Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan 2018-ci ildə DİF-in ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü pillədə qərarlaşıb

Azərbaycan 2018-ci ildə DİF-in ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü pillədə qərarlaşıb

23.01.2018 [10:19]

Dünya İqtisadi Forumu Azərbaycanda gedən prosesləri növbəti dəfə yüksək qiymətləndirib
Son 14 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət regional və qlobal miqyasda müstəqil Azərbaycanın nüfuzunun artması ilə nəticələnib. Təsadüfi deyil ki, Azərbaycanın inkişafı, sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyəli nüfuzlu reytinq agentliklərinin hesabatlarında da yüksək dəyərləndirilir. Bu konteksdə, eyni zamanda son vaxtlarda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Niderlandın nüfuzlu ING maliyyə holdinqi kimi qurumlar Azərbaycanda gedən müsbət prosesləri müxtəlif indikatorlar üzrə dəyərləndirərək yüksək qiymətə layiq görüblər. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 12 indikatordan doqquz indikator üzrə mövqeyini yaxşılaşdıran respublikamız reytinq cədvəlində daha iki pillə irəliləyərək 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini yenə də qoruyub saxlayıb.
Respublikamız eyni zamanda nüfuzlu Dünya İqtisadi Forumunun (DİF) hesabatında növbəti dəfə yüksək qiymətə layiq görülüb. Belə ki, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb. İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. Nüfuzlu Dünya İqtisadi Forumunun Azərbaycanda gedən prosesləri növbəti dəfə yüksək dəyərləndirməsi ölkəmizin müsbət reallıqlarını əks etdirir.
Aparılan islahatlar Azərbaycanda davamlı inkişafı uğurla təmin edir
Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərən fundamental amillərdən biri, heç şübhəsiz ki, ölkəmizin davamlı inkişaf göstəriciləri, inklüziv iqtisadiyyat quruculuğuna güclü siyasi iradə göstərilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanda elə bir inkişaf strategiyası reallaşdırılır ki, respublikanın getdikcə artan milli gücündən cəmiyyətin bütün təbəqələri, özəl qurumlar maksimum dərəcədə istifadə edə bilsinlər. Ölkədə elə bir unikal inkişaf modeli qurulub ki, burada dövlət öz imkanları hesabına respublikanın tarazlı inkişafına, müxtəlif qurumların, şirkətlərin öz fəaliyyətlərini genişləndirmələrinə, bütövlükdə cəmiyyətin güclənməsinə davamlı olaraq daha münbit şərait yaratmağa çalışır. 2004-cü ildən bəri uğurla reallaşdırılan regional inkişaf proqramları, ölkə boyu infrastruktur təminatının möhkəmləndirilməsi buna əyani misaldır. Bəhs olunan proqramlar çərçivəsində görülən işlər, müxtəlif təyinatlı nəhəng infrastruktur obyektləri, bir qayda olaraq, dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Bütün ölkə boyu dövlət vəsaiti hesabına yaradılan generasiya güclərindən, yeni çəkilən yüksək səviyyəli yollardan, su, qaz təminatının yaxşılaşmasından isə müxtəlif sahibkarlıq subyektləri sərbəst şəkildə bəhrələnirlər.
Milli gücə, ölkənin iqtisadi-maliyyə imkanlarına çıxış imkanlarının təmin edilməsi öz növbəsində Azərbaycanın davamlı inkişafını təmin edir. Son 14 ildə bütün dünya miqyasında Azərbaycan kimi davamlı və dinamik inkişaf mənzərəsinə malik olan ölkələrin sayı çox azdır. Respublikamızda milli iqtisadiyyat təxminən 3 dəfə genişlənib ki, bu da çox böyük uğurdur. Bəhs olunan dövrdə Azərbaycanın sabitliyinə və davamlı inkişafına dərin inamın ifadəsi olaraq ölkəmizə daxili və xarici mənbələrdən təxminən 200 milyard dollar həcmində sərmayələr yönəldilib, bütün respublika boyu 70 mindən çox yeni müəssisə istifadəyə verilib.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də inkişafa istiqamətlənib. Belə ki, respublikamız qlobal iqtisadi böhranın mənfi təsirlərini effektiv şəkildə önləməklə özünün davamlı inkişafını təmin edir. Bunu 2017-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri də əyani şəkildə təsdiqləyir. İlin yekunlarına əsasən ən yaxşı inkişaf göstəriciləri uğurlu şaxələndirmə siyasətinin nəticəsi olaraq məhz qeyri-neft sektorunda, o cümlədən də 3,6 faiz olmaqla qeyri-neft sənayesində, 4,1 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Tədiyyə balansında profisit yaranıb, ölkənin strateji valyuta ehtiyatları artaraq 42 milyard dollara çatıb.
Hazırda dünyada yaşanan qlobal çətinliklərin fonunda ölkəmizin inkişafın ardıcıllığına nail olmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Respublikamızın müəyyənləşdirdiyi iqtisadi inkişaf modeli bir sıra xarakterik cəhətləri ilə fərqlənir ki, burada ilk növbədə daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır. Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Aparılan islahatlar yeni şəraitdə də Azərbaycanda davamlı inkişafı uğurla təmin edir.
Azərbaycanda inklüziv iqtisadiyyat quruculuğu baxımından biznes mühitinin optimallaşdırılmasına yönələn səylərin, aparılan islahatların, siyasi və maddi dəstək tədbirlərinin önəmini ayrıca vurğulamaq lazımdır. 2004-cü ildən bəri respublikamızda sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi 2 milyard manata çatıb. 2017-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib.
Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır
Davamlı inkişafın təmin edilməsi ilə yanaşı, ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında dərinməzmunlu sosial siyasət həyata keçirilməsi də Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində Azərbaycanın mövqeyinin yaxşılaşmasına müsbət təsir göstərən fundamental amillər sırasında yer alır. Məlumdur ki, indiki narahat dünyada getdikcə aktuallığı artan trendlər sırasında yoxsulluğun azaldılması, insanların rifah halının yaxşılaşdırılması kimi məsələlər xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, ayrı-ayrı regionlarda yaşanan kataklizmlər, müharibələr, iqtisadi-maliyyə böhranları qlobal miqyasda əmək bazarına inteqrasiyanı hədsiz dərəcədə çətinləşdirib. Nəticədə, milyonlarla insan yoxsulluq şəraitində yaşamaq məcburiyyətində qalıb ki, bu da bəşəriyyətin gələcəyi üçün daha böyük fəsadlara yol aça bilər.
Deyilənlər baxımından Azərbaycanda vəziyyət tamam fərqlidir. Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. İndiyədək respublikamızda dayanıqlı inkişafla bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün məqsədyönlü proqramlar həyata keçirilib. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada insanların rifah halının yaxşılaşdırılmasına yönələn yeni təşəbbüslər irəli sürülür, bütün sosial proqramlar uğurla yerinə yetirilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30