Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

23.08.2026 [12:15]

Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcək

Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlərin inkişafı mühüm istiqamətlərdən biridir. Bakı xüsusilə tarixi, mədəni və mənəvi bağları eyni kökdən gələn qardaş dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verir. Bu baxımdan türk dünyasının aparıcı dövlətlərindən olan Özbəkistanla münasibətlər Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Azərbaycan və Özbəkistan arasında əlaqələr yalnız dövlətlərarası maraqlar üzərində deyil, ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlar arasında formalaşmış səmimi münasibətlər üzərində qurulub. Məhz bu möhkəm təməl son illərdə siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın sürətlə genişlənməsinə imkan yaradıb. Hazırda Bakı–Daşkənd münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq müttəfiqlik xarakteri daşıyır. Prezident İlham Əliyevin Özbəkistana reallaşdıracağı yeni səfər də bu münasibətlərin daha da möhkəmlənməsinə, eyni zamanda Türk Dövlətləri Təşkilatı və C6 formatı çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə yeni impuls verə bilər.

Qeyd edildiyi kimi, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi uzun illər ərzində formalaşmış etimadın və ardıcıl siyasi dialoqun nəticəsidir. İki ölkənin dövlət başçıları arasında mövcud olan səmimi münasibətlər bu prosesdə xüsusi rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər Azərbaycan və Özbəkistan arasında siyasi əlaqələrin sürətlə inkişaf etməsinə ciddi təkan verib. 

Son illərdə ən yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi də bunun göstəricisidir. Prezidentlər arasında keçirilən görüşlərdə ikitərəfli münasibətlərin bütün istiqamətləri ilə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Bu baxımdan dövlət başçılarının şəxsi təmasları yalnız siyasi dialoqun davamlılığını təmin etmir, həm də iki ölkənin strateji maraqlarının daha düzgün uzlaşdırılmasına imkan yaradır.

Özbəkistanın son illərdə keçdiyi inkişaf yolu da Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Şavkat Mirziyoyevin prezidentliyi dövründə ölkədə iqtisadiyyatın liberallaşdırılması, sənayenin və kənd təsərrüfatının modernləşdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərlərin müasirləşdirilməsi, elm, təhsil və mədəniyyət sahələrinə diqqətin artırılması istiqamətində mühüm addımlar atılıb. Özbəkistanın regional və qlobal proseslərdə fəallığının artması da onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradıb. Azərbaycan bu inkişafı yalnız dost ölkənin uğuru kimi deyil, bütövlükdə türk dünyasının güclənməsi baxımından əhəmiyyətli proses kimi qiymətləndirir.

Vurğulandığı kimi, Bakı ilə Daşkənd arasındakı münasibətlərin son mərhələsində ən mühüm hadisələrdən biri dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilən siyasi razılaşmalardır. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri əlaqələrin inkişafında yeni mərhələ yaratdı. Bu səfərlər zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirdi.

Xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı sənəd və daha sonra müttəfiqlik münasibətlərinin qurulmasını nəzərdə tutan müqavilə iki ölkə arasında münasibətlərin siyasi mahiyyətini dəyişən mühüm addımlar oldu. Bununla Azərbaycan və Özbəkistan bir-birinə münasibətdə qarşılıqlı etimadın ən yüksək səviyyələrindən birini formalaşdırdılar. Müttəfiqlik münasibətləri siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, müdafiə, təhlükəsizlik, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük imkanlar yaradır.

Azərbaycan və Özbəkistanın müttəfiqliyi vacib xarakter daşıyır. Hər iki dövlət müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verir. Bakı və Daşkənd beynəlxalq münasibətlər sistemində milli maraqların, dövlətlərin suveren bərabərliyinin və ərazi bütövlüyü prinsipinin qorunmasını müdafiə edir. Bu ortaq yanaşmalar iki ölkənin beynəlxalq təşkilatlarda da bir-birinə daha yaxından dəstək verməsinə şərait yaradır. Azərbaycan və Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də onların ikitərəfli çərçivə ilə yanaşı Türk Dövlətləri Təşkilatı kontekstində əlaqələri gücləndirməsidir. Hər iki ölkə TDT-nin daha təsirli və praktik əməkdaşlıq platformasına çevrilməsində maraqlıdır. Bakı və Daşkəndin siyasi iradəsi təşkilat daxilində iqtisadi, nəqliyyat, təhlükəsizlik, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradır.

Azərbaycan və Özbəkistanın əməkdaşlığının digər mühüm istiqaməti C6 formatında qarşılıqlı fəaliyyətin inkişafıdır. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əlaqələrin institusional və siyasi müstəvidə genişlənməsi son illərdə yeni regional reallıq yaradıb. Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat bağlantısının əsas iştirakçılarından birinə çevrilir. Bu kontekstdə Özbəkistanın xüsusi çəkisi var. Regionun əhalisinə, iqtisadi potensialına və geosiyasi mövqeyinə görə aparıcı dövlətlərindən biri olan Özbəkistanla Azərbaycan arasında yaxın əməkdaşlıq C6 formatının daha səmərəli mexanizmə çevrilməsinə də töhfə verə bilər. Bakı və Daşkəndin mövqelərinin yaxınlaşdırılması Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin daha sistemli şəkildə inkişafına imkan yaradar.

Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana yeni səfəri həm ikitərəfli, həmdə müttəfiq olduqları təşkilatlar baxımından böyük əhəmiyyət daşıyacaq.  Səfər siyasi və iqtisadi məsələlərlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi və C6 formatında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından da yaddaqalan olacaq. 

Paralel olaraq bu səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin praktiki məzmununun daha da zənginləşməsinə xidmət edəcək.  Xüsusilə dövlət başçıları səviyyəsində əldə ediləcək yeni razılaşmalar siyasi münasibətlərin iqtisadi və regional əməkdaşlığa çevrilməsini sürətləndirə bilər. Bakı və Daşkəndin birgə təşəbbüsləri həm ikitərəfli münasibətlərin, həm TDT daxilində əməkdaşlığın, həm də C6 formatında Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin yeni mərhələyə keçməsinə şərait yarada bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31