Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 14 ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırılması böyük uğurdur

Son 14 ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırılması böyük uğurdur

02.03.2018 [10:03]

2018-ci ilin sonunadək isə respublika miqyasında bu göstəricinin 95 faizə yüksəldilməsi nəzərdə tutulub
Müstəqil Azərbaycanın konseptual əsaslara söykənən inkişaf strategiyasında yüksək səviyyəli infrastruktur quruculuğu mühüm yer tutur. Ölkəmiz 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına məhz bölgələrdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə start verib. Ötən 14 ildə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib, ölkəmizdə yeni müsbət reallıqlar yaradıb. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Ötən 14 ildə respublika miqyasında 12 min 300 kilometr yol çəkilib, 443 körpü inşa olunub.
2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi respublikanın enerji ixracı imkanlarını artıracaq.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Reallaşdırılan layihələr sayəsində 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Ölkə boyu yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində aparılan işlər çoxistiqamətlidir. Təbii ki, yaşayış məntəqələrinin təhlükəsiz qaz təminatı üçün ilk növbədə yüksək səviyyəli magistral və paylayıcı şəbəkə qurulur. Bundan başqa, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, mövcud xətlərdə təmir-bərpa işləri aparılır.
Bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 2 106 635-ə çatıb. 2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionların payına düşür.
Məlumdur ki, son illərdə Azərbaycan uğurlu enerji siyasəti sayəsində həm də qaz ixracatçısına çevrilib. Azərbaycanın təşəbbüsü, qonşu ölkələrin fəal iştirakı ilə “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə hesablanan Cənub Qaz Dəhlizi qlobal miqyasda yeganə yeni “mavi yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə artırıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı baş tutub. Toplantıda vurğulandığı kimi, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyinə daha sanballı töhfələr verəcək. Təxminən 3600 kilometr məsafədə uzanacaq yeni dəhlizin inşasına 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Beləliklə, bir sıra Avropa ölkələrinin rəsmilərinin də etiraf etdikləri kimi, hazırda Azərbaycanın iştirakı ilə “qoca qitə”nin enerji xəritəsi yenilənir və Azərbaycan bu prosesdə mərkəzi rol oynayır.
Bununla belə, respublikamızda dövlət siyasəti ona yönəlib ki, Azərbaycanın zəngin qaz potensialından ilk növbədə ölkə əhalisi bəhrələnməlidir. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. “Şahdəniz” dünyanın ən zəngin qaz-kondensat yataqlarından biridir. Bununla belə, respublikamız Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Ölkəmiz “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı xarici şirkətlərlə fəal danışıqlar aparır. Azərbaycanın tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyi başqa bir yataq “Qarabağ” adlanır. Respublikamız həmçinin böyük qaz potensialı olan daha iki yataqğa - “Dan ulduzu” və “Əşrəfi” yataqlarına malikdir. Perspektivdə bu yataqların işlənməsi sayəsində hasil ediləcək qaz uzun illər ərzində ölkə əhalisinin “mavi yanacaq” təchizatının yüksək səviyyədə təmin edilməsinə imkan yaradacaq.
Ölkə boyu qazlaşdırma layihələri intensiv şəkildə davam etdirilir
Ölkədə qazlaşdırma ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Belə ki, cari ilin sonunadək respublika miqyasında qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub. Bu məqsədlə Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb. Hazırlanan tədbirlər planına uyğun olaraq 2018-ci ildə indiyədək müvafiq təchizat sistemi olmayan və yaxud qaz təchizatı müxtəlif səbəblərdən dayandırılan çoxlu sayda yaşayış məntəqəsinə, o cümlədən də ucqar dağ kəndlərinə yeni paylayıcı xətlərin çəkilməsi təmin ediləcək. Eyni zamanda, cari ildə Abşeron yarımadasında da qaz infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranan itkilərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Bütövlükdə, cari ildə itki səviyyəsinin 7,9 faizə qədər endirilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub.
Hazırda bütün ölkə boyu qazlaşdırma layihələri intensiv şəkildə davam etdirilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar ayı ərzində 27,3 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 21,2 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Daşkəsən, Beyləqan və Göyçay rayonları üzrə 4 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Cari il fevral ayının 17-də Sabirabad rayonunun Yolçubəyli kəndinə ilk dəfə təbii qaz verilib. Kənd sakinləri bu əlamətdar hadisəni böyük sevinc hissi ilə qarşılayıblar. Kəndə təbii qaz verilməsi mərasimində bildirilib ki, layihə çərçivəsində 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Salyan rayonunun Kürsəngi kəndinin sakinləri də evlərinə “mavi yanacaq” verilməsinin sevincini yaşayıblar. Kəndin qazlaşdırılması layihəsi çərçivəsində 940 abonentin qaz təchizatı təmin edilib. Bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Bundan başqa, mənzillərdə sayğacların və fərdi tənzimləyicilərin quraşdırılması da təmin edilib.
Cari ilin əvvəlindən həmçinin İsmayıllı rayonunun ucqar dağ kəndi olan Lahıcda qazlaşdırma işlərinə başlanılıb. Kəndin qazlaşdırılması bölgəyə turist axınının daha da güclənməsinə müsbət təsir göstərəcək. Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda, məxbəxdə yerləşən qaz cihazına qədər 7900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.
Ümumiyyətlə, cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində icrasına start verilən qazlaşdırma layihələrinin sayı kifayət qədər çoxdur. Bu isə onu deməyə əsas verir ki, ilin sonunadək ölkədə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya qoyulan hədəfə çatılması yüksək səviyyədə təmin ediləcək.
Əsas məsələlərdən biri də müştəri məmnunluğunu təmin etməkdir
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, son illərdə ölkədə qazlaşdırılan yaşayış məntəqələrinin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Qarşıya qoyulan digər mühüm vəzifə isə müştəri məmnunluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu baxımdan “Azəriqaz” İstehsalat Birliyi ilə “ASAN xidmət”in inteqrasiya olunmuş fəaliyyətinin genişlənməsinin önəmini xüsusi qeyd etmək lazımdır. “Azəriqaz” İstehsalat Birliyi cari ilin əvvəlindən ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş abonentlərə müvafiq xidmətlərin göstərilməsini təmin edib. Qeyd edək ki, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 21658 müraciət daxil olub. Bu müraciətlərin hamısı fərdi qaydada araşdırılıb və müvafiq tədbirlər görülüb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30