Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əfqanıstan potensial terror təhlükəsidir – Putin xəbərdarlıq etdi

Əfqanıstan potensial terror təhlükəsidir – Putin xəbərdarlıq etdi

15.10.2021 [10:49]

Rusiya prezidenti Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birgə mübarizəyə səsləyir

Yerləşdiyi regionun təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən Əfqanıstan məsələsi yenidən aktuallaşır. Bu ölkədə hakimiyyəti ələ almış Talibanın yaratdığı potensial terror təhlükəsinə qarşı tədbirlərin görülməsi artıq bir sıra regional və qlobal tədbirlərin əsas müzakirə mövzusuna çevrilib. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə də Əfqanıstan məsələsini gündəmə gətirib. Kremlin rəhbəri Əfqanıstanda baş verən son hadisələrin nəinki Orta Asiyada, həmçinin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini düşünür. Onun fikrincə, MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri də Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir: “Bu ölkədə baş verən hadisələrin Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə qədər ciddi təsir göstərə biləcəyini çox yaxşı anlayırıq”.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrincə, Rusiya prezidentinin Əfqanıstanla bağlı fikirləri təsadüfi deyil. Onun sözlərinə görə, Əfqanıstanla həmsərhəd Mərkəzi Asiya ilə yanaşı, uzaq Cənubi Qafqazın adının hallandırılmasının da səbəbləri var: “Dünya siyasətində bir çox hallarda Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid sistem kimi nəzərdə tuturlar. Hətta bəzi xarici ölkələrdə bir sıra strukturlar iki regionun birgə koordinasiyasını özündə birləşdirir. Digər tərəfdən, Əfqanıstanda təzahür tapan reallıq hər kəsi düşündürməlidir. Təbii ki, bu ölkədə baş verənlər, o cümlədən terror təhlükəsi, ilk növbədə, Mərkəzi Asiyaya təsir edə bilər. Putinin səsləndirdiyi fikirlərə əsaslansaq, bu simptomların Cənubi və ya Şimali Qafqaza gəlmə ehtimalları dolayısı ilədir. Bir faktı yada salaq ki, vaxtilə Əfqanıstandan start götürən “narkoticarət yolu” İrandan keçərək məhz erməni işğalı altındakı Azərbaycan torpaqlarına gəlirdi. Oradan isə Ermənistan vasitəsilə dünyaya yayılırdı. Bu nöqteyi-nəzərdən, təhlükə hər zaman mövcud olma potensialına malikdir”.

Azərbaycanın Əfqanıstanla bağlı mövqeyinin aydın olduğunu önə çəkən E.Nəsirov bildirib ki, Azərbaycan iqtisadi-siyasi cəhətdən də Əfqanıstanla sıx təmasda olmayıb. “Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də bildirdi ki, bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Təbii ki, Əfqanıstanda yeni hökumətin qurulması, bu dövlətin xarici siyasət prioritetlərinin müəyyən edilməsi hələ tam başa çatmayıb. Bu mənada, Əfqanıstanla bağlı problem, ilk növbədə, onun qonşularını düşündürməlidir”, - deyən millət vəkili əlavə edib ki, bu gün kommunikasiyalar, informasiya texnologiyaları çox yüksək inkişaf əldə edib. Bu mənada terrorizmin şaxələnməsi, terroristlər arasında əlaqələrin qurulması da mütəşəkkil xarakter daşıyır. Əfqanıstanda baş verə biləcək hər hansı bir terror dalğasının qısa zamanda Şimali və ya Cənubi Qafqazda, eləcə də digər regionda əks-sədası mümkündür: “Fikrimcə, Rusiya prezidenti də Əfqanıstandan gələn təhdidlərin Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqaz üçün də təhlükəli ola biləcəyini bununla əlaqələndirir. Vladimir Putinin məntiqi coğrafi yaxınlıqla deyil, beynəlxalq terrorizmin güclü immunitetə malik olması və müasir texnoloji nailiyyətlərdən istifadə etmə qabiliyyəti ilə bağlıdır”.

Politoloq Qabil Hüseynli isə hazırkı Əfqanıstanı potensial terror təhlükəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, bir çox terror təşkilatlarının nümayəndələrinin son dövrlərdə Əfqanıstanda cəmləşməsi ilə bağlı məlumatların yayılması bu qənaəti gücləndirir. Rusiya prezidentinin fikirləri bu baxımdan əsaslıdır: “Vladimir Putinin fikirlərində mühüm əsaslar var. Əfqanıstanda bu gün rəsmi dövlət strukturları yoxdur, fəaliyyət göstərmir. Bu ölkəni dünya demək olar ki, tanımır. Əfqanıstana maliyyə yardımları da dayandırılıb. Bu baxımdan, Talibanın qarşıdakı dövrdə yeni terror fəaliyyətinə başlaması mümkündür. Təbii ki, ilkin hədəf məhz qonşu ölkələr olacaq. Bu baxımdan, Mərkəzi Asiya ölkələrinə qarşı terror təhlükəsi daha böyükdür”.

Q.Hüseynlinin fikrincə, bölgədə terroru dəstəkləyən yeganə faktor Əfqanıstan deyil. İran dövləti də terroru dəstəkləyən ölkələrdəndir: “İran bu gün potensial terror təhlükəsidir. Vladimir Putinin Əfqanıstan haqda dediklərini İrana da şamil etmək olar. Faktiki olaraq, bu ölkə Azərbaycan ərazilərindəki separatçı və terrorçu qüvvələri dəstəkləyib. Azərbaycan isə 30 ilə yaxın erməni terrorundan əziyyət çəkib. Bu baxımdan, terror təhlükəsindən danışanda, İranı yaddan çıxarmaq olmaz”.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 205 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30