Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞPA-nın qondarma “korrupsiya hesabatı” Qərbdəki anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur

AŞPA-nın qondarma “korrupsiya hesabatı” Qərbdəki anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur

28.04.2018 [10:10]

Ölkə ictimaiyyətinin haqlı mövqeyi bundan ibarətdir ki, Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir
Azərbaycanın rasional daxili və xarici siyasət yürütməsi, ölkəmizin sabit, dinamik inkişafı, yüksək beynəlxalq imici, bəzi anti-azərbaycançı qüvvələrin təzyiq kampaniyalarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutması bir sıra xarici dairələri ciddi narahat edir. Buna görədir ki, zaman-zaman həmin ermənipərəst dairələr Azərbaycana qarşı çirkin qarayaxma kampaniyaları həyata keçirməklə, ölkəmizin müsbət imicinə ləkə yaxmağa çalışırlar. Ölkəmizdə prezident seçkilərinin yüksək səviyyədə, demokratik standartlara uyğun keçirilməsi və xalqımızın yenidən inkişaf və sabitliyə, müstəqil siyasətə səs verməsi isə həmin antiazərbaycançı dairələri fəallaşdırıb. Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən uydurma “korrupsiya hesabatı”nın qəbul olunmasını da Qərbdəki bəzi anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların ölkəmizə qarşı növbəti oyunu kimi qiymətləndirmək olar.
“Hesabat” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların subyektiv mülahizələrindən ibarətdir
Şübhəsiz, bu “hesabat” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdən ibarətdir. O da məlumdur ki, quruma üzv olduğu dövrdən Azərbaycan AŞPA-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Son illərdə isə AŞPA-da açıq şəkildə islamofob meyillərin qalib gəldiyi göz önündədir. AŞPA-nın monitorinqlərinin müxtəlif mərkəzlərin maraqlarını əsas götürməsi və Azərbaycanın timsalında həm də müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etməsi isə artıq şübhə doğurmur. Təəssüf ki, özünü “demokratiyanın beşiyi” adlandıran bu cür Qərb dairələri “öz gözlərindəki tiri” görmədən böhtan, yalan dolu iddialar irəli sürürlər. Beləliklə, AŞPA-nın Azərbaycana qarşı fərqli standartlarla yanaşması faktlarla da sübut edilir və bu “hesabat” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Əslində, AŞPA-nın bu qondarma “hesabat”ı özü özünü təkzibdən başqa bir şey deyil. İçində heç bir tutarlı faktın və ya əsasın olmadığı, kimlərinsə absurd iddialarına söykənən bu yalan hesabatın, sadəcə, korporativ maraqlardan doğması açıq şəkildə ortadadır. Əgər bu qondarma “hesabat”a inansaq, onda xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz hotel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidir. Yaxud bu günə qədərki fəaliyyətində Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edən və ermənipərəst mərkəzlərlə şübhəli münasibətlərə malik olan 3-5 satılmış siyasətçinin sayaqlamalarının əlahəzrət fakt kimi qəbul olunması heç bir məntiqə sığmır. Görünür, həmin “siyasətçilər” öz ölkələrində gördükləri və yaşadıqları əxlaqsızlıqları Azərbaycanın adına çıxmaqla əməllərini pərdələmək istəyirlər.
AŞPA siyasi təzyiq vasitəsinə çevrilib
Digər tərəfdən, AŞPA-da Azərbaycana qarşı təşkil edilən bu cür ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə göstərir. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti, apardıqları qərəzli monitorinqlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin və məqsədli gözdən salma kampaniyası və digər məsələlər bunun bariz nümunələridir. Hətta BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri belə AŞ-ni qərarlarında işğalçıya qarşı qətiyyət ortaya qoymağa sövq etməyib.
Əslində, Avropa Şurasının timsalında anti-Azərbaycan qruplarının, dünya erməniliyini qorumağa çalışanların, onun havadarına çevrilənlərin, islamofobiyaya və imperializmə xidmət göstərənlərin hansı səbəblərdən Azərbaycana qarşı hücumlar təşkil etməsi ortadadır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasəti bəzi Qərb dairələrində, o cümlədən AŞPA-da bəzi siyasətçilərdə qıcıq doğurur, ölkəmizi islamofobiyanın gücləndiyi AŞPA-da qondarma ittiham hədəfinə çevirir.
İkili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır?
Nəticə etibarı ilə, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından ötən 17 illik üzvlük dövründə ölkəmizin nələr əldə etməsinə nəzər yetirəndə, maraqlı bir mənzərə ilə üz-üzə qalırıq. Görəsən, hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Bir halda ki, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib, onda bu gün islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana yaxşı nə vəd edə bilər?!
Əlbəttə, Azərbaycan demokratik inkişafı özünün başlıca məqsədi elan edib və həyata keçirilən dövlət siyasəti, çoxşaxəli islahatlar ölkəmizin bu məqsəd yolunda əmin addımlarla irəlilədiyini sübuta yetirir. Azərbaycanda demokratik təsisatların fəaliyyəti təmin olunub, insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur. Ölkə rəhbərliyinin sarsılmaz iradəsi də bu yöndədir ki, Azərbaycan bundan sonra da demokratik inkişaf proseslərini uğurla davam etdirəcək. Ölkəmiz bunu kiməsə, hansısa təşkilata xoş gəlmək üçün etmir, demokratiya Azərbaycan xalqının və dövlətinin şüurlu seçimidir. Ona görə də, əgər AŞPA və bu qəbildən olan digər təşkilatlar hesab edirlərsə ki, bu cür absurd, uydurma hesabatlarla Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək, müstəqil siyasətinə müdaxilə etmək mümkün olacaq, yanılırlar. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək. Azərbaycan ictimaiyyəti haqlı olaraq sual edir ki, AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Azərbaycan bu təşkilatda olmadan da öz inkişafını uğurla davam etdirəcək. Ona görə də ictimaiyyət Azərbaycanın inteqrasiya meyillərini, AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməsini gözləyir.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30