/ / Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi və strateji əhəmiyyətə malik hadisədir
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi və strateji əhəmiyyətə malik hadisədir
16.08.2018 [08:44]
Prezident İlham Əliyev: Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək
Ötən həftə regional və beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik kontekstində müstəsna - strateji əhəmiyyətə malik olan tarixi hadisə qeydə alındı. Belə ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı baş tutdu. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar. V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Mətbuat üçün bəyanatlarda Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, regionda və qlobal miqyasda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu.
Aktau Zirvə toplantısında əldə edilmiş tarixi razılaşma Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir
Yerli və xarici mətbuatda, eləcə də ekspert rəylərində ifadə olunan başlıca qənaət budur ki, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələrin maraqlarına cavab verir, Xəzər regionunda əməkdaşlığın genişlənməsinə xidmət edir. Xüsusilə də, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərin - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokolun, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Sazişin, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Sazişin, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokolun imzalanması da Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni perspektivlər yaradır.
Ən mühüm məqamlardan biri budur ki, Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycanın tarixi əhəmiyyətə malik olan xüsusi rolu var. Azərbaycan bu məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib, bütün tərəflərin mənafelərini nəzərə alıb. Bəhs olunan Zirvə toplantısında çıxışı zamanı Azərbaycanın Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir: “Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir”.
Bütövlükdə, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən etməklə yanaşı, regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Yəni sözügedən Konvensiya siyasi, iqtisadi və geostrateji baxımdan müstəsna əhəmiyyətə malikdir.
Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına da əlavə stimul olacaq
Digər tərəfdən, ekspertlərin ifadə etdiyi mühüm məqamlardan biri də yaranmış əməkdaşlıq mühitinin, eyni zamanda, beynəlxalq yükdaşımalarında Xəzəryanı ölkələrin payının artmasına fundamental töhfələr verəcəyidir. Başqa sözlə, yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına da əlavə stimul olacaq.
Məlumdur ki, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir, nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Ən əsası, Azərbaycan bölgədə yeni nəqliyyat-kommunikasiya dəhlizi formalaşdırır. Ümumiyyətlə, həyata keçirilən səmərəli strateji kursun fonunda milli və regional inkişafa mühüm töhfələr verən amillərdən biri də ölkəmizin bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycanın regional miqyasda əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edən ən mühüm amillərdən biri də ölkəmizin tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan, nəqliyyat-yol infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. O da qeyd edilməlidir ki, ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və perspektivdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan strateji əhəmiyyətli addımlardır. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı qeyd edib ki, nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır.
Bütövlükdə, qlobal əhəmiyyətli layihələr reallaşdıran Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayələr yatırır və bütün bunlar Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi - bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.
Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı ölkəmizin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verdiyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib: “Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Bu sənədlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. BMT Təhlükəsizlik Şurası 20 ildən artıqdır ki, münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr öz qüvvəsini itirməyib. Lakin Ermənistan bu qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də Azərbaycan hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.
Bunlarla yanaşı, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda region ölkələri ilə, eləcə də işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm daşıyır.
Regional təhlükəsizlikdən bəhs edərkən, heç şübhəsiz ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin regional təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusi qeyd etmək lazımdır. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun zəbt edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli zərurətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O da qeyd edilməlidir ki, Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti görür və anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Yəni Azərbaycanın tutduğu prinsipial mövqeyin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri - labüd olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Aktau Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması Xəzəryanı ölkələr qarşısında yeni perspektivlər açır
Bütövlükdə, Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı öz müsbət nəticələri ilə yadda qaldı. Ekspertlərin qənaəti budur ki, Zirvə toplantısında imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva etdiyinə görə strateji əhəmiyyət daşıyır və Xəzəryanı ölkələrin hamısının maraqlarına uyğundur. Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən Zirvə toplantısında çıxışı zamanı əminliyini ifadə edib ki, Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Ən əsası, Aktau Zirvə toplantısında əldə edilmiş tarixi razılaşma Xəzəryanı ölkələrin qarşısında yeni perspektivlər açır. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir”.
Beləliklə, Aktau Zirvə toplantısının nəticələri - qəbul edilmiş qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaradıb. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, bu isə Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

