Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm

Prezident İlham Əliyev: Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm

26.07.2017 [09:05]

“Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir”
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin formalaşdırılıb
Şübhəsiz ki, Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin nəticəsidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin formalaşdırılıb.
İlk növbədə qeyd etmək lazımdır ki, ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm addımlardan biri mətbuatın böyük hamisi olan Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi oldu. Sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm işlər görüldü, informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı. Bundan başqa, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Beləliklə, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış tarixi bir addım idi.
Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha Azərbaycan dövlətinin mediaya yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.
Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir
Bunlarla yanaşı, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın cari il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yeri gəlmişkən, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin, gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”.
Onu da vurğulamaq gərəkdir ki, qısa müddətdə Bakıda belə bir müasir jurnalistlər şəhərciyinin yaradılması bütövlükdə Azərbaycan mətbuatının inkişafına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dövlətin nümayiş etdirdiyi siyasi iradənin və Prezident İlham Əliyevin humanist siyasətinin ifadəsidir. Məhz, dövlət başçısı tərəfindən ölkəmizdə mediaya, jurnalistlərə göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə, həmçinin 2017-ci ildə “Jurnalistlərin dostu” seçilib. Onu da qeyd edək ki, yuxarıda bəhs olunan çıxışı zamanı dövlət başçısı mətbuata qayğı siyasətinin bundan sonra da davam edəcəyini bildirib: “Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq”.
Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən davamlı şəkildə dəstək verilməsi, jurnalistlərin sosial təminatının gücləndirilməsi, o cümlədən də media təmsilçilərinin mənzil şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin ölkədə fikir plüralizminin təmin olunmasında, bütövlükdə ölkə həyatının demokratikləşməsində mühüm vəsilə olan medianın inkişafına qayğısının növbəti təzahürüdür.
Medianın məsuliyyəti və peşəkarlığı məsələsi diqqət mərkəzindədir
Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb. Həyata keçirilən uğurlu media siyasəti, o cümlədən dövlətin yüksək səviyyəli diqqət və qayğısı nəticəsində həm də media ictimai institut kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu kontekstdə medianın məsuliyyəti və peşəkarlığının artmasında da müsbət dinamika müşahidə edilməkdədir.
Prezident İlham Əliyev sözügedən çıxışı zamanı Azərbaycan jurnalistikasında həqiqət prinsipinin bərqərar olması və obyektivliyin təmin olunmasından, eləcə də yalan məlumatların sayının kəskin şəkildə azalmasından bəhs edərək deyib: “Azərbaycan jurnalistikasına gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var.
Əlbəttə ki, jurnalistika mümkün qədər obyektiv olmalıdır. Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərində çox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir”.
Şübhəsiz ki, həyata keçirilən islahat xarakterli tədbirlərin qanunauyğun nəticəsidir ki, ölkə mətbuatı sağlam jurnalistika kimi xarakterizə olunur, media nümayəndələrinin məsuliyyətli yanaşma və fəaliyyəti milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə peşə məsuliyyətinin artması isə obyektivliyin təmin olunmasını şərtləndirib. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.
Azərbaycan mediası ölkə reallıqları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırır
Bunlarla yanaşı, Azərbaycan mediası ölkə reallıqlarının, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm yüksək fəallıq, həm də peşəkarlıq nümayiş etdirir. “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir”, - deyən dövlətimizin başçısı Azərbaycan mediasının həm ermənilərin qara piar kampaniyasının iflasa uğradılması, həm də reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində roluna toxunaraq vurğulayıb ki, iqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz: “Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.
Beləliklə, Azərbaycan reallıqları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə uğurla çatdırılması həm dövlətimiz, həm də ölkə mediası üçün strateji əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan mətbuatı bu məsələyə olduqca həssaslıqla və məsuliyyətlə yanaşaraq öz üzərinə düşən vəzifələri yerinə yetirir, bu istiqamətdə dövlət siyasətinə maksimum dəstək verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30