Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sahibə Qafarova: Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir

Sahibə Qafarova: Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir

27.01.2018 [10:36]

Azərbaycanlı parlamentari AŞPA sessiyası çərçivəsində keçirilən sərbəst debatlarda Ermənistan nümayəndə heyətinin böhtanlarına cavab verib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində dünən keçirilən sərbəst debatlarda Ermənistan nümayəndə heyətinin üzvləri növbəti dəfə ölkəmizin ünvanına uydurma fikirlər, böhtanlar səsləndiriblər. Onlar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün guya özlərinin regionun aborigen xalqı olduqlarını iddia ediblər. Erməni parlamentarilərdən sonra çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova isə bu iddialara cavab olaraq erməni nümayəndə heyətinin üzvlərinin növbəti dəfə mötəbər tribunadan beynəlxalq ictimaiyyəti aldatmağa çalışdıqlarını, əslində, ermənilərin bir toplum olaraq Cənubi Qafqaza XVIII əsrin sonu, XIX əsrin əvvəllərində köçürüldüyünü bildirib, Ermənistan dövlətinin işğalçılıq siyasəti həyata keçirdiyini deyib. Sahibə Qafarova erməni deputatların Azərbaycan dövləti və xalqı haqqında söylədiklərinin tamamilə yalan olduğunu, Azərbaycanın multikultural və tolerant dövlət olduğunu söyləyib.
Daha sonra dünyada islamofobiyanın təhlükəli həddə çatdığını vurğulayan millət vəkili deyib ki, hər hansı bir dinin adının terrorla birlikdə anılması, müqəddəs dinlərin terror dini kimi xarakterizə olunması yolverilməzdir. Çünki bütün dinlər, o cümlədən İslam dini sülh və barışı tərənnüm edir, insanları sülh şəraitində birgə yaşayışa, ədalətli olmağa çağırır. Millət vəkilinin sözlərinə görə, Avropa dəyərlərinin formalaşmasında müsəlmanların da rolu az olmayıb. Qitənin çoxəsrlik tarixində müsəlman alim və ziyalılarının, tarixi şəxsiyyətlərinin xidmətləri inkar oluna bilməz. “Ona görə də hesab edirik ki, bu gün bəzi siyasətçilərin hansısa dini hədəf göstərib rasizmi, ksenofobiyanı təşviq edən fikirlər səsləndirməsi gələcəkdə təhlükəli nəticələr doğura bilər. Bizi əhatə edən coğrafiyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən çağırışlar qətiyyətlə pislənilməlidir”, - deyən Sahibə Qafarovanın fikrincə, islamofobiyanı bir dinin təmsilçilərinin problemi kimi görmək də kökündən qüsurlu yanaşmadır.
S.Qafarova deyib ki, bugünkü Avropanın sabit mühiti heç də asan təmin olunmayıb: “Biz bu günə milyonlarla qurbanlar verərək, çox ağır məhrumiyyətlərlə gəlib çıxa bilmişik. Bu gün isə bəzi məsuliyyətsiz siyasətçilərin səhvləri ucbatından yenidən o fəsadları yaşamağı hər halda heç birimiz istəmirik. Hamımızın ortaq evimiz olan Avropanı yenidən irqi, dini, milli ayrı-seçkiliyin tüğyan etdiyi, diskriminasiyanın bütün cəmiyyətlərə bədbəxtlik gətirdiyi həmin illərə qaytarmaq heç kəsə fayda verməyəcək.
Sual oluna bilər ki, biz islamofobiyanın, diskriminasiyanın yayılmasının qarşısını almaq üçün nə etməliyik? Əslində, bu sualın cavabı kifayət qədər aydındır. Bütün hallarda diskriminasiyanın aradan qaldırılmasının başlıca yolu multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoq və xoşgörünü qorumaq, təbliğ etməkdir”.
Daha sonra ölkəmizdə mövcud olan multikultural və tolerantlıq mühiti haqqında məlumat verən millət vəkili bildirib ki, Azərbaycan müsəlmanların mütləq çoxluq təşkil etdiyi suveren ölkədir. Bununla belə, Azərbaycan öz təcrübəsində müxtəlif dinlərin nümayəndələrinin birgə, sülh şəraitində yaşaya biləcəyini, multikulturalizmin diskriminasiyanı aradan qaldıran əsas vasitə olduğunu sübut edib. Onun sözlərinə görə, Azərbaycanda bütün dinlər, müxtəlif xalqlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdir. Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsi eyni hüquqlarla təmin edir. “Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir. Bu yanaşma bizim ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Xristian və yəhudi icmaları ölkəmizdə əksəriyyət təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər. İnsanlar heç zaman dini və etnik mənsubiyyətinə görə pis rəftarla qarşılaşmırlar. Azərbaycanda məscid, kilsə və sinaqoqlar bərabər fəaliyyət göstərir. Əgər Azərbaycan dövləti buna nail olubsa, deməli, bunu etmək mümkündür. Fərqlilikləri qorumaq, təşviq etmək xalqları yalnız zənginləşdirə bilər”, - deyə Sahibə Qafarova qeyd edib.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30