Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2018-ci ilə dair illik məruzəsi dinlənilib

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2018-ci ilə dair illik məruzəsi dinlənilib

13.02.2019 [09:52]

Parlamentin iclasında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi də qəbul olunub
Fevralın 12-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyi təsdiq olunduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı xatirə pul sikkələrinin buraxılmasıyla əlaqədar Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə və TBMM-in sədri Binəli Yıldırıma dərin təşəkkürünü bildirib. Milli Məclisin sədri qeyd edib ki, həmin sikkələr deputatlara təqdim edilib: “Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı xatirə pul sikkəsinin hazırlanması qardaşlığın daha bir nümunəsidir. Qardaş ölkənin parlament sədrinə buna görə hamımızın adından təşəkkür edirəm”.
Daha sonra Oqtay Əsədov deputat Zahid Orucun Prezident İlham Əliyev tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə onu təbrik edib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin son günlər verdiyi qərarlar ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır. Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir: “Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır”.
Komitə sədri vurğulayıb ki, müvafiq Sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir: “Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu Sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək”.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında bildirib ki, Ermənistan hakimiyyəti iqtisadi böhrandan qurtulmaq üçün yeni proqram hazırlayıb: “Amma indidən erməni ekspertlərin özü bu proqramın heç bir effekt verməyəcəyini qeyd edirlər. Ermənistanın böhrandan çıxış yolu Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsidir”.
“Hazırda beynəlxalq münasibətlərdə çox mürəkkəb mərhələdən keçirik. Bu, heç şübhəsiz ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə də yeni keyfiyyət dəyişikliyi yaradır və bu prosesdə biz yeni hadisənin “təntənəsinin” şahidi oluruq. Əlbəttə ki, bu, netokratiya, yəni şəbəkə hakimiyyəti adlandırılan yeni hakimiyyət növünün milli dövlətlər üzərində təcrübədən keçirilməsidir. Və qlobal dövlət adlandırılan dövlətə məhz milli dəyərlərdən uzaq, yeni informativ əsaslarda formalaşan vətəndaşların identifikasiyası prosesi gedir. Bu, uzunmüddətli prosesdir və artıq başlayıb”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, bu prosesin hədəfi milli dövlətlər və milli maraqlardır: “Prosesin birinci mərhələsi dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma ilə başlayır. İkinci mərhələ lidersizləşdirmədir və sonda hədəf dövlətsizləşdirmə mərhələsinə qədər gəlib çatır. Biz hamımız azərbaycanlıyıq. Harada yaşamağımızdan, hansı peşə ilə məşğul olmağımızdan, hansı siyasi dünyagörüşünün daşıyıcısı olmağımızdan asılı olmayaraq, hər birimizin ən ümdə vəzifəsi Vətəni, dövləti qorumaqdır. Ona görə də, düşünürəm ki, son dövrlərdə internet resurslarında müşahidə etdiyimiz dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq bütün azərbaycanlıların ümdə borcudur”.
Çıxışı zamanı Azərbaycanda çap mediasının vəziyyətinə toxunan millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti milli mətbuatın böyük hamisi və dostudur. “Əgər Azərbaycanda bu günə qədər çap mediası varsa, buna görə Prezident İlham Əliyevin çap mediasını himayə etməsinə borcluyuq. Düşünürəm ki, bundan sonrakı mərhələdə də çap mediasının yaşaması üçün hamıdan çox Azərbaycan Prezidenti narahatdır və çap mediasının yaşaması üçün bundan sonra da lazımi addımlar atacaqdır. Hazırda informasiya cəmiyyətində informasiyanın əldə edilməsi və paylaşılması üçün yeni mərhələ baş verir. Bu prosesdə də çap mediası sona qədər öz rolunu oynayacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100 illik yubileyi ilə bağlı xatirə pul sikkəsinin hazırlanaraq deputatlara təqdim edilməsini də yüksək qiymətləndirən millət vəkilinin sözlərinə görə, yalnız “Bir millət, iki dövlət” fələsəfəsilə yaşayan ölkənin parlament rəhbəri belə bir addım ata bilərdi: “Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq və bunu qürurla qəbul edirik”.
“Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Dövlət başçısının qərarları ilə həm sosial müdafiə, həm də xidmət sahələrinin inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Amma təəssüflər olsun ki, bəzən ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmirik. Azərbaycanın əleyhinə işləyən qüvvələr əhalini aldatmaqla qazandıqlarımızı öz adlarına çıxmaq istəyirlər”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycan Prezidentinin Fərmanı ilə şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsində də bunun şahidi olduq: “Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm qərar verildi. Lakin bir qrup Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istədilər. Halbuki, ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əməkhaqqı ilə bağlı da uzun müddət idi ki, araşdırmalar, müzakirələr gedirdi. Araşdırmaların nəticəsi olaraq ölkədə minimum əməkhaqqı artırıldı. Xaricdə oturan bir qrup şəxs, böhtan, şər kampaniyası aparanlar bu addımları öz adlarına çıxır, əhalini çaşdırmağa çalışdılar”.
S.Novruzov qeyd edib ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar: “Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin məşğulluğunun təmin edilməsi, onların irəli çəkilməsi məsələlərində də təşəbbüskar ölkə başçısıdır. Biz hər birimiz bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq”.
Cari məsələlərdən sonra iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2018-ci ilə dair illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. V.Zahirov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf konsepsiyasına uyğun olaraq 2018-ci ildə də ölkəmizdə ardıcıl və məqsədyönlü islahatlar aparılıb. Onun sözlərinə görə, dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin də inkişafı məsələləri diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilib, yeni normativ hüquqi aktlar qəbul olunub.
Məruzədə vurğulanıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri müəyyən edilib. Dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin icrası ilə bağlı maarifçilik tədbirləri keçirilib, kəndin inkişaf modelinin yaradılması məqsədilə 7 pilot bələdiyyə seçilib. 2018-ci ildə ölkə üzrə 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib (ötən illə müqayisədə 12 faiz çox). Onlardan 69775 (96 faiz) akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən illə müqayisədə 21,5 faiz çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır. Qəbul edilməmiş 9 təklif üzrə isə məhkəmələrdə iddia qaldırılıb. Dörd iddia məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır. İl ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb (ötən illə müqayisədə 2,2 dəfə çox).
Bələdiyyə aktlarının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib (ötən illə müqayisədə 46 faiz çox). Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 141-i aidiyyəti üzrə göndərilib, 118 müraciət isə baxılmaqdadır. Onlardan 82-si təmin edilib (ötən illə müqayisədə 62 faiz çox).
Əldə olunmuş tərəqqiyə baxmayaraq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.
Vilayət Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə metodik, hüquqi kömək göstərilməsi məqsədilə maarifçilik tədbirləri davam etdirilib. Araşdırma zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 5976 tövsiyə göndərilib. Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək 2018-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumları və başqa beynəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilib.
Müzakirələr zamanı çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən 2018-ci ildə xeyli iş görülüb. Bələdiyyələrlə bağlı sənədlərin tərtibi məsələlərində müsbət addımlar atılıb. A.Rəhimzadə bildirib ki, bunlar olduqca vacib məsələlərdir: “Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələni etməliyik”.
“Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, ciddi inzibati nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir”. Bu fikirləri isə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycanda artıq 15 ildən çoxdur bələdiyyələr fəaliyyət göstərir: “Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.
S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur: “Elə bələdiyyələr var ki, elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ, onların saylarının azaldılması və gəlir mexanizmləri işlənib hazırlanmalıdır”.
Müzakirələrdən sonra illik məruzə nəzərə alınıb.
İclasda həmçinin “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub.
Millət vəkilləri, eyni zamanda, gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30