Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir

15.06.2018 [08:10]

Yeni Azərbaycan Partiyası  15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

 

Əli Əhmədov: Ümummilli liderimiz Heydər Əliyev elə bir müstəqil dövlət yaradıb ki, onun əzəmətli dayaqları üzərində Azərbaycan daim inkişaf edəcək və möhtəşəm nailiyyətlər qazanacaq
İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında  15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Əli Əhmədov bildirib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.
YAP Sədrinin müavini qeyd edib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. YAP Sədrinin müavini deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını Qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, Qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Qayıdış, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması, əhalinin rifah halının xeyli yaxşılaşması bu inkişafın əsas göstəriciləridir. “Qurtuluşdan başlanan tarixi yol bu gün də davam etdirilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır. Qurtuluşdan danışarkən bugünkü reallıqları göz önünə gətirmək kifayət edir ki, ölkəmiz nə qədər nailiyyətlər qazanıb. Beləliklə, qurtuluş qısa müddətdə ölkəmizin böyük inkişaf mərhələsinin əsası olub və bundan sonrakı dövr üçün də etibarlı əsaslar yaradıb”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Natiq vurğulayıb ki, bu il xalqımız üçün olduqca əlamətdardır. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunur. Bir neçə gündən sonra Azərbaycanın milli ordusunun yaradılmasının 100 illiyi olacaq. Əli Əhmədov bu gün Azərbaycan ordusunun dünyanın ən güclü ordularından biri olduğunu söyləyib.
Əli Əhmədov bildirib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir: “İnanırıq ki, Qurtuluş məfkurəsi öz möcüzəsini bir dəfə göstərdiyi kimi, bundan sonra da göstərəcək. Qurtuluş elə bir sönməyən enerjidir ki, uzun dövrlər Azərbaycan xalqına xidmət edəcək. İnanırıq ki, illər ötdükcə Qurtuluş məfkurəsinin bizə verdiyi faydalar daha da artacaq və qurtuluşun növbəti ildönümlərini daha böyük uğurlarla qeyd edəcəyik. Həmçinin qurtuluş dedikdə biz gələcək inkişaf perspektivlərini başa düşürük”.
YAP Sədrinin müavini Azərbaycan gəncliyinin məhz belə bir dövlətdə yaşadığı üçün xoşbəxt gənclik olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. E.İbrahimov bildirib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
“Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-”Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin Sədri seçildiyi gün - 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 İyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E.İbrahimov deyib ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Onun sözlərinə görə, Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir: “Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Bir faktı deyim ki, təkcə keçən il Azərbaycan kənd təsərrüfatı sahəsində 1 milyard dollar dəyərində məhsul ixrac edib. Bu, böyük göstəricidir. Hesab edirəm ki, uğurlarımız davamlı olacaq. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanın möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə əminik”.
E.İbrahimov qeyd edib ki, gənclərimiz tariximizi yaxşı bilməli və Milli Qurtuluş Gününün əhəmiyyətini dərk etməlidirlər. Çünki onlar dövlətimizin hansı çətinliklərdən keçərək bu günümüzə gəlib çatdığını yaxşı bilməlidirlər. “Çox sevindirici haldır ki, bu gün öz dövlətinə bağlı, vətənpərvər, bilikli gənc nəsil formalaşıb. Onların böyük hissəsi partiyamızın sıralarında birləşiblər, Heydər Əliyev ideyalarına sadiqdirlər. Azərbaycanın gələcəyi bu gənclərlə bağlıdır”, - deyə o vurğulayıb.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Rəna Süleymanlı  çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında fikirlərini bildirib. O deyib ki, Azərbaycanın milli qurtuluşdan başlanan inkişaf və tərəqqisi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R.Süleymanlının sözlərinə görə, bütün Azərbaycan vətəndaşları, o cümlədən gənclər müstəqil Azərbaycanın daha da inkişafı və güclənməsi üçün dövlət başçısının ətrafında sıx birləşiblər: “Müasir Azərbaycan gəncliyi də Qurtuluş məfkurəsinin bəhrəsidir. Əgər qurtuluş olmasaydı, bugünkü xoşbəxt Azərbaycan gəncliyindən söhbət gedə bilməzdi. Biz özümüzü xoşbəxt hesab edirik ki, güclü Azərbaycan dövlətində yaşayırıq. Dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. Öz növbəsində, gənclərimiz də müstəqil dövlətimizi qorumalı, Azərbaycanı gözü götürməyən qüvvələrə tutarlı cavab verməlidir. Sevindirici haldır ki, Azərbaycanda məhz belə bir vətənpərvər, intellektual gənclik formalaşıb”.
Tədbirə yekun vuran Əli Əhmədov qeyd edib ki, ötən 25 ildə Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib, müasirləşib, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bütün bunlar isə Qurtuluş məfkurəsinin nemətləridir. Onun sözlərinə görə, Qurtuluş məfkurəsinin həyata keçirilməsində, bu gün ölkəmizdə yeni mərhələdə həyata keçirilən islahatlarda və bu islahatların uğurla nəticələnməsi işində YAP və onun çoxsaylı üzvləri yaxından iştirak edirlər: “Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Ötən il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ilini qeyd etdik. YAP-ın hər bir üzvü fəxr edir ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyada təmsil olunur. Partiyamızın üzvlərinin sayı 700 mindən çoxdur. Bu, Heydər Əliyev ideyaları ilə silahlanmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət edən möhtəşəm ordudur. Bu ordunun əsas silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində iştirak etməsidir. Bu ilin aprel ayında ölkəmizdə prezident seçkiləri keçirildi və cənab İlham Əliyev bu seçkilərdə böyük səs çoxluğu ilə qalib gəldi. Prezident seçkiləri kampaniyasının uğurla həyata keçirilməsində  partiyamızın üzvləri, o cümlədən gənclər böyük fədakarlıqlar göstərdilər. Prezident İlham Əliyev seçki kampaniyasında fəallıq göstərən partiya üzvlərinin fədakarlığını yüksək qiymətləndirib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qurtuluşun Azərbaycana verdiyi töhfələrin daha da artmasında xidmətlər göstərəcək”.
“Ümummilli liderimiz Heydər Əliyev elə bir müstəqil dövlət yaradıb ki, onun əzəmətli dayaqları üzərində Azərbaycan daim inkişaf edəcək və möhtəşəm nailiyyətlər qazanacaq”, - deyən YAP Sədrinin müavini qazanılan uğurlarla yanaşı, qarşıda hələ də mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, gənclər dövlətimizə layiqincə xidmət göstərmək üçün yüksək bilik və bacarığa, intellektə malik olmalıdırlar: “Sevindirici haldır ki, Azərbaycanda məhz belə bir gənclik formalaşıb. Bu gün gənclərimiz sosial şəbəkələrdə fəallıq göstərərək Azərbaycanın nailiyyətlərini uğurla təbliğ edirlər. Amma bəzi dairələr var ki, sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı ləkə atmağa çalışırlar. Onlar bu fəaliyyətlərində adi etik davranışlara da əməl etmirlər. Onlar açıq siyasi meydanda üz-üzə gəlməyə qorxurlar, sosial şəbəkələrdən istifadə edib tərbiyəsizlik edirlər. Hesab edirəm ki, gənclərimiz bundan sonra da onlara qarşı mübarizəni davam etdirərək belə çirkin hərəkətlərə qarşı tutarlı cavab verməlidirlər”.
Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib: “Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz inanırıq ki, gənclərimiz öz bilik və bacarığı ilə müstəqil dövlətimizin inkişafına böyük töhfələr verəcəklər”.  
 Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30