 günlük Vətən müharibəsindən sonra rəsmi İrəvan başa düşməlidir ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə ancaq fəlakət vəd edə bilər. Ona görə də Ermənistanın iflasdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bu ölkənin isə Türkiyəyə qarşı irəli sürə biləcəyi heç bir şərt yoxdur. Çünki Türkiyə kimi böyük bir dövlətə Ermənistan kimi kiçik və zəif bir ölkənin hansısa şərtlər irəli sürməsi reallıqlarla uzlaşmır”. 

Millət vəkili  söyləyib ki, Türkiyə dövləti Ermənistanla münasibətləri normallaşdırma  prosesini Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir: “Yəni burada bizim maraqlarımıza zidd olan heç bir şey baş verməyəcək. Nəticələrin necə olması isə Ermənistanın davranışlarından asılıdır. Onu da deyim ki, Türkiyə hökuməti “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib. Ermənistanın paytaxtından İstanbula ilk təyyarə reysi fevral ayının 2-də yerinə yetiriləcək. Amma uçuşlar müntəzəm xarakter daşımayacaq. Göründüyü kimi, Türkiyə xoşməramlı jestlərini qarşı tərəfə göstərir. Əgər Ermənistan düzgün yanaşma sərgiləsə, Azərbaycana və Türkiyəyə qarşı iddialarından əl çəksə prosesdə müsbət nəticələr əldə ediləcək. Şübhəsiz ki, xüsusi nümayəndələrin ilk görüşündə bu məsələlər diqqət mərkəzində olacaq”.

Politoloq Yalçın Hacızadə isə bildirib ki, Azərbaycanın Qarabağ zəfərindən sonra regionda yeni geosiyasi vəziyyət formalaşdı. Bu, region ölkələri arasında ikili və müxtəlif platformalı münasibətlərin qurulması, yeni kommunikasiya xətlərinin yaradılması ilə təzahür edir. Azərbaycanın “Qarabağ münaqişəsi bitmişdir” açıqlamasından sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə dayanan Türkiyə-Ermənistan münasibətlərinin yenidən bərpası region üçün vacib olardı. Onun sözlərinə görə, hər iki ölkə əlaqələrin normallaşmasında maraqlıdır və bu məqsədlə xüsusi nümayəndə təyin ediblər: “Hesab edirəm ki, bu əlaqələr hər iki ölkə ilə yanaşı ümumi olaraq bizim regionumuz üçün də faydalıdır. Çünki regionumuz artıq münaqişələrdən, gərginliklərdən yorulub. Böyük iqtisadi, kommunikasiya imkanları yaranıb. Yerləşdiyimiz coğrafiya Şərq-Qərb dəhlizindədir. İnkişaf etmək üçün bu imkanlardan faydalanmaq, yeni münasibətlər qurmaq lazımdır. Həmçinin bu əlaqələr regionda sülhün təminatçısı ola bilər. Ermənistan regionun ən kiçik və ən zəif subyektidir. Bu əlaqələrin qurulması Ermənistan üçün daha maraqlı olmalıdır. Çünki çoğrafi baxımdan Ermənistan dalanda yerləşir, apardığı işğalçı siyasət nəticəsində də qonşuları ilə sərhədlər bağlanmaqla təcrid vəziyyətinə düşüb. İndi isə Zəngəzur dəhlizi yaradılır, bu dəhliz vasitəsilə Ermənistanın Türkiyə ərazisi vasitəsilə tez və qısa yollarla Avropa ilə əlaqəsi qurulacaq”.

Politoloqun fikrincə, xüsusi nümayəndələrin görüşü əlaqələrin bərpası imkanını yaradacaq: “Doğrudur, iki ölkə arasında mövcud problemlərin kökü və həcmi böyükdür. Yəni bu məsələlər bir-iki görüşlə həll edilməyəcək. Bilirsiz ki, Ermənistanın Türkiyəyə qarşı torpaq və qondarma “erməni soyqırımı” iddiaları var. Həmçinin bu iddialar həm rəsmi İrəvan tərəfindən, həm də erməni lobbisi tərəfindən səslənir. Ona görə bu problemlərin aradan qalxması müəyyən zaman aparacaq. İlkin olaraq, xüsusi nümayəndələr arasındakı görüş tərəflərin bir-birinə qarşı hər hansı bir tələbi, şərti olmadan başlayıb. Gələcəyə doğru müxtəlif tələblər yarana bilər. Əsasən də Türkiyənin Ermənistandan bölgədə sülhü təmin etməsi, pozmaması, onun ərazisini tanıması və qondarma “erməni soyqırımı” məsələsindən əl çəkməsi üçün. Hesab edirəm ki, Ermənistanın hansısa bir şərti olmayacaq”.

Paylaş
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31