Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq birlik Ermənistanın təxribatçı fəaliyyətini kəskin qınayır

Beynəlxalq birlik Ermənistanın təxribatçı fəaliyyətini kəskin qınayır

08.07.2017 [13:06]

ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq adekvat və obyektiv mövqe bildirməsi,
eləcə də beynəlxalq təşkilatların müvafiq reaksiyası məhz Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və gücünün, həmçinin öz haqlı mövqeyini qətiyyətlə müdafiə etməsinin nəticəsidir
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə dünya ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb. Aparıcı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu diqqətə çatdırıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələrinin təxribatının danışıqlar prosesinin pozulmasına hesablandığını bildirirlər
ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci bəyanatında yer alan məqamlara nəzər yetirək. Belə ki, sözügedən bəyanatda təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür. Həmsədrlər aşkar şəkildə və faktiki olaraq bildirirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.
Bununla yanaşı, Ermənistanın informasiya təxribatları da artıq heç bir nəticə vermir. İşğalçı ölkə cəbhə xəttində öz təxribatlarını ört-basdır etmək üçün yalan məlumatlar, dezinformasiyalar yayır. Amma mövcud reallıqların fonunda beynəlxalq ictimaiyyətə məlumdur ki, guya azərbaycanlıların yaşadığı məntəqələrdə atəş nöqtələrinin olması barədə Ermənistan tərəfinin iddiaları yalan və öz cinayətlərini kobud şəkildə ört-basdır etmək cəhdidir. Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində məhz bu faktın şahidi olublar.
ATƏT-in Minsk qrupu həmsədrlərinin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışlarını da xüsusi qeyd etmək lazımdır. Bu, olduqca mühüm məqamdır, çünki işğalçı ölkənin azərbaycanlılara qarşı terror və soyqırımı siyasəti Cenevrə konvensiyalarının tələblərinin pozulduğunu sübut edir.
Başqa bir məqam isə budur ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu mütəmadi olaraq atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğuna şahidlik edir. Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra 1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırışı bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.
Avropa İttifaqı, Avropa Parlamenti və Avronest qəti mövqe ifadə edib
Bunlarla yanaşı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə bəyanatında da Füzuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlıq ifadə olunub. Bəyanatda münaqişənin tez bir zamanda siyasi yolla - beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmasına çağırış edilməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunması bir məqamı aşkar şəkildə ifadə edir ki, bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyirlər. Yəni qəti və konkret mövqe budur ki, Dağlıq Qarabağ münaqişəsi qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun öz həllini tapmalıdır. Eyni zamanda, ATƏT-in son bəyanatlarının xarakterini nəzərə alaraq deyə bilərik ki, bu qurumların ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək deməkdir.
ABŞ Ermənistanı təxribatçı hərəkətlərə son qoymağa çağırır
Sadalananlarla yanaşı, ABŞ Dövlət Departamenti də atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib. Bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd edilir. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır.
Bütövlükdə, ABŞ-ın mövqeyi konkretdir: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüquq normalarına müvafiq olaraq tənzimlənməsinə dair qəti mövqeyini ifadə edir.
Beynəlxalq ictimaiyyətin obyektiv mövqeyi və adekvat reaksiyası nəyi ifadə edir?
Beləliklə, beynəlxalq ictimaiyyətin Ermənistanın iyulun 4-də törətdiyi təxribata adekvat reaksiyası bir sıra məqamları aşkar edir. Əvvəla, beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinin tərəfdarıdır. İkincisi, bəhs olunan yanaşma və mövqelər deməyə əsas verir ki, Ermənistanı beynəlxalq hüquq normaları və danışıqlar prosesini pozan, həmçinin təxribatçı hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə yaradan tərəf kimi səciyyələndirir. Üçüncüsü, Azərbaycanın haqlı tərəf olduğu beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilir, Ermənistana isə təxribatçı hərəkətlərdən - pozucu fəaliyyətdən çəkinmək çağırışı edilir. Dördüncüsü, ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq adekvat və obyektiv mövqe bildirməsi, eləcə də beynəlxalq təşkilatların müvafiq reaksiyası məhz Azərbaycanın öz haqlı mövqeyini qətiyyətlə müdafiə etməsinin, yüksək beynəlxalq nüfuzunun və gücünün nəticəsidir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31