Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində ciddi addımlar atılır

Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində ciddi addımlar atılır

18.08.2017 [09:45]

Prezident İlham Əliyev: Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir
Bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə Azərbaycan perspektiv inkişafının mühüm istiqamətlərindən biri kimi məhz qeyri-neft sektorunu müəyyənləşdirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində xüsusi olaraq vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir.
Ölkəmizin qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə böyük önəm verməsi və bu sahədə istehsal imkanlarının artırılması üçün zəruri tədbirlər görməsi yaranan çağırışlarla bağlıdır. Son illərdə neft amilinin qlobal miqyasda spekulyasiya predmetinə çevrilməsi və bu səbəbdən də dünya birjalarında enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə aşağı düşməsi iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Azərbaycan enerji sektorundan gələn gəlirlərinin azalmasını qeyri-neft sektorunun üstün inkişafı hesabına kompensasiya etməyə çalışır. İndiki vəziyyətdə neftdən asılılığı azaltmağın əsas yolu qeyri-neft sektorunun inkişafıdır. Ölkə başçısı da bununla bağlı mühüm göstərişlər verib, sərəncamlar imzalayıb. Bir sıra qanunlara dəyişiklik edilib, “Yol xəritəsi” ilə əlaqədar olan plan təsdiqlənib.
Ölkəmizdə qeyri-neft sektorunun vacib bir qolu kimi kənd təsərrüfatının yeni yanaşmalar əsasında inkişafına xüsusi diqqət göstərilir. Son illərdə respublikamızda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir.
Ölkədə kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması heç də təsadüfi deyil. Azərbaycanın bölgələrində aqrar sektorun böyük inkişaf potensialı var. Bir sıra sahələrdə ənənələri dirçəltməklə, əmək ehtiyatlarından, torpaqlardan daha səmərəli istifadə etməklə kənd təsərrüfatında iqtisadi aktivliyi, istehsal həcmlərini artırmaq münkündür. Aqrar sektorun inkişafı, eyni zamanda, ciddi sosial əhəmiyyət daşıyır, regionlarda əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, ölkəmizdə aqrar sektorun inkişafına göstərilən diqqət artıq öz bəhrəsini verir. Cari ilin birinci yarısında bu sahədə 2,2 faiz artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Aqrar sektorda bir sıra gəlirli sahələrin inkişafı üçün geniş imkanlar var
Respublikanın bölgələrində həm ənənələr, həm də coğrafi-iqlim xüsusiyyətləri baxımından bir sıra gəlirli sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu sırada pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişaf perspektivlərini xüsusi qeyd edə bilərik. Ötən ildən başlayaraq respublikanın bölgələrində böyük əmək tutumuna malik texniki bitkilərin becərilməsinə ciddi diqqət göstərilir.
Respublikamızda 2016-cı il pambıqçılığın inkişafında dönüş ili olub. Belə ki, ötən il 51 min hektarda pambıq əkilib və 90 min tona yaxın məhsul tədarük edilib. Ötən il 1800 ədəd texnika alınıb, 2017-ci ildə isə 3811 ədəd texnika sifariş edilib. Cari ildə 136 min hektarda pambıq əkilib. Beləliklə, pambıq əkilən sahələr 3 dəfə genişləndirilib və 260-270 min ton pambıq tədarükü proqnozlaşdırılır. Pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəm 200 minədək artıb.
Respublikamızda perspektiv inkişaf baxımından digər bir gəlirli sahə tütünçülükdür. Tütünçülük sahəsində qarşıya qoyulan hədəf yaxın perspektivdə istehsalı 3 dəfə artırıb 10 min tona çatdırmaqdan ibarətdir. 2021-ci ilə qədər isə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli, indiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bəhs olunan Dövlət Proqramı ölkəmizdə tütünçülüyün daha dinamik inkişafını təmin edəcək.
Hazırda respublikanın 30 rayonunda baramaçılıq inkişaf etdirilir və təxminən 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Bu, kifayət qədər gəlirli sahədir. Baramaçılıqla məşğul olan insanlar qısa müddət ərzində yaxşı qazanc əldə edirlər. Dövlət baramaçılığın inkişafına böyük dəstək göstərir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən cari ildə ölkədə baramaçılığın inkişafı məqsədilə Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Əldə olunan nəticələr də uğurludur. Əgər 2015-ci ildə respublika üzrə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdisə, ötən il bu rəqəm 70 tona çatdırıldı. Cari ildə isə 244 ton yaş barama tədarük edilib. Respublikamızda barama istehsalını 2025-ci ildə 6 min tona çatdırmaq hədəflənib.
Respublikamızda gəlirli sahə olan fındıqçılıq da sürətlə inkişaf edir. Fermer və sahibkarlar ən çox valyuta gətirən strateji məhsullar arasında yer alan fındığın becərilməsinə, fındıq bağlarının salınmasına böyük maraq göstərirlər. Fındıq istehsalı kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bununla yanaşı, məhsul istehsalının artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır. Qeyd edək ki, son iki il ərzində regionlarda findıq bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Prezident İlham Əliyev yaxın perspektivdə qarşıya daha 40 min hektar fındıq bağı salınması ilə bağlı mühüm vəzifə qoyub. Fındıqçılığın ölkəmizə ən çox gəlir gətirən sahə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də, bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın”.
Ölkədə daxili ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məsələsi uğurla həll edilir
Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin qida təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində ərzaq təhlükəsizliyinin prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırıb. Dövlət başçısı bildirib ki, ölkədə həyata keçirilən infrastruktur layihələrinin icrası ilə bağlı əsas vəzifələrdən biri məhz ərzaq təhlükəsizliyi ilə bağlı olub: “2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi”.
Azərbaycan əhalinin etibarlı qida təminatına nail olunmasına böyük siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq FAO ilə əməkdaşlığı getdikcə dərinləşdirir. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 2014-cü ildə FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib.
Eyni zamanda, ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. İndiyədək ölkədə ərzaq təhlükəsizliyinin dayanıqlığını təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanıb, ayrıca Dövlət Proqramı təsdiqlənib. 2017-ci il 10 fevral tarixində isə Prezident İlham Əliyev respublikamızda qida təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda bildirildiyi kimi, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikamızda əhalinin bir sıra qida məhsullarına, o cümlədən meyvə-tərəvəzə olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb.
Qısa müddətdə ölkənin qida təhlükəsizliyi sahəsində yüksək göstəricilərin əldə olunması böyük nailiyyətdir. Perspektiv hədəf isə ölkənin qida təhlükəsizliyinə bütünlüklə daxili istehsal hesabına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev ölkəmizdə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi məsələsinin uğurla həll olunmasından məmnunluğunu bildirərək deyib: “İdxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir”.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı perspektiv gözləntilər isə daha böyükdür. Şübhə yoxdur ki, dövlətin davamlı şəkildə nümayiş etdirdiyi siyasi iradə, praktiki müstəvidə görülən tədbirlər ölkədə gələcəkdə ərzaq məhsullarının daha böyük həcmlərdə istehsalını təmin edəcək. Prezident İlham Əliyev gələcək illərdə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı daha yaxşı nəticələrin əldə olunacağına əminliyini ifadə edərək deyib: “Ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.
Əsas hədəflərdən biri də ixracın həcminin artırılmasına nail olmaqdır
Daxili tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, aqrar sektorda yeni ixrac imkanlarının yaradılması da qarşıya qoyulan əsas hədəflər sırasındadır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarını xarici bazarlara çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaq məqsədi güdür.
Ötən il ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb və hazırda “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Respublikamızda ötən il işə salınan ixracın səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb.
Həyata keçirilən bu və ya digər tədbirlər isə öz növbəsində sahibkarların ixracyönümlü məhsul istehsalına marağını artırıb. Bu da 2017-ci ilin ixrac göstəricilərində də öz əksini tapıb. İlin əvvəlindən bəri respublikamızdan kənd təsərrüfatı məhsullarının ixracı 40 faizdən çox artıb. Bu müddət ərzində ixrac idxalı üstələyib. 1,7 milyard manata yaxın müsbət saldo yaranıb. Azərbaycanın xarici bazarlara çıxartdığı məhsulların çeşidi də kifayət qədər genişdir. Ölkəmizdə yetişdirilən meyvə-tərəvəz xarici istehlak bazarlarında yaxşı tanınır və yüksək qiymətləndirilir. Son vaxtlarda bu siyahıya yeni mallar, o cümlədən ət, emal sənayesində buraxılan məhsullar da əlavə olunub. Ümumiyyətlə, Azərbaycanın hədəfi odur ki, ölkəmizdən xarici bazarlara son məhsul ixrac edilsin. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik”.
Son illərdə aqrar sektorda həyata keçirilən yeni layihələr də yaxın perspektivdə ölkəmizin ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Ölkənin ayrı-ayrı bölgələrində reallaşdırılan meliorativ tədbirlər, yeni müasir təsərrüfatların yaradılması aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, ölkə boyu yaradılan aqroparklarda buraxılacaq məhsullar yaxın perspektivdə böyük bazarlara çıxardılacaq: “Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir”.
“ABAD Mərkəz”lərin yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir
Ölkəmizdə istiqamət ona götürülüb ki, yerlərdə əhalinin özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilsin, insanlar işləyərək öz həyatlarını təmin etsinlər. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, artıq Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkədə proqramın əhatə dairəsi getdikcə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı artır. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Qeyd edək ki, bəhs olunan proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.
Ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Bu cür xidmətlər yerli kiçik biznesin stimullaşdırılması məqsədi daşıyır. Məhz kiçik və orta biznesin mövcudluğu ölkə iqtisadiyyatını dayanıqlı edir. Bu gün kiçik və orta biznes təxminən 100 min iş yeri yaradır. Ona görə də kiçik və orta biznesin inkişafı Azərbaycan iqtisadiyyatı üçün aktual olaraq qalır. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışındakı çıxışında “ABAD Mərkəz”lərinin yaradılmasının yerlərdə məşğulluğun təmin edilməsi baxımından önəminə diqqət çəkərək bildirib: “Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir. “ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30