Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə hökuməti Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən vətəndaşlarını ciddi şəkildə cəzalandırmalıdır

Türkiyə hökuməti Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən vətəndaşlarını ciddi şəkildə cəzalandırmalıdır

29.09.2017 [10:20]

Türkiyə ictimaiyyətinin bir qrup tanınmış nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır
Məlum olduğu kimi, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə işğal altında olan Dağlıq Qarabağa səfər edib. Yayılan məlumatlara görə, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Və bu hadisə Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılanıb.
Azərbaycan ictimaiyyətinin bunu hiddətlə qarşılaması isə heç də təsadüfi deyil. Əvvəla Türkiyədən olan bir qrup ziyalı işğal altında olan Dağlıq Qarabağa səfər etməklə ölkəmizin ərazi bütövlüyünə qarşı addım atmış olublar. Digər tərəfdən ümumiyyətlə, Azərbaycan Türkiyəyə hər zaman dostluq və qardaşlıq münasibəti göstərib. Ölkələr arasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daim uğurlu olması üçün Azərbaycan dövləti bütün lazımi addımları atıb. Eyni zamanda, Azərbaycan müəllifi və təşəbbüskarı olduğu enerji layihələrində Türkiyə ilə əməkdaşlığa böyük önəm verir. Və transmilli layihələrin reallaşmasında qardaş dövlətin maraqlarını xüsusi olaraq nəzərə alır. Məhz bunun nəticəsində də, Xəzərin neft və qaz ehtiyatlarının Avropaya ixracında Türkiyənin rolunun artırılmasında dövlətimizin xüsusi mövqe tutması mühüm rol oynayıb.
Bütün bunların qarşılığında bir qrup Türkiyə ziyalısının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etiməsinə Türkiyə dövlətinin seyrçi yanaşması qəbulolunmazdır. Daha doğrusu, Türkiyənin tanınmış simalarından Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili, “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlunda ibarət qrupun Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etməsi Türkiyə ilə Azərbaycan arasındakı mövcud nümunəvi əlaqələrin ruhuna zidd olmaqla yanaşı, Azərbaycan üçün ümummilli həssaslığa malik məsələlərə Türkiyə hökumətinin etinasız yanaşması haqqında qənaət formalaşdırır.
Nəzərə almaq lazımdır ki, Türkiyə hökuməti və xalqı üçün həssaslıq daşıyan bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla devrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti Öz qəti mövqeyini ortaya qoyub, qardaş Türkiyəyə və dövlət başçısına Öz qəti dəstəyini ifadə edib. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, o gərgin günlərdə Türkiyə xalqına və onun qanuni hakimiyyətinə öz dəstəyini ilk ifadə edən dövlət məhz Azərbaycan oldu. Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Qardaş ölkədəki hadisələri gecə boyu narahatlıqla izləyən Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərdi. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi sərgilədi. Azərbaycan Prezidenti həm də xalqın seçiminə, demokratiyaya, Konstitusiyaya sədaqətlilik və hörmətin əsas şərt olduğunu önə çəkdi. Dövlət başçısı Türkiyə cəmiyyətinin qanuni seçiminin və demokratik dövlət quruculuğu xəttinin əsas olduğunu qeyd etdi. Bir sözlə, bu məsələdə Azərbaycan öz qətiyyətli mövqeyi ilə dünyaya demokratiya dərsi verdi, Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi. Qardaş ölkədə meydanlara çıxıb hakimiyyəti müdafiə edən Türk xalqı, həmçinin Türkiyə rəsmiləri dəstəyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə etdilər. Birmənalı şəkildə qeyd olundu ki, Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu. Eyni zamanda, digər türkdilli ölkələrdən fərqli olaraq, Azərbaycan Türkiyə dövləti ilə tam həmrəylik nümayiş etdirib, “FETÖ” şəbəkəsinin üzvlərinə qarşı ciddi tədbirlər görüb və bunun da nəticəsi olaraq ölkədə “FETÖ”-çülərin fəaliyyətinə birdəflik son qoyulub.
Bütün bunların fonunda Türkiyədən olan qrupun Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsinin şəxsi təşəbbüs adlandırılması bu mənfur əmələ bəraət qazandırmaqdan başqa bir şey deyil. Məgər hərbi çevrilişə cəhd zaman qırıcı təyyarələrin, tankların, ağır silahlı əsgərlərin hücumlarının qarşısını müvəffəqiyyətlə almağı bacaran Türkiyə dövləti bir qrup ziyalısının Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsinin qarşısını almaqda acizdirmi? Maraqlıdır, görəsən, Azərbaycan ziyalılarından ibarət bir qrup Cənubi Kiprə səfər edib, orda bir sıra görüşlər keçirsə və qardaş ölkənin mövqeyinə zidd fikirlər səsləndirsəydi, Türkiyə dövlətinin və ictimaiyyətinin reaksiyası necə olardı?
Beləliklə bu suallara cavab axtaran Azərbaycan ictimaiyyəti eyni zamanda yuxarıda bəhs edilən səfərlə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbirsizliklə gözləyir. Azərbaycan ictimaiyyətinin mövqeyi budur ki, Türkiyə hökuməti özündə cəsarət tapıb bu xəyanətkarları, satqınları, Türkiyə və Azərbaycanın birliyinə, hər iki ölkənin milli maraqlarına ziyan vuran ünsürləri cəzalandırmalı, ya da ən azından Belarus kimi onları Azərbaycana təhvil verməlidir.
Azərbaycan ictimaiyyəti əmindir ki, Türkiyə hökuməti dərin tarixi köklərə əsaslanan, həmçinin bu gün dünyaya nümunə göstərilən Azərbaycan-Türkiyə əlaqələrinin, xalqlarımızın qardaşlıq bağlarına xələl gətirmək istəyən bu insanları tezliklə cəzalandıracaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30