Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Küçə siyasətçisinin diletantlığı, yoxsa Paşinyanın ifasında tipik erməni riyakarlığı?

Küçə siyasətçisinin diletantlığı, yoxsa Paşinyanın ifasında tipik erməni riyakarlığı?

09.06.2018 [08:37]

İşğalçı ölkənin baş nazirinin Sergey Lavrovla görüşdən sonra səsləndirdiyi sərsəm fikirlər onun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlardan məlumatsız olduğunu və Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsiz yanaşdığını göstərir
Ötən hər gün Ermənistanın yeni baş naziri Nikol Paşinyanın dövlət idarəçiliyində hələ çox piyada olduğu qənaətini bir qədər də gücləndirir. Küçə eyforiyası ilə forpost dövlətin sükanı arxasına keçən bu şəxs elə ilk gündən hansısa əməli-praktiki bir işi ilə deyil, məhz diletantlığı, yel dəyirmanı ilə vuruşan Don Kixotsayağı davranışları və sərsəmləmələri ilə diqqət mərkəzinə gəlib. Bu baxımdan onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə ifadə etdiyi fikirlər də heç nə ilə fərqlənmir.
Nikol Paşinyan bütün Ermənistan cəmiyyətini aldadır
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə qabaqdangəlmişlik edərək bir sıra sərsəm iddialar səsləndirib. O bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Bu fikri ifadə edərkən N.Paşinyan bir sıra “arqumentlər”ə istinad edib. “DQR”-in parlamentə, prezidentə və hökumətə malik müstəqil ölkə” olduğunu əsaslandırmağa çalışan N.Paşinyan onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar səsləndirib. O deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər (?), Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Forpost dövlətin yeni baş naziri söyləyir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək...
Bu kimi cəfəng və sərsəm iddiaları ancaq reallıq hissindən məhrum olan bir siyasətçi dilə gətirə bilər. Belə çıxır ki, Nikol Paşinyan ya özünü əsassız yerə həddən ziyadə ağıllı hesab edir, ya da bütün Ermənistan cəmiyyətini sadəlövh yerinə qoyur. Bəli, Ermənistan kimi problemlər məngənəsində olan bir ölkədə hay-küylə hakimiyyətə gəlmək olardı. Azərbaycanın davamlı təzyiqlərinin nəticəsində dalana dirənən forpost dövlətin vətəndaşları N.Paşınyanın yağlı vədlərinə, ritorikasına inandılar. Serj Sarkisyan rejimindən bezən, boğaza yığılan bu insanlar N.Paşinyanı dəstəkləməklə güman edirdilər ki, acınacaqlı həyatlarını bir qədər yüngülləşdirməyə nail olacaqlar.
Lakin bunun üçün real əsaslar olmalıdır. İndi N.Paşinyan dərk edir ki, küçə eyforiyası ilə dövlət idarəçiliyi eyni bir çərçivəyə sığmır. Ermənistanın reallıqları fonunda yeni hökumətin manevr imkanları hədsiz dərəcədə məhduddur, bəlkə də, heç yoxdur. Buna görə də vədlərlə hakimiyyətə gələn N.Paşinyan vaxt qazanmaq üçün sərsəm və cəfəng iddialara güc verir.
“DQR” ayrı ölkədirsə, bəs onda Ermənistan qoşunlarını niyə ordan çıxarmır?
Ermənistanın yeni faktiki rəhbərinin Rusiyanın xarici işlər naziri ilə görüşündə dilə gətirdiyi absurd iddiaları dəyərləndirsək, belə deyə bilərik: Forpost dövlətin baş naziri sadəcə olaraq su bulandırmaqla məşğuldur. Onun iddialarını alt-üst edəcək çoxlu sayda təkzibolunmaz dəlil-sübutlar, əks-arqumentlər gətirmək mümkündür. “DQR” ayrı ölkədirsə, bəs onda Ermənistan niyə yuyulmamış çömçə kimi özünü hər addımda ortaya atır? “DQR”in “ayrı və yaxud müstəqil ölkə” olmasından dəm vuran N.Paşinyandan soruşmaq gərəkdir: Nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir? Nə üçün Ermənistan vətəndaşları digər bir “müstəqil dövlətdə” hərbi xidmət keçirlər? Bu suallara yeni baş nazir hansı cavabı verə bilər? Cavab birmənalıdır - heç bir! Axı əlahəzrət fakt ortadadır - Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur və bunu heç kəs inkar edə bilməz.
“DQR”in maliyyə təminatında, büdcəsinin formalaşmasında Ermənistanın bilavasitə iştirakı ilə bağlı faktlar da sirr deyil. Yenə də sual yaranır: “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir? Doğrudan da, Ermənistanın özünə pul, maliyyə hava-su kimi lazım olduğu halda bu ölkənin qondarma rejimə münasibətdə sonsuz səxavətlilik nümayiş etdirməsi heç bir sağlam məntiqə sığmır. Əgər həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Neçə ki işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər.
N.Paşinyan Dağlıq Qarabağdan qovulan azərbaycanlıların Azərbaycan vətəndaşı olmaları barədə iddia irəli sürür. N.Paşinyana xatırladırıq ki, Dağlıq Qarabağ hüdudlarından zorla çıxarılan azərbaycanlılar tarixən Azərbaycanın vətəndaşı olublar. Bu, indi də belədir, sabah da belə olacaq. İşğal faktı Dağlıq Qarabağın aborigen sakinləri olan azərbaycanlıların vətəndaşlığına heç bir halda kölgə sala bilməz. Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən, dinindən asılı olmayaraq orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır. N.Paşinyandan soruşan gərək: 25 ildir öz yurd-yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıydılar? Məgər Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu bilmir?
N.Paşinyan hansı razılaşmalardan dəm vurur?
Forpost Ermənistanın yeni baş naziri hansısa razılaşmalardan dəm vurur. O bildirir ki, əvvəlcə indiyəqədərki razılaşmaları yerinə yetirmək lazımdır, əks halda yeni razılaşmalar ətrafında müzakirələr açmağa lüzum yoxdur. N.Paşinyan hansı razılaşmalardan dəm vurur, görəsən? Reallıq budur ki, Azərbaycan ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda konstruktiv mövqe tutur, ədalətə və beynəlxalq hüquq normalarına istinad edərək regionda davamlı sülh yaranmasını istəyir.
Bəs Ermənistan? Ermənistanın mövqeyi isə ondan ibarətdir ki, Dağlıq Qarabağda və ora bitişik ərazilərdə işğal nəticəsində yaranan status-kvo dəyişməz qalsın. Danışıqlar prosesinin uzanması və status-kvonun indiki vəziyyətdə qalması, təbii ki, Azərbaycanı qane edə bilməz. Bunu Ermənistanda hər kəs, o cümlədən də N.Paşinyan yaxşı dərk etməli, qulağından sırğa edib asmalıdır.
Yeni baş nazirin iddiaları səmimilikdən çox uzaqdır
Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları digər vasitələrlə geri qaytarmaq Azərbaycanın müstəsna hüququdur. Şanlı Aprel döyüşləri düşmən tərəfə Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu bir daha göstərdi. N.Paşinyanın Azərbaycana yönəlik təhdidləri isə heç bir real əsasa söykənmir. Ermənistan mediası və ekspertləri etiraf edirlər ki, bu günə kimi bu ölkə aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir.
Açıq-aydın görünür ki, N.Paşinyan danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək xülyasındadır. Forpost dövlətin yeni baş nazirinin səsləndirdiyi fikirlər, onun sülh haqqında dediklərinin səmimi olmadığını sübuta yetirir. Aydın görünür ki, N.Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Bu, N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir. Eləcə də N.Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30