Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

10.08.2026 [14:26]

Ankarada ənənəvi III Beynəlxalq Keçiören Türk dünyası festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Keçiören Bələdiyyəsinin ev sahibliyi, TÜRKSOY, eləcə də türk dövlətlərinin Türkiyədəki səfirlikləri və mədəniyyət mərkəzlərinin dəstəyi ilə təşkil olunan festivalda Türk dünyasından dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, mədəniyyət xadimləri və çoxsaylı sakinlər iştirak ediblər.

Açılış mərasimində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədri, millət vəkili Kürşad Zorlu, Keçiören Bələdiyyəsinin sədri Məsut Özarslan və digər qonaqlar çıxış ediblər. Natiqlər Türk dünyasının zəngin tarixi irsi, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərindən bəhs edərək, festivalın xalqlarımız arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Tədbir çərçivəsində Türk dünyasının mənəvi dəyərlərinə dair videoçarx təqdim olunub, rəqs proqramları, musiqi ifaları, film və sənədli film nümayişləri keçirilib.

Festivalda ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mərkəzin “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı və Xalq artisti Azərin milli musiqi və rəqs nümunələrimizi təqdim edərək böyük rəğbət qazanıblar.

Bədii proqramda, həmçinin Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Kabarda-Balkardan olan kollektivlər də çıxış ediblər.

Türk dünyasının müxtəlif coğrafiyalarından sənət adamlarını və mədəniyyət nümayəndələrini bir araya gətirən festival ortaq tarixi-mədəni irsimizin təbliği, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Festival boyunca türk xalqlarını birləşdirən ortaq dəyərlər, həmrəylik və birlik ruhu xüsusi vurğu ilə ön plana çıxarılıb.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31