Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksəlməsi islahatlar nəticəsində ölkəmizdə yaranan müsbət reallıqlarla əlaqədardır

Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksəlməsi islahatlar nəticəsində ölkəmizdə yaranan müsbət reallıqlarla əlaqədardır

29.09.2017 [10:14]

Prezident İlham Əliyev: İslahatlar və apardığımız siyasət öz nəticəsini verir
Xəbər verildiyi kimi, bu günlərdə Dünya İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Bəhs olunan hesabatda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Müqayisə üçün bildirək ki, qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
Həyata keçirilən islahatlar ölkənin perspektiv inkişafı üçün münbit zəmin yaradıb
Dünya İqtisadi Forumunun bəhs olunan hesabatında Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Hesabatdan da göründüyü kimi, hazırda Azərbaycanın inkişafı o səviyyəyə çatıb ki, ölkəmizin uğurları beynəlxalq miqyasda da təsdiq və təqdir olunur. Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri güclü iqtisadiyyat quruculuğu ilə bağlıdır. Milli iqtisadiyyatın güclənməsi və ölkənin iqtisadi müstəqilliyinin təmin olunması Azərbaycanın inamlı daxili və xarici siyasət həyata keçirməsində əsas amil qismində çıxış edir. Özünün geniş iqtisadi-maliyyə resurslarına istinad edən Azərbaycan regional lider dövlətə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Azərbaycanın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılan layihələr bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını təmin edir.
Ümumiyyətlə, statistik rəqəmlər son 13 ildə Azərbaycanın bütün dünya üzrə ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldığını təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizə daxili və xarici mənbələrdən təxminən 200 milyard dollar həcmində sərmayələr yönəldilib, bütün respublika boyu 70 mindən çox yeni müəssisə istifadəyə verilib və 1,6 milyondan çox yeni iş yeri açılıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də inkişafa istiqamətlənib. Belə ki, respublikamız qlobal iqtisadi böhranın mənfi təsirlərini effektiv şəkildə önləməklə özünün iqtisadi göstəricilərini artırmaqda davam edir. Cari ilin birinci yarısında Azərbaycan strateji valyuta ehtiyatlarını üç milyard dollar səviyyəsində artırmağa nail olub ki, bu da dünyadakı məlum kataklizmlər fonunda kifayət qədər yaxşı uğurdur. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Belə ki, cari ilin altı ayında respublikamızdan ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb. Paralel şəkildə idxal 15 faiz azalıb və 1,9 milyard dollar həcmində müsbət saldo yaranıb.
Bəs Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənən uğurlarının təməlində dayanan fundamental amillər hansılardır? Təbii ki, indiki çətin dövrdə ölkəmiz dinamik inkişafa heç də, necə deyərlər, sehrli çubuğun sayəsində nail olmur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızın uğurlarının təməlində dayanan amillərə diqqət çəkərək bildirib: “Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.
Hazırda dünyada yaşanan qlobal çətinliklərin fonunda ölkəmizin inkişafın ardıcıllığına nail olmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Respublikamızın müəyyənləşdirdiyi iqtisadi inkişaf modeli bir sıra xarakterik cəhətləri ilə fərqlənir ki, burada ilk növbədə daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır. Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Dövlət başçısının qəbul etdiyi mühüm qərarlar və aparılan islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.
Ölkəmizdə 2016-cı ildən tətbiqinə başlanan yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük məna kəsb edir. Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində ölkəmizin perspektiv inkişaf hədəflərinə diqqət çəkib. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.
Qlobal rəqabətlilik hesabatında Azərbaycanın biznesin mürəkkəbliyi indikatoru üzrə 20 pillə yüksələrək 40-cı yerdə qərarlaşması böyük nailiyyətdir
Son 13 ildə özəl bölmənin davamlı şəkildə dəstəklənməsi və güclü milli sahibkarlar ordusunun formalaşdırılması Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi inkişaf strategiyasının mühüm istiqamətini təşkil edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sahibkarlara qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Belə ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq özəl bölmə təmsilçilərinə həm siyasi cəhətdən, həm də maddi baxımdan hərtərəfli kömək göstərilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bu günə qədər respublikamızda sahibkarlara təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində ölkəmizdə özəl bölmənin inkişafının hərtərəfli şəkildə dəstəklənməsindən bəhs edərək vurğulayıb: “Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir”.
Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında ölkəmizdə özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilib. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Azərbaycanda sahibkarlığın güclü şəkildə dəstəklənməsi öz növbəsində ölkədə iqtisadi aktivliyin artmasına güclü təkan verib. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Hazırda Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə biznesə başlama prosedurunun sadələşdirilməsi, inzibatçılığın aradan qaldırılması və bu kimi digər amillər sayəsində milli iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Respublikamızda biznes mühitinin davamlı şəkildə optimallaşdırılması isə öz növbəsində nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında müsbət dəyərləndirilir. Bu baxımdan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” da istisna deyil. Bəhs olunan hesabatda Azərbaycan ən böyük irəliləyişi məhz biznesin mürəkkəbliyi kateqoriyası üzrə qazanıb. Bu indikator üzrə republikamızın mövqeyi 20 pillə yaxşılaşıb və Azərbaycan hesabatın əhatə etdiyi ölkələr arasında 40-cı yerdə qərarlaşıb.
İnfrastruktur kateqoriyası üzrə irəliləməsi Azərbaycanın müasir mənzərəsini səciyyələndirir
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”n da Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərən digər mühüm amil ölkənin infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşması ilə bağlıdır. Hesabatda respublikamız infrastruktur indikatoru üzrə mövqeyini 4 pillə yaxşılaşdıraraq 51-ci yerdə qərarlaşıb. Hesabatın infrastruktur bölməsində ölkəmizin nəqliyyat sistemi daha yüksək qiymətə layiq görülüb. Belə ki, infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşdırılıb.
Nüfuzlu Davos İqtisadi Forumunun hesabatında ölkəmizin infrastruktur təminatının yüksək dəyərləndirilməsi isə təsadüfi deyil. Müstəqil Azərbaycanın dinamik inkişafı infrastruktur quruculuğu sahəsində xüsusilə qabarıq şəkildə nəzərə çarpır. Bir vaxtlar respublikamızda infrastruktur təminatı olduqca aşağı səviyyədə idi. Belə vəziyyət isə regionlarda həm insanların sosial vəziyyətinə, həm də iqtisadi fəallığın artmasına mənfi təsir göstərirdi. Hazırda isə ölkəmizin mənzərəsi tamam dəyişib. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən belə geri qalmır. Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində ölkədə infrastruktur quruculuğunun yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək bildirib: “Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Bütün ölkə boyu infrastruktur quruculuğunun geniş vüsət almasında respublikamızda 2004-cü ildən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarında bölgələrdə iqtisadi-sosial infrastruktur quruculuğu ilə bağlı konkret müddəalar öz əksini tapıb. Dövlət bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Artıq Dövlət proqramlarında nəzərdə tutulan çoxlu sayda infrastruktur obyektlərinin inşası yüksək səviyyədə tamamlanıb və onlar uğurla fəaliyyət göstərirlər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün ölkə boyu dövlət vəsaitləri hesabına yeni infrastruktur obyektlərinin yaradılması davamlı xarakter daşıyır və bu proses getdikcə daha geniş miqyas alır. Regionlarda infrastruktur obyektlərinin yaradılmasına yönəldilən investisiyaların həcmi ildən-ilə artır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Prezident İlham Əliyevin bölgələrə çoxsaylı səfərləri nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 67 Sərəncamla 261 milyon manat vəsait ayrılıb. Konkret infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilən sərmayələrin həcmi də kifayət qədər böyük rəqəmlərlə ölçülür. İnfrastruktur quruculuğuna göstərilən davamlı qayğı sayəsində əhalinin və milli iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının ödənilməsində dönüş yaranıb. Yaradılan yeni generasiya gücləri sayəsində respublikamız həm eletrik enerjisinə olan daxili tələbatı ödəyir, həm də bu sahədə müəyyən qədər ixrac imkanlarımız yaranıb. Artıq respublikamızda qazlaşdırmanın səviyyəsi 93 faizə çatıb. Ölkə boyunca yol-nəqliyyat infrastrukturu sürətlə yenilənir, həyata keçirilən yeni layihələr sayəsində əhalinin kommunal xidmətlərlə təchizatının səviyyəsi yüksəlir.
Yeni iqtisadi-sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi sayəsində bölgələrdə iqtisadi aktivlik artıb, investorlar dövlət tərəfindən yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnməklə müxtəlif istiqamətlərdə istehsal, xidmət müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər.
Azərbaycanın sosial siyasəti genişməzmunlu olmaqla davamlı xarakter daşıyır
Bəhs olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərə də diqqət çəkilib. Belə xüsusi narahatlıq yaradan trendlərdən biri sosial sfera ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə mövcud olan “dağıdıcı bərabərsizlik” insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan Azərbaycanın mənzərəsi tamam fərqlidir. Təsadüfi deyil ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
Davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Ölkədə aparılan siyasətin mühüm əlaməti kimi bütün respublika boyunca sosial infrastruktur quruculuğu geniş vüsət alıb. Son 13 ildə respublika miqyasında 3 mindən çox məktəb, təxminən 600 səhiyyə ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib, paytaxt Bakıda və regionlarda 50-dən çox Olimpiya Mərkəzi istifadəyə verilib.
Ümumiyyətlə, Azərbaycanın sosial siyasəti genişməzmunlu olmaqla davamlı xarakter daşıyır. Əvvəlki illərdə olduğu kimi, ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlüdür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30