Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizədə Azərbaycan təcrübəsi təhlil edilib

Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizədə Azərbaycan təcrübəsi təhlil edilib

14.12.2017 [10:09]

Dekabrın 13-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə DƏMT-in təmsilçiləri, tanınmış beynəlxalq ekspertlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edirlər. Konfransın keçirilməsinin əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsidir.
MHA-nın sədri Kamran İmanov bildirib ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir. 2009-cu ildən başlayaraq Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin meydançasıdır.
Qeyd olunub ki, Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək MDB məkanında şəriksiz liderdir.
Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 balla 37-ci yeri tutur. Bununla da Azərbaycan ötən dövrlə - 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib. “Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq yenə də MDB məkanında liderdir.
K.İmanov vurğulayıb ki, müasir dövrdə Azərbaycanın beş qanundan, yüzədək normativ-hüquqi sənəddən ibarət olan müasir müəllif-hüquq bazası var. Ölkəmizin kreativ iqtisadiyyatının ümumi daxili məhsuldakı (ÜDM) payı beş faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci il ilə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 29 faizə, audio-video məhsul bazarında 90 faizdən 65 faizə, proqram təminatında 96 faizdən 75 faizə düşüb.
Beynəlxalq səviyyədə piratçılığa qarşı mübarizə illər boyu gedir, lakin dünya miqyasında həyata keçirilən tədbirlər, o cümlədən hüquqi addımlar hələlik istənilən səmərəni vermir: hüquqlar pozulmaqda davam edir. Mübarizənin daha əlverişli nəticələrini əldə etmək üçün “rəqəmli imperativ”in tələbləri nəzərə alınmalı, onun hüquqi tənzimləmə mexanizminə olan təsiri araşdırılmalıdır. Əqli mülkiyyət sahəsinə gəldikdə, etiraf etmək lazımdır ki, əqli mülkiyyətin dövriyyəsinə aid üsul və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəklə çevrilən, yəni qorunan kontent arasında fərq var. Bir tərəfdən kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır, digər tərəfdən isə müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq əsərin məzmununun rolu artır.
Bildirilib ki, MHA-nın hüquq sahiblərinə əsərlərinin istifadəsi ilə bağlı həyata keçirdiyi siyasətin başında ölkə Prezidentinin formalaşdırdığı sosialyönümlü dövlət durur. Bu isə o deməkdir ki, müəlliflərə çatası qonorar vaxtında dəqiq və şəffaf formada icra olunmalıdır. Əsərlərin istifadəçi təşkilatların qonorar ödəmədən yayılmasına və mütləq şəkildə müəlliflərin haqqına hörmətlə yanaşmasına hökumətin yeniləşmiş qərarı xidmət edir. Bu qərar müəllif əsərlərinin bütün istifadə məkanlarına aiddir. Məsələyə aydınlıq gətirmək üçün MHA tərəfindən mediada bir sıra izahedici məqalələr, televiziya verilişləri təşkil edilib, restoran və toy meydançaları üçün xüsusi bukletlər hazırlanıb. Bir sözlə, müəlliflərə əsərlərindən istifadənin dəyəri qaytarılmalıdır, əsərləri istifadə edən təşkilatlar qonorar yığan müəllif təşkilatları ilə lisenziya sazişləri bağlamalı və onlara riayət etməlidirlər.
K.İmanov deyib: “Xarici qonaqların konfransda iştirakını nəzərə alaraq, Azərbaycanın rastlaşdığı xüsusi növ piratçılıq haqqında danışmaya bilmərəm - söhbət erməni-hay plagiatçılığından, mənimsəmə və özününküləşdirmədən və saxtakarlıqlardan gedir. Bir sözlə, söhbət xalqa məxsus olan əqli mülkiyyətin qorunmasından gedir. Əcdadlarımızın bizə vəsiyyət etdiyi zəngin mədəni irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq siyasi-hüquqi problemə çevrilib. Odur ki, maddi mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “avtoxton”, “ən qədim köklü sakinləri” olmasına, “böyük hay mədəniyyəti”, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır”.
Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Lakin bu da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir, bu, bir növ “milli istedad”dır. Bu yeni yaradılan mifologiya “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” verir, hətta “legitimlik” gətirir. Nəhayət, məhz bu, erməni xadimlərinin - istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, əxlaqını təyin edir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməniçilik düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına maneə törədir.
Diqqətə çatdırılıb ki, 2003-cü ildə folklor nümunələrimizin hüquqi cəhətdən qorunması haqqında ölkəmizdə analoqu olmayan qanun qəbul edilib. Azərbaycanın folklor nümunələrinin plagiata uğramasının əsasən ölkədən kənarda baş verdiyini nəzərə alaraq, həmin qanunun icrası ilə bağlı qərar qəbul olunub ki, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri folklor nümunələrimizdən istifadə üçün mütləq şəkildə Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar. Bununla yanaşı agentlikdə milli irsimizin xəzinəsi sayılacaq zəngin “Folklor” elektron məlumat bazası yaradılıb. Bu məlumatları qorumaq üçün MHA tərəfindən folklor nümunələrinin qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb. Burada əsas məqsəd folklor nümunələrinin qeydiyyata alınması yolu ilə onların “pozitiv”, yəni əqli mülkiyyət rejimində və “müdafiəli”, yəni üçüncü şəxslər tərəfindən əqli mülkiyyət hüquqlarının alınmayacağını və qorunmasını təmin etməkdir.
Müəllif Hüquqları Agentliyinin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni Nizamnaməsində vacib fəaliyyət istiqaməti kimi “əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi” nəzərdə tutulub.
Eyni zamanda, ölkəmiz DƏMT-in folklor nümunələrinin qorunması haqqında konvensiyasının tezliklə qəbul edilməsinin tərəfdarı olub və indi də belə bir konvensiyasının qəbulunu vacib hesab edir.
K.İmanov konfransda əhəmiyyətli məruzələrin dinləniləcəyinə, səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib, iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə DƏMT-in keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkov MHA-nın keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib, bir sıra mühüm və aktual mövzuların müzakirəsində böyük rol oynayan belə konfransların təşkilini yüksək dəyərləndirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov MHA tərəfindən müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Qeyd edilib ki, agentlik tərəfindən xalqımızın tarixinin, köklərinin dəqiq təqdim olunması üçün mühüm addımlar atılır. Fəaliyyəti ilə seçilən MHA dünyada tanınan agentliklərdən biridir. İşğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsi, musiqi nümunələrimizin qorunub gələcək nəsillərə ötürülməsi və yeni yaranan əsərlərin, kitabların, digər kəşf və ixtiraların qeydiyyatdan keçirilməsi bir-biri ilə sıx bağlıdır. Tarixi abidələrimizlə bağlı MHA, Azərbaycan Milli Elmlər Akademiyasının institutları tərəfindən kifayət qədər mübarizə aparılmasına baxmayaraq, bu istiqamətdə dövlətimiz tərəfindən xarici ölkələrdə mühüm məsələlər qaldırılır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond tərəfindən maddi-mədəni abidələrimizin qorunması istiqamətində böyük işlər görülür, UNESCO və ISESCO çərçivəsində mədəniyyət nümunələrimizin qeydiyyatı aparılır.
S.Novruzov deyib: “Ermənilərin zaman-zaman torpaqlarımızda yerləşdirilmələri, yaşamaları və onların xalqımızın, türk xalqlarının mədəniyyətini, məişətini, adət-ənənələrini özününküləşdirmələri regional xarakter daşıyır. Azərbaycan torpaqlarında yaşayan mənfur qonşularımız bundan sui-istifadə ediblər. Ermənilərin tarixi abidələrimizi özlərininki kimi təqdim etmələri alimlərimiz, MHA qarşısında çətin problemlər yaradır. Çünki mədəniyyət nümunələri ilə bağlı materialların çox hissəsi dünyanın müxtəlif arxivlərində saxlanılır. Bütün bunlar bəzi məsələlərin həll olunmasını daha da çətinləşdirir”.
Tədbirdə K.İmanov “Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin DƏMT-in bölmə rəhbəri İlya Qribkovun “DƏMT-in xidmətlərinin ümumi icmalı”, təşkilatın hüquq məsələləri üzrə müşaviri Tomas Dillonun “Əqli mülkiyyət hüquqlarının təminatında balanslaşdırılmış yanaşma”, London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotlun “Hüquqi müdafiənin mülki tədbirləri” mövzularında məruzələri dinlənilib.
Konfrans işini dekabrın 14-də davam etdirəcək.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30