Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milan Məhkəməsinin qərarı ilə Luka Volontenin bəraət alması anti-Azərbaycan dairələrinin “qara piar” kampaniyasını iflasa uğratdı

Milan Məhkəməsinin qərarı ilə Luka Volontenin bəraət alması anti-Azərbaycan dairələrinin “qara piar” kampaniyasını iflasa uğratdı

15.02.2018 [10:21]

Demokratiya və söz azadlığı pərdəsi arxasında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar
Xəbər verildiyi kimi, İtaliyanın Milan Məhkəməsində 2 ildən çoxdur şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan, AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volontenin “çirkli” pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmə ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib. Tanınmış siyasətçi Luka Volonte Milan Məhkəməsinin qərarı ilə bəraət alıb. Qeyd edilməlidir ki, Luka Volontenin İtaliya məhkəməsi tərəfindən bəraət alması həm də ölkəmizə qarşı aparılan şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənipərəstlərə verilən cavabdır. Çünki hər zaman Azərbaycanın haqlı mövqeyinin müdafiəçisi kimi tanınan Luka Volontenin bəraət alması Azərbaycana qarşı aparılan çirkin kampaniyanın əsassız olduğunu, ermənipərəst mərkəzlərin və erməni lobbisinin oyunlarının iflasa uğradığını növbəti dəfə sübuta yetirdi.
Bu məqamda vurğulamaq lazımdır ki, yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün sosial-iqtisadi inkişafı ilə yanaşı, sabitliyi, siyasi kataklizmlərdən uzaq olması ilə də dünyanın nümunə sayılacaq ölkələrindəndir. Bu gün Azərbaycan dövləti seçdiyi demokratik inkişaf xəttinə sadiqdir, vətəndaşlarının hüquq və azadlıqları qanunvericiliklə qorunur. Digər tərəfdən, Azərbaycanın seçdiyi demokratik inkişaf yolu ölkəmizdə fərqli düşüncənin azad şəkildə ifadə olunmasına şərait yaradıb. Eləcə də müstəqil xarici siyasət kursu birmənalı şəkildə ölkəmizin maraqlarını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi kurs Azərbaycanın sabit inkişafını təmin etməklə, beynəlxalq aləmdə ölkəmizin tanınmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üstünlüklərimizin daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycanın iqtisadi rıçaqlardan məharətlə istifadə etməsi, qlobal enerji layihələrində işğalçı Ermənistanın yer almamasına nail olması, o cümlədən bu ölkə daxilində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını faktlarla sübuta yetirməsi həm erməniləri, həm də onların havadarlarını “mat” vəziyyətində qoyub. Bu gün Ermənistanın rəhbərliyi məcburi şəkildə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, haqq səsimizin dünyada dəstəklənməsini etiraf edir. Düşmən ölkənin mətbuatı isə artıq həyəcan təbili çalır. Təsadüfi deyil ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun gücünü, Azərbaycan Prezidentinin apardığı uğurlu hücum diplomatiyasını, Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində aparılan siyasətdəki qətiyyəti dönə-dönə vurğulayır və bütün sferalarda dövlətimizin əldə etdiyi üstünlüklərdən bəhs edir.
Beləliklə, hazırda Azərbaycan regionun sabitlik qarantı olması ilə yanaşı, bölgənin inkişafının əsas lokomotivi rolunda çıxış edir. Ölkəmizin iştirakı və təşəbbüsü ilə reallaşan regional və qlobal layihələr istər iqtisadi, istərsə də siyasi cəhətdən mühüm üstünlüklərə malikdir. Son bir neçə ildə reallaşan Şimal-Cənub dəhlizi, Bakı-Tbilisi-Qars və bu kimi əhəmiyyətli layihələr ölkəmizin iqtisadi gücünü göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə yerinin də möhkəmləndiyinin sübutuna çevrilir. Bu gün Azərbaycanın dünyanın aparıcı dövlətlərinin əsas ticarət tərəfdaşı qismində çıxış etməsi ac, yoxsul, yalnız ianələrə ümid edən Ermənistanın və onun havadarlarının işini çətinə salır. Bu səbəbdəndir ki, ermənipərəst dairələr ölkəmizin maraqlarına zərbə vurmaq, beynəlxalq imicini ləkələmək üçün çirkin kampaniyalar həyata keçirirlər.
Xatırlatmaq yerinə düşər ki, Luka Valonte ilə bağlı proses də məhz bunun nəticəsi idi. Belə ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri - ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı. Həmin dövrdə Azərbaycan dövləti açıqlama yayaraq OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdi. Təbii ki, aparılan araşdırmalar nəticəsində haqq öz yerini tapdı və Milan Məhkəməsinin obyektiv qərarı da bunu bir daha təsdiqlədi. Bu yalanların ifşası, əsl həqiqətlərin üzə çıxması isə ermənipərəstlərin növbəti dəfə oxunu daşa vurdu və onların arzularını ürəklərində qoydu.
Təəssüfləndirici haldır ki, bəzi transmilli media strukturlarının, eləcə də özünü “demokratiya carçısı”, “insan hüquq və azadlıqlarının qoruyucusu” kimi təqdim edən, korporativ maraqların əsirinə çevrilmiş “beynəlxalq” yarlıqlı təşkilatların ölkəmizə qarşı apardığı bu çirkin kampaniyanın iştirakçıları arasında “sapı özümüzdən olan baltalar” - radikal müxalifət düşərgəsi də yer alır. “Beşinci kolon” adlanan və ermənipərəst mərkəzlərə xidmət göstərən radikal ünsürlər nəzarətlərində olan media, o cümlədən sosial şəbəkələr vasitəsilə məhz bu cür çirkin oyunları təbliğ etməyə, bu cür feyk-məlumatları cəmiyyətə sırımağa çalışırlar. Lakin Milan Məhkəməsinin qərarı, Luka Volonteyə qarşı irəli sürülən iddiaların əsassız və yalan olmasının sübuta yetirilməsi xidmət etdikləri ermənipərəst mərkəzlərdən aldıqları direktivlər əsasında fəaliyyət göstərən “beşinci kolon”un xəyanətkar mövqedə dayandığını bir daha təsdiqlədi.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dövləti də öz növbəsində ölkəmizə qarşı aparılan əsassız və çirkin kampaniyanın təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan Məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: “Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.
Bəli, bu gün ölkəmizdəki sabitliyə, inkişafa qarşı böhtan kampaniyası aparan ermənilərlə, ermənipərəst xarici mərkəzlərlə eyni sırada yer alan radikal ünsürlər və onun nəzarətindəki mətbu orqanlar öz amplualarındadır. Lakin Azərbaycana qarşı aparılan kampaniyalarda yer almaqla hansı “havaya oynadıqlarını” növbəti dəfə sübuta yetirən “beşinci kolon” nümayəndələri, “maddi təminat mənbələrindən” daha çox maliyyə almaq üçün xalqına, dövlətinə xəyanət edənlər anlamalıdırlar ki, “özgə atına minənlərin” aqibəti heç də yaxşı olmur. Azərbaycan xalqı satqınlığı özünə peşə seçmiş belələrinə qarşı hər zaman birmənalı münasibət göstərməklə onlara öz yerlərini göstərir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30