Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 15 İyun - Milli Qurtuluş Günü müasir, müstəqil Azərbaycan dövlətçiliyinin başlanğıc nöqtəsidir

15 İyun - Milli Qurtuluş Günü müasir, müstəqil Azərbaycan dövlətçiliyinin başlanğıc nöqtəsidir

12.06.2019 [09:47]

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı sayəsində Azərbaycanda siyasi sabitlik bərpa olundu, iqtisadiyyatın inkişafına təkan verildi, demokratik dövlət quruculuğu prosesinə başlanıldı
Məlumdur ki, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan çox böyük sınaqlarla üz-üzə dayanmalı oldu. 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verir, şəxsi mənfəətlərinin əsirinə çevrilir, yaratdıqları başıpozuq silahlı dəstələrin gücünə güvənərək qeyri-qanuni əməllərlə məşğul olurdular. 1991-92-ci illərdə hakimiyyət böhranının yaşanması ölkədə həm siyasi, həm də iqtisadi krizisi pik həddə çatdırmışdı. Situasiya daha da gərginləşir, Xalq Cəbhəsinin “rəhbərləri”nin sərəncamında olan silahlı birliklər cəbhə bölgəsindən geri çəkilir, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğala məruz qalırdı. Bununla yanaşı, cəmiyyətdə parçalanma, qarşıdurma güclənirdi.
AXC-“Müsavat” cütlüyünün hakimiyyəti ölkəmiz üçün böyük problemlər və təhlükələr yaratdı
Qeyd edək ki, cəmisi bir il çəkən AXC-“Müsavat” cütlüyünün hakimiyyəti ölkəmiz üçün böyük problemlər və təhlükələr yaratdı. Çünki hakimiyyəti zəbt etmiş qruplaşmanın nə idarəetmədən, nə də dövlətçilikdən xəbəri var idi. Bu səbəbdən də 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir isə əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi. Bu üzdən də dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Ölkədə özəlləşdirmə prosesi getmədiyi halda, 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC-“Müsavat” hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni “bəylər” tətəfindən başqa-başqa insanlara ərməğan edilmişdi. Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurdu. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüş, buna görə heç bir məsuliyyət daşımamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş - iyunun 4-nə, Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC-“Müsavat” hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idilər. Kriminal düşüncəli adamlar dövləti əhəmiyyətli vəzifələrə təyinat alır, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edirdi, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı.
Ölkənin daxilində vəziyyətin kritik həddə çatmasına paralel olaraq, xarici əlaqələrdə də ciddi problemlər meydana çıxmışdı. Xarici işlər naziri təyin edilmiş şəxs Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi idi və belə mühüm vəzifəyə təyinat almışdı. Yeni müstəqil ölkənin diplomatik korpusu da nazirin özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırılmışdı.
Digər tərəfdən, hakimiyyətə gəldikdən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində “Müsavat”, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kimi kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında yaranan qruplaşmalar açıq mübarizəyə girməkdən çəkinmir, hətta paytaxtda silahlı qarşıdurmalar baş verirdi. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media qurumlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları isə baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Prezident isə ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Sonradan özlərinin də etiraf etdiyi kimi, Ə.Elçibəyin reytinqinin ən yaxşı vaxtında ona etimad göstəricisi 33 faizi ötməmişdi. Beləliklə, AXC-“Müsavat” cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Və bu dövr Azərbaycanın yeni tarixinin ən faciəli dövrü oldu.
AXC rəhbərlərinin nəzarətində olan silahlı birliklər ölkəni vətəndaş müharibəsinə sürüklədi
Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə AXC-“Müsavat” hakimiyyətinə yaxın bəzi silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar lokal qarşıdurmaları daha da intensivləşdirdi. Ozamankı müdafiə nazirinin əmrinə və təhvil-təslim olunması barədə qərara tabe olmayan Surət Hüseynov tabeliyində olan silahlı dəstə ilə Bakıya doğru istiqamət aldı. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşandı. Vəziyyət get-gedə daha da kritik hal alırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Ölkə artıq vətəndaş müharibəsini yaşayırdı.
Xalqımızın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti ölkəmizin müstəqilliyinin əbədiliyini təmin etdi
Beləliklə, problemlər məngənəsində olan gənc Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Daha doğrusu, düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqımızın yeganə ümidi idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev isə xalqın və respublikanın ovaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi demək idi. Ulu Öndərimiz qısa zamanda Öz tarixi missiyasını həyata keçirməyə başladı və Azərbaycan dövlətçiliyini xilas etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Vurğulanmalıdır ki, qurtuluş xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Heydər Əliyevin tarixi missiyasının həyata keçirilməsi xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi kimi güclü faktorlar üzərində qurulub.
Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa zamanda ölkədə sabitlik, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası isə, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Eləcə də idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, ölkənin gələcək inkişafının təməlini formalaşdıran neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
Digər tərəfdən, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri də yüksək səviyyədə formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün mühüm əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 868 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30