Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə hökumətinin biganəliyi Azərbaycan ictimaiyyətini ciddi narahat edir

Türkiyə hökumətinin biganəliyi Azərbaycan ictimaiyyətini ciddi narahat edir

17.10.2017 [10:16]

Rəsmi Ankara Azərbaycan ictimaiyyətinin Qarabağa qeyri-qanuni səfər edən Türkiyə vətəndaşlarının cəzalandırılması - hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir
Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşlarının beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması məsələsi son günlərin əsas müzakirə obyektlərindən birinə çevrilib. Belə ki, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hazırda da Türkiyənin yazılı mətbuatına və internet saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar. Beləliklə, iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət nümayiş etdirən bu şəxslər istər dövlətlərarası münasibətlərin, istərsə də Türkiyə-Azərbaycan qardaşlığının ruhuna uyğun olmayan hərəkətlər etməkdədirlər.
Məlum olduğu kimi, Azərbaycan ictimaiyyəti, siyasi dairələri, vətəndaş cəmiyyəti institutları ilk gündən məsələyə öz kəskin münasibətlərini bildiriblər. Lakin Türkiyə hökumətinin bu 4 xəyanətkara qarşı ciddi tədbir görməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurmaqdadır. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə xalqları soyu-kökü bir olmaqla yanaşı, hər zaman bir-birlərinə arxa-dayaq olublar və Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnək göstərilir. Dövlətimiz Türkiyə-Azərbaycan birliyinin bölgədə sabitləşdirici amil olduğunu hər zaman vurğulayır. Bu mənada Türkiyə vətəndaşlarının Azərbaycan tərəfinin icazəsi olmadan Qarabağa qeyri-qanuni səfər etmələri, hətta erməni mənşəli olan Türkiyə parlamentinin üzvü Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar birmənalı qarşılanmır və ictimaiyyətimizin diqqətindən yayınmır.
Maraqlıdır ki, Türkiyə rəhbərliyi dəfələrlə Ermənistanla bağlı məsələlərdə Azərbaycanın maraqlarını qorumaqla yanaşı, öz dövlət maraqlarını da qoruduqlarını bildirirlər. Ermənistanın Türkiyəyə qarşı apardığı qondarma soyqırımı təzyiqi, o cümlədən torpaq iddiaları hələ də davam etməkdədir. Bu mənada, Karo Paylanın Ermənistana səfərləri, apardığı işlər Türkiyənin də maraqlarını zərbə altına qoyur. Türkiyə hökuməti isə baş verən qanunsuzluqlara, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərə göz yumur, Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünür. Görünür, Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün Belarus hakimiyyəti qədər də maraqlı deyil. Əks halda, bu şəxslər haqqında qanuni şəkildə ölçü götürülməli, ən azından hüquqi prosedur yerinə yetirilməlidir. Azərbaycan cəmiyyətinin isə gözləntisi böyükdür. Çünki söhbət Azərbaycandan, hətta Türkiyənin də hər zaman öz problemi kimi yanaşdığını söylədiyi Dağlıq Qarabağdan gedir. Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də bizim qədər önəm kəsb etdiyini düşünməkdədir. Türkiyə hökumətinin vətəndaşlarının bu hərəkətlərini layiqli şəkildə cavablandırmaması isə ortaya fərqli suallar çıxarır. Bu suallara birdəfəlik cavab vermək də mümkündür. Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti ən qısa zamanda Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə, gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni, ziyanlı addımlardan çəkindirməlidir. Əks halda, bu cəzasızlığın yarada biləcəyi presedentlərdən yararlanmağa çalışan bəzilərinin hərəkətləri Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salma təhlükəsi yarada bilər.
Yeri gəlmişkən, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı qərəzli hesabat üzrə qətnamənin lehinə səs verməsi də Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycana qarşı ədalətsiz münasibətin, eyni zamanda erməni lobbisinin və anti-türk, anti-islam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi izahı olmayan bir hadisədir. Ermənipərəst mərkəzlərin, Azərbaycana, eləcə də Türkiyəyə qarşı olan bir sıra qüvvələrin tüğyan etdiyi, ölkələrimizə qarşı ikili standartların tətbiq olunduğu qurumda türkiyəli deputatların Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyasının bir parçasına çevrilməsi başadüşülən deyil. Bu gün həmin deputatların Azərbaycana qarşı kampaniyalarda yer alması cəmiyyətimiz tərəfindən dərin təəssüflə qarşılanır. Bu mənada, həmin deputatlardan Azərbaycanın dövlət maraqlarını pozmağa yönəlik bu cür addımları üçün Türkiyə dövləti və xalqı tərəfindən də izahat tələb olunacağını düşünürük.
Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını qoruyur, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verir. AŞPA-da Prezident İlham Əliyevin məlum çıxışı bunun əyani təzahürüdür. Türkiyənin olmadığı masalarda rəsmi Ankaranın dövlət maraqlarını qorumağı özünə borc bilən Azərbaycan qardaş dövlətdən bu cür münasibət görməməlidir. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlılar ermənilərin Türkiyəyə qarşı səsləndirdikləri qondarma soyqırımı iddialarına qarşı kəskin və qətiyyətli mübarizə aparır, erməni yalanlarının ifşası ilə bağlı təbliğat kampaniyaları həyata keçirirlər. Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoyaraq Türkiyə Respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə etmişdi. Birmənalı şəkildə, Türkiyənin dövlət maraqlarını qorumağı özünə borc sayan xalqımız qardaş ölkənin bəzi şəxslərindən bu cür qardaşlığa yaraşmayan addımlar gördükdə təəssüflənir. Bəzi türkiyəli aydınlar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır. Xüsusən də Türkiyə hökumətinin istər Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görmədiyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər. Bu səbəbdən də Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin cəzalandırılması - hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30